Universitetlər tələbələri belə aldadır – VACİB MƏLUMAT
14-09-2024, 17:40
“Yeni tədris ili başlayanda gündəmə gələn məsələlərdən biri də əksər universitetlərdə bir çox ixtisaslar üzrə təhsil haqqının yüksək olmasıdır. Biz ixtisas seçimində abituriyentlərə dəstək verərkən hər ixtisasın ödənişli əsasları üçün tələb olunan təhsil haqqını dilə gətirəndə bir çox abituriyentlər və onların valideynləri öz istəklərinin əksinə hərəkət etməyə məcbur oldular. Çünki, həqiqətən də, bəzi ixtisaslara tələb olunan illik təhsil haqqı ailənin sosial rifahının tam əksinədir”. Bu fikirləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Elmin Nuri ali məktəblərdə illik təhsil haqqının həddən artıq yüksək olması ilə bağlı sualları cavablandırarkən bildirib. Qeyd edib ki,Azərbaycanda fəaliyyət göstərən bir çox universitetlərdə, əsasən də, özəl ali təhsil ocaqlarında tələb olunan illik təhsil haqqı əhalinin ümumi gəliri və sosial durumu ilə nisbətdə ziddiyyət təşkil edir:
“Təəssüflər olsun ki, bu həmahəngliyin qorunması mümkün olmadı. Yalnız bir neçə universitet buna əməl etməyə çalışır. Artıq həmin universitetlər də bir neçə ildir ki, cuzi də olsa, illik təhsil haqqını artırmağa çalışırlar. Bu artımlar düşünüldüyü qədər cuzi olmur. Elə universitet var ki, birdən-birə bütün ixtisaslar üzrə illik təhsil haqqını 300 manat artırıb, digəri isə 100 manat. Eləsi də var, müəyyən ixtisasların illik ödənişini artırır. Təbii ki, məbləğləri olduğu kimi saxlayan ali təhsil ocaqları da var. Ancaq burada azalmadan heç bir söhbət gedə bilməz. Bu reallığa nəzər salanda çox gülünc olar.
Bir sıra rəsmi və qeyri-rəsmi görüşlər daxilində universitet rəhbərləri ilə qarşılaşmalarımız olur. Bu zaman isə onların ən çox şikayətləndiyi məqam illik təhsil haqlarının aşağı məbləğdə olmasıdır. Baxın, bir tərəfdə bahalıqdan şikayətlənən valideynlər, digərində məbləğin az olmasından gileylənən rəhbərlik… Onları müəyyən mənada başa düşmək olar. Çünki bizdə universitet başqa prizmadan gəlir əldə edğ bilmir. Universitetlərimizin elm-marketinq, elm-biznes, elm-istehsalat əlaqəsi sıfırdır, gəlir qazanmaq faizi yox dərəcəsindədir. Bu səbəbdən xərc adı ilə bütün məbləği illik təhsil haqqı vasitəsi ilə tələbəyə yükləyirlər. Nəticədə tələblər artdıqca, sözü gedən məbləğ də artır. Biz bu il də təhsil haqlarında müəyyən dərəcədə artımların şahidi olduq. Şübhəsiz ki, həmin tendensiya növbəti illərdə də davam edəcək”.
Ekspert təhsil haqqının artırılmasına səbəb olan nüanslara belə aydınlıq gətirib:
“İllik təhsil haqqının artmasında iki amil əsas rol oynayır. Birincisi ixtisas üçün tələb olunan xərclərdir. Tutaq ki, tibb ixtisasında təhsil almaq üçün müəyyən avadanlıqlar lazımdır və bu da bir sıra xərc tələb edir. Çünki tibbdə oxumaq filologiyada oxumaq deyil. Bu, praktiki və kliniki səriştə tələb edən bir məsələdir. Avadanlıqlara xərclənən vəsait artdıqca, tələbə üçün müəyyən olunan təhsil haqqı da bahalaşır. Hüquq ixtisasında isə prestij və tələb-təklif məsələsi təhsil haqqının artımına səbəb olur. Xarici ölkələrdə, elə Türkiyənin özündə də illik təhsil haqqı tibb ixtisası üçün elə də az məbləğ deyil. Həmin ölkədə də tibb və onun kimi prestijli ixtisaslar digərlərindən iki, bəlkə də üç dəfə çoxdur. İnformasiya texnologiyaları kimi ixtisaslarda da qiymət artımına normal yanaşmaq olar. Çünki həmin ixtisasda təhsil almaq üçün müəyyən laborator şərait və bir sıra texniki avadanlıqlar lazımdır. Yəni, yalnız kitabın ümidinə qalan təhsil deyil. Amma humanitar və ictimai – sosial sahələrdəki ixtisaslar var ki, orada təhsil haqqının artırılmasını mən qəti başa düşmürəm. Məsələn, tutaq ki, ötən illəri filologiya ixtisası üçün 1500 manat təhsil haqqı tələb edilirdisə, bu il nə dəyişdi ki, həmin məbləğ 1700 manat oldu? Bir az real olmaq lazımdır. Bu səbəbdən vəziyyət çox qarışıqdır. Biz haqlı olaraq artan təhsil haqqını bir sıra ixtisaslarda səbəbsiz yerə artırılan təhsil haqqı ilə səhv salırıq”.