İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir – Detallar açıqlandı

1-09-2024, 00:11           
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir – Detallar açıqlandı
Politoloq Qabil Hüseynli sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Rusiyanın fəallığı fonunda Azərbaycan və Ermənistanın sülh danışıqları üçün yenidən Moskva formatına qayıtması ilə bağlı iddialar səslənir. Tərəflərin bu müstəvidə müzakirələrə qayıtmaq ehtimalı varmı?

– Təxminən iki-üç ay öncə Rusiya vasitəçilik missiyasından məhrum edildi. O da çox rahatlıqla bu missiyadan uzaqlaşdı. İndi isə Rusiyanın yenidən bu istəyə düşməsi, israrla bunu tələb etməsi təəccüb doğurur. İddialar var ki, rəsmi Moskva Ermənistanın Qərbə meyillənməsini sakit şəkildə seyr edə bilmir. Ermənistanı təsir dairəsində saxlamaq üçün Kreml müxtəlif rıçaqlardan, o cümlədən vasitəçilik məsələsindən istifadəni önə çəkir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Ermənistan isə Rusiyanın olduğu masada əyləşmək niyyətində olmadığını bəyan edir. İrəvan Moskvanı Azərbaycanla nizamlama prosesinə yaxın buraxmaq istəmir. Ona görə də mürəkkəb bir situasiya yaranıb.

Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın açıq mövqeyi prosesin irəliləməsinə necə təsir edə bilər?

– Dəhlizlə bağlı Rusiyanın mövqeyinə baxmayaraq bu məsələnin bir qədər də mürəkkəbləşməsinin şahidi oluruq. Çünki İran bu məsələyə aid oldu-olmadı yeni əngəllər yaratmağa çalışır. Tehranın iddiasına görə, dəhliz məsələsinə o zaman razılıq verəcəklər ki, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycandan keçməsin.

– Tehran bu mövqeyini nə ilə əsaslandırır? Ermənistan ərazisindən keçəcək bir dəhlizə İranın bu qədər həssas yanaşmasına səbəb nədir?

– İran dəmir yolu xəttini Ənzəli limanına qədər gətirdiyini iddia edir. Yüklərin Ənzəlidən paromlarla Həştərxan limanına göndərilməsi təklif olunur. Buradan da həmin yüklərin Rusiyaya çatdırılmasının təmin ediləcəyi deyilir.

– Rusiyanın bu təklifə razılıq verməsi fonunda İran Zəngəzur dəhlizinin açılmasına necə yanaşacaq?

– Əgər Moskva buna razı olacaqsa, İran da Zəngəzur dəhlizinin açılmasına müsbət baxacağını bildirir. Görünən odur ki, İran və digərləri özünün bölgədə fövqəlgüc hesab etməyə başlayıb. Faktiki olaraq İranın oynadığı qeyri-konstruktiv rol prosesləri məcrasından çıxardır. Onun Ermənistan ərazisindən keçən bir dəhlizlə bağlı mövqe bildirməyə haqqı yoxdur. İran Azərbaycanla əldə edilmiş razılıq əsasında Astara çayı üzərində tikilmiş körpülərin necə başa gəldiyinə diqqət ayırmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.