RUSİYA VƏ ABŞ XƏFİYYƏLƏRİNDƏN XƏBƏRDARLIQ – “Putin nüvə silahına əl ata bilər”

1-05-2015, 10:42           

ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalaq təhlükəsizlik məsələləri üzrə müavini Rouz Qettemyüller Yaponiyanın “Kyodo News” informasiya agentliyinə verdiyi müsahibəsində, Rusiya prezidenti Vladimir Putini nüvə silahından istfadə etmək barəsində söylədiyi sözlərinə görə, kəskin tənqid atəşinə tutub.

Məsələ ilə əlaqədar olaraq, Qettemyüller deyib: “Nüvə silahından istifadə edilməsi və nüvə silahının yüksək hazırlıq vəziyyətinə gətirilmsı haqqında söylənilən bu cür məsuliyyətsiz sözlərdən sonra, biz dərin narahatlıq hissi keçiririk. Çünki hazırda nüvə silahından istifadə olunması məsələsinin ortalığa atılmasına bəraət qazandıra biləcək heç bir təhlükə yoxdur”.

Qettemyüllerin bu bəyanatı Rusiyanın keçmiş xüsusi xidmət keşmiş məmurlarının öz amerikalı həmkarları ilə görüşündən sonra səslənib.

“The London Times” qəzeti məlumat verib ki, keçən ay ABŞ və Rusiyanın təhlükəsizlik xidmətinin keçmiş rəhbərləri arasında görüş keçirilib. Qəzetin yazdığına görə, görüş zamanı Rusiya tərəfi bildirib ki, əgər NATO Baltik ölkələrindəki hərbi gücünü artırmaqda davam edərsə, onda Putin nüvə silahı da daxil olmaqla, müxtəlif spektrli cavab tədbirlərinə əl atacaq. Əlavə olaraq, ruslar onu da deyiblər ki, keçmiş soyuq müharibə rəqibləri arasında nüvə toqquşmasına gətirib çıxara biləcək üç gərginlik ocağı var. Bunlar – Krım, şərqi Ukrayna və Baltik ölkələridir. Həmçinin verilən məlumatda o da qeyd edilir ki, xüsusi xidmət orqanlarının keçmiş rəhbərləri görüşdən əvvəl, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla qısa söhbət ediblər.

Bütün bunlara baxmayaraq, Rusiya tərəfi ”The LondonTimes”qəzetində gedən məqaləni çox tezliklə təkzib edib. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya jurnalistlərinə söyləyib: “Bu xəbər bizim ölkənin bədheybət kimi təqdim olunması yolunda davam edən isteriyanın klassik nümunəsidir. Yəni onlar əvvəlcə heç bir konkret fakta söykənməyən informasiya yayırlar, sonra isə həmin yazdıqlarından özləri qorxmağa başlayırlar”.

Lakin hər halda tamamilə aydındır ki, Qərb və Rusiya Ukrayna və Baltik ölkələri ilə bağlı məsələlərdə mübahisə etdikləri üçün ABŞ ilə Rusiya arasındakı qarşıdurma təhlükəsi getdikcə güclənir. ”The National İnterest” jurnalının son nömrəsində Qeri Ellison və Dmitri Sayms, Rusiya – Amerika münasibətlərinin gərginləşəcəyi xəbərdarlığı ilə yazıblar: ”Siyasətçilər və şərhçilər Amerika–Rusiya müharibəsinin baş verə biləcəyini istisna etsələr də, bizim hamımız soyuq müharibənin qurtarmasından sonra yaranan bu cür hadisələrin gedişindən bərk narahatıq. Bildirmək istərdik ki, bizim birimiz bir həftə öncə Moskvada olub və Putin hakimiyyətinin yaxın adamları və o cümlədən də Rusiyanın nüfuzlu məmurları ilə açıq söhbətlər aparıb, digərimiz isə Çinə gedərək, Pekindəki fikirləri öyrənib. Latviya, Estoniya və Litva NATO blokunun “Axilles dabanı”dır və həmin ölkələrdə cərəyan edən hadisələrin kəskinləşməsi nəticəsində şiddətlənəcək gərginlik, Amerika və Rusiya ordularının bir-birləri ilə vuruşmasına gətirib çıxaracaq”.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.