Ələsgər Siyablı: “Elçibəyin Heydər Əliyevə sevgisinin olduğunu şişirtməyə ehtiyac yoxdur"

9-12-2015, 15:43           
Ələsgər Siyablı: “Elçibəyin Heydər Əliyevə sevgisinin olduğunu şişirtməyə ehtiyac yoxdur"
Bir vaxtlar AXC Naxçıvan Muxtar Respublikasının Müdafiə Komitəsinin sədri olan Oqtay Bəxşəliyevin və Heydər Əliyevin ilk mühafizəçisi Əmir Hüseynovun Strateq.az-a verdiyi müsahibələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Müsahiblərimizin fikirləriylə razılaşanlar da, razılaşmayanlar da var.

Redaksiyamıza məktub göndərib iddialarla bağlı öz mövqeyini açıqlayanlardan biri də mühacirətdə yaşayan hörmətli ziyalımız Ələsgər Siyablıdır.

Qeyd edək ki, Oqtay Bəxşəliyev müsahibəsində Heydər Əliyevin Bakıda mühafizəsinin Ələsgər Siyablı tərəfindən təşkil olunduğunu bildirmişdi. Hörmətli alimimiz də məktubunda bu nüansa aydınlıq gətirib.

Oxucular üçün maraqlı olacağını və tarixə işıq tutacağını düşünüb həmin məktubu təqdim edirik:



"Hörmətli Heydər Oğuz!

Oqtay bəy Bəxşəliyev sizə verdiyi müsahibəsində Heydər Əliyevin Bakıya səfəri zamanı mühafizəsinin təşkil olunması məsələsini nəql edərkən onun mühafizəsinin təşkilinin guya Əbülfəz Elçibəy tərəfindən mənə həvalə olundugunu iddia edir. Hadisənin birbasa istirakçisi kimi bu məsələyə aydınlıq gətirməyi özümə borc billərək həmin hadisənin gerçək mahiyyətini sizinlə və oxucularla bölüşməyi qərara aldım.

Həmin vaxtlarda mən AXC xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdım, istər Naxçıvan, ermənistanlı, istərsə də digər rayonlardan olan cəbhəçilər Bakıya AXC qərargahına gəldikləri zaman mütləq bizim şöbəyə baş vurur, çay icir, söhbət edirdilər. Heydər Əliyev Bakıya gəlmədən xeyli əvvəl Naxçıvandan Əmir və Abdulla mənim yanıma gəldilər və xahiş etdilər ki, onları Elçibəylə görüşdürüm. Mən onların görüş məqsədi ilə maraqlandım, çünki onlar Naxçıvan AXC rəhbərliyinə daxil deyildilər və oradakı hər hansı problemi müzakirə etmək üçün AXC sədri ilə Muxtar Respublika cəbhəçilərinin rəhbərləri görüşüb müzakirə apara bilərdilər.

Əmir və Abdulla mənə dedilər ki, onları Heydər Əliyev göndərib və Elçibəyə deyəcəkləri mühüm sözləri var. Mən yenə də təkid etdim ki, onların Elçibəyə catdıracaqları mühüm xəbər nədən ibarətdirsə, bu haqda öncə mənə məlumat versinlər. Cavabında dedilər ki, Heydər Əliyev Bakıya gəlmək istəyir, lakin həyatına təhlükə olacağından ehtiyat edir və Elçibəydən xahiş edir ki, AXC Bakıda onun mühafizəsini təşkil etsin.

Məsələnin mühümlüyünü nəzərə alıb Elçibəylə görüşdüm və onlarla birlikdə bəyin qəbuluna getdik. Elçibəy Əmir və Abdullanı diqqətlə dinlədi və cavab verdi ki, AXC təşkilat olaraq Heydər Əliyevin mühafizəsi məsuliyyətini öz üzərinə götürə bilməz. Heydər Əliyevin Bakıda çoxlu tərəfdarları və yaxın adamları var ki, onlar mühafizənin öhdəsindən layiqincə gələ bilərlər və maraqlandı ki, bu mühafizə məsələsini daha kimlərlə müzakirə ediblər. Əmir və Abdulla bəyə bildirdilər ki, bu məsələni əsasən Sabunçu rayonunun polis rəisi Etibar Qazıbəyovla müzakirə ediblər və o, mühafizənin əsas ağırlığını öz boynuna götürüb, əgər AXC də bu işə dəstək versə, Heydər Əliyevin təhlükəsizliyi tam təmin olunar.

Elçibəy yenə də qətiyyətlə bildirdi ki, Xalq Cəbhəsi bu məsuliyyəti öz üzərinə götürə bilməz. O zaman Əmir və Abdulla dedilər ki, şəhərin hər hansı bir yerində görüşüb Heydər Əliyevin mühafizəsi məsələsini müzakirə və təşkil etmək çox təhlükəlidir və bəydən xahiş etdilər ki, bu işə cəlb edəcəkləri adamlarla AXC gərargahında görüşməyə icazə versin. Bəy cavabında dedi ki, siz cəbhəçisiniz və istədiyiniz vaxt istədiyiniz adamlarla gərargahda görüsə bilərsiniz və mənə də göstəriş verdi ki, onların görüşləri və müzakirələri üçün şərait yarat.

Bundan sonra Əmir və Abdulla dəfələrlə müxtəlif adamlarla və xüsusən də Heydər Əliyevə simpatiyası olan cəbhəçilərlə müntəzəm görüşərək mühafizənin təşkili məsələsini müzakirə etdilər. Bu görüş və müzakirələrdə o zaman mənim müdiri olduğum şöbəyə hər gün təşrif buyuran yaxın münasibətlərdə oldugum Eldar, Həsən Zeynalov, Hafiz Hacıyev, rəssam Məmməd Şirzadov və basqaları da yaxından istirak edirdilər və Heydər Əliyevi öz maşınları və yaxın adamları ilə aeroportda qarşılamağa, heç kəsin göstərişi olmadan könüllü surətdə qərarlaşdırdılar. Etibar Qazıbəyov da bir neçə dəfə AXC qərargahına gəldi.

Mən heç bir vaxt heç bir siyahı tərtib etməmişəm. Naxçıvanda Heydər Əliyevin mühafizəsinin təşkil edilməsi üçün Elçibəyin göstəriş verməsi haqqında məlumatım olmadığından bir şey deyə bilmərəm, ancaq mən yenə də bu məlumata inanmıram.

İstər Oqtay bəy, istərsə Əmir bəy Bakıda Heydər Əliyevin mühafizəsində öz rollarını xüsusi olaraq qabartmağa çalışsalar da, bu işi öz həyatı bahasına, bütün təhlükələri göz önünə alaraq təşkil edən və bu mühafizəni həyata keçirən Sabunçu rayonunun o zamankı polis rəisi olan və Əliyevlərlə də yaxın qohumluq əlaqələrinə malik olan Etibar Qazıbəyov idi. Nədənsə həm Əmir bəy, həm də Oqtay bəy Etibarın adını hallandırmırlar və bu məsələnin üstündən sükutla keçirlər.

Elçibəyin guya Heydər Əliyevə olan xüsusi rəğbətini hədsiz şişirtməyə də ehtiyac yoxdur. Bəy Əliyevin idarəçilk prinsiplərini amansız tənqidə məruz qoymaqla yanaşı, onun bəzi müsbət cəhətlərini də öz müsahibə və yazılarında askar surətdə dilə gətirmişdir. Elçibəyin hamımızın qəddar, amansız rəhbər kimi tanıdığımız Mircəfər Bağırova münasibəti də birmənalı deyildi və Bağırovun Azərbaycan xalqı qarşısında mühüm xidmətləri olduğunu xüsusi vurğulayırdı.

Hörmətlə: Ələsgər Siyablı"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.