İlham Əliyev: Manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi

12-01-2016, 00:33           

2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməyib. Bu da mümkün deyildi”.

Bunu Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, neftin qiyməti 3-4 dəfə aşağı düşməsi manatın məzənnəsinin əvvəlki səviyyədə qalmasına imkan verməyib:

“Manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Eyni zamanda, qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğrayıb. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranıb”.

Prezident bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini sırf iqtisadi amillərlə bağlamaq doğru deyil:

“Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərib. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”.

Prezident vurğulayıb ki, regionların inkişafı 2015-ci ildə sürətlə gedib.

“Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Yenə də burada biz müsbət dinamikanı görürük. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.