İranla ortaq layihələr risklidirmi - iqtisadçıdan maraqlı açıqlama

26-10-2021, 09:18           
İranla ortaq layihələr risklidirmi -
Natiq Cəfərli: “Elə əlaqələr yaratmaq və bunu elə bir alqoritmlə qurmaq lazımdır ki, İran tərəfindən gələcəkdə atılacaq hansısa neqativ addımlar özlərinə ziyan olsun”
Ərdəbildən Parsabada, oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək. Bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.

Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.

Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.

İranla Azərbaycan arasında daha öncə də müəyyən ortaq iqtisadi layihələr müzakirə olunub. Lakin müəyyən səbəblərdən onların icrası təxirə düşüb. Qeyd edək ki, elə Ərdəbil dəmir yolu layihəsinin tikinti işlərinin başlanmasını İranın sabiq prezidenti Məhəmməd Xatəmi 2002-ci ildə vilayətə səfəri zamanı açıqlamışdı. Təxminən 20 ilə yaxın sürən bu layihənin tamamlanması hələ ki mümkün olmayıb. İran mediasında verilən məlumata görə, iki onillik ərzində rəsmilər “dağlıq və çətin ərazilərdə olması” və “büdcə çatışmazlığı” kimi səbəblərdən dolayı dəmir yolunun tikinti işlərinin gecikdiyini bildiriblər.

Azərbaycan və İran arasında razılıq əldə olunub

Bununla yanaşı, baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin 18 yanvar 2021-ci ildə İran İslam Respublikasına səfəri zamanı da iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunmuşdu.

Bəs görəsən, son iki ayda olduğu kimi, iki ölkə arasındakı gərginlik təkrarlanarsa, bu zaman ortaq iqtisadi layihələr də təhlükəyə düşərmi? Azərbaycanın İranla iri regional layihələr çərçivəsində iqtisadi əməkdaşlığının riskləri varmı?


Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın İranla münasibətlərində son gərginlik Azərbaycandan qaynaqlanmırdı: “Bəzi hallarda İran tərəfindən Azərbaycan tərəfinin suallarına səbəb ola biləcək addımlar atıldı. Nəticə etibarilə də İran dövlətinin özünün maraqlarının zədələndiyi üzə çıxdı. Çünki son zamanlar Iranla Azərbaycan arasında iqtisadi münasibətlər kifayət qədər yüksələn templə inkişaf edirdi. Son gəlişmələr, logistik koridorların açılması, yeni yolların mümkünlüyü əslində İran üçün çox sərfəlidir. Çünki uzun zamandır izolyasiya və sanksiyalar altında yaşayan İran Qərbə çıxış üçün, Şimala çıxış üçün, həm Rusiyaya, həm Orta Asiya respublikalarına çıxış üçün Azərbaycandan istifadə edirdi. Azərbaycan da 2016-cı ildən bəri o sərtləşən sanksiyaların bir çoxuna qoşulmadı. Yəni qonşuluq jesti olaraq bunu etmədi”.

Ekspertin sözlərinə görə, son zamanlardakı gərginlik anlaşılan deyildi: “Çünki İran tərəfə çox sərf eləyən yeni bir situasiya yaranır. Əslində Şimal-Cənub koridorunun açılması, Şərq-Qərb koridoru ilə birləşməsi, yeni dəhlizin açılması, Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması İran üçün əlavə fürsətlər yaradır. Ona görə də iqtisadi nöqteyi-nəzərdən İran uduşlu çıxmalıdır. Bu proseslərin və son yumşalmanın, münasibətləri düzəltmə cəhdlərinin səbəbi də ondan qaynaqlanır ki, İran münasibətlərin pozulmasının özünün iqtisadi maraqlarına ziddi olduğunu anladı. İqtisadi maraqları arxa planda tutub hansısa bir mifik, geopolitik siyasi maraqlar, hansısa bir tarixi, geosiyasi oyunlar üçün Azərbaycanla əlaqələri korlaması məntiqli deyildi”.

N.Cəfərli hesab edir ki, münasibətlərin getdikcə normallaşması davam edəcək: “Çox güman ki, Şimal-Cənub koridorunun açılması məsələsi də həllini tapacaq. Yaxın zamanlarda İranın bütün bu layihələrdə yer alması ancaq logistik olaraq və iqtisadi olaraq bu dövlətə üstünlüklər gətirəcək. Amma Azərbaycan tərəfi də, rəsmi qurumlar da yəqin ki, son olaylardan müəyyən dərslər çıxartdılar. Gələcəkdə hansısa bir formada gərginliyin olması ehtimallarını nəzərə alaraq müəyyən dərəcədə qarşılıqlı asılılığın yaradılması mümkündür. Yəni elə əlaqələr yaratmaq və bunu elə bir alqoritmlə qurmaq lazımdır ki, İran tərəfindən gələcəkdə atılacaq hansısa neqativ addımlar özlərinə ziyan olsun. Belə bir konfiqurasiya yaratmaq mümkündür və mənə elə gəlir ki, Azərbaycan tərəfi də İranın maraqlarını nəzərə alaraq, gələcəkdə hansısa neqativ addımlar atmayacağına zəmanət olaraq, iqtisadi münasibətlərdə qarşılıqlı asılılığın yaradılması üçün müəyyən tədbirlər görəcək”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.