Dilqəm və Şahbaza görə 2 qurum arasında qalmaqal - Onların girov olmadığı iddia olunur
8-12-2015, 20:58
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov kimi tanımır.
ANS PRESS-in məlumatına görə, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova girovlar haqqında məlumat verərkən deyib.
"Girov - qanun pozuntusudur. Girovu heç bir hüququ olmayan şəxs saxlaya bilər. Münaqişə tərəfdən bir nəfərin digər tərəfə düşməsi, onun orada saxlanılmasıdır. Əgər digər tərəfə düşən hərbçidirsə, ona hərbi əsir, əgər mülki şəxsdirsə, saxlanılan şəxs deyilir", - deyə qurum rəsmisi bildirdi.
Məsələ ilə razı olmayan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyir ki, Dilqəm də, Şahbaz da girovdur, onlara başqa ad vermək düzgün deyil.
"Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ata-babalarının qəbirlərini ziyarət edərkən, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən girov götürülüblər. Bu, hətta, Cenevrə konvensiyasiyaları və onun əlavə protokolları ilə tənzimlənir. Ona görə də onların statusu, məhz, girov xarakteri daşıyır", - deyə mətbuat xidmətinin rəhbəri qeyd etdi.
Hikmət Hacıyev onu da əlavə etdi ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin bu şəxslər üzərində təşkil etdiyi "məhkəmə" prosesinin heç bir hüquqi əsası yoxdur, ola da bilməz.
"Azərbaycan ərazisində bir məhkəmə var, o da Azərbaycan Respublikasının Ali məhkəməsidir ki, konstitusiya ilə tənzim olunur. Əgər hansısa qurum Dilqəm və Şahbazı girov kimi qəbul etmirsə, onda, belə çıxır ki, onlar qondarma rejimin məhkəməsinin yurikdiksiyasını qəbul edirlər...", - deyə Hikmət Hacıyev vurğuladı.
Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən ilin iyulunda girov götürülüb, dekabr ayında isə üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.