Azərbaycan dünyada nüfuz və söz sahibidir

8-09-2024, 11:44           
Azərbaycan dünyada nüfuz və söz sahibidir
Bu gün regionun lider ölkəsi olan Azərbaycanın iştirakı olmadan, heç bir strateji layihənin reallaşması mümkün deyil. Ölkəmiz dünya siyasətində və iqtisadiyyatında da əsas aktorlardandır. Azərbaycanın rəhbərlik etdiyi, təşkilatçısı olduğu bütün tədbirlər, meqa layihələr uğurla həyata keçirilir. Bir faktı söyləmək yerinə düşər, 2019-cu ilə qədər Qoşulmama Hərəkatının fəaliyyəti bir o qədər də gözə çarpmırdı, say etibarı ilə dünya ölkələrinin əksəriyyətini özündə birləşdirsə də digər beynəlxalq səviyyəli birlik və təşkilatların kölgəsində qalmışdı. Azərbaycanın quruma sədrliyi onun fəaliyyətində bir canlanmaya yaratdı, Qoşulmama Hərəkatının nüfuzu yüksəldi, qəbul etdiyi kollektiv qərarlar dünya birliyi tərəfindən qəbul edildi. Bu intibahın səbəbkarı da yenə Azərbaycan oldu.
Azərbaycanın Qərb dünyası ilə münasibətləri kifayət qədər şaxəlidir. Bütün sahələrdə inkişafdan, yeniliklərdən danışmaq olar. Prezident İlham Əliyevin son iki ayda Avropanın bir neçə ölkəsinə işgüzar və dövlət səfərlərinə getməsi, orada mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə, ikitərəfli görüşlərdə iştirakı bunu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün əvəzedilməz partnyora çevrilməkdədir. Bu gün Avropanın 10 ölkəsinin təbii yanacağa olan ehtiyacının Azərbaycan tərəfindən həll edilməsi, başlanan müqavilələr əsasında həmin ölkələrin enerji təhlükəsizliyində Azərbaycanın başlıca rol oynaması diqqətə alınmalıdır.
Sentyabrın 4-6-da Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasında dövlət səfərində olub. Bu ölkənin prezidenti və Baş naziri tərəfində çox səmimi qarşılanan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib və qeyd edib ki, müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilib, əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var. Dövlətimizin başçısı bu fikirləri Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı söyləyib. Əlavə edib ki, yüksək səviyyəli təmaslarımız bizim çox yaxın tərəfdaşlar olduğumuzu sübut edir.
Qeyd olunmalıdır ki, Azərbaycan-İtaliya siyasi əlaqələri strateji əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanır. İtaliya Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında əsas tranzit və istehlakçı ölkələrdəndir. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliya Azərbaycan qazını Avropaya nəql edilməsində önəmli mövqeyə malikdir. Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi də müzakirə edilib. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Bu fikirlər İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumda da vurğulanıb. Sayca 50-ci olan Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışında Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşmasında önəmli rol oynadığına toxunulub. Mötəbər Forumda Prezident İlham Əliyevin hörmətli qonaq qismində iştirakı ölkəmizin dünyada yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun təzahürü kimi qiymətləndirilib.
Azərbaycan bu gün həm də barışdırıcı mövqeyi ilə tanınan ölkədir. Türkyə ilə Rusiya arasında təyyarə insidentindən sonra Azərbaycanın hər iki ölkəni barış masasına dəvət etməsi, Bakıda ABŞ-la Rusiyanın hərbi idarələrinə rəhbərlik edən şəxslərin görüşünün təşkili, Gürcüstanla Rusiya arasında savaşın daha geniş şəkil almaması üçün rəsmi Bakının vasitəçilik etməsi ölkəmizin sülhpərvər missiyasında xəbər verir. Azərbaycan Prezidentinin İtaliyada Beynəlxalq Forumda çıxışı zamanı dediyi fikirlər də buna sübutdur. İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib: “Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”.
Bir daha vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin İtaliyaya budəfəki səfəri münasibətlərdə yeni səhifə açacaq. İtaliya Azərbaycanla uzun perspektivdə siyasi, iqtisadi və mədəni əlaqələrini qoruyub saxlamaqda davam edəcək, iki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək. Unutmayaq, Azərbaycan Cənubi Qafqazın dinamik inkişaf edən lider dövlətidir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.