Qarabağ probleminin 3 mərhələli həlli - Əks halda 1 mərhələli savaş qaçılmazdır

19-04-2016, 12:54           
Qarabağ probleminin 3 mərhələli həlli - Əks halda 1 mərhələli savaş qaçılmazdır
Hərbi əməliyyatların dayandırılması çağırışları Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması üçün təzyiqlərlə müşayiət olunmalıdır.

Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyası Almaniyanın Lansvayler şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərində ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda seminar zamanı çıxışında ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev deyib.

Deputat bildirib ki, hazırki vəziyyət ATƏT tərəfindən qətiyyətli addımlar tələb edir və Azərbaycan yenilənmiş Madrid prinsiplərinin yerinə yetirilməsini tələb edir: "Azərbaycan münaqişənin indiyədək hazırlanmış mərhələli şəkildə effektiv danışıqlar prinsipləri əsasında həllinə hazırdır. Bu prinsiplərə əsasən, ilkin mərhələdə Ermənistan qoşunları Dağlıq Qarabağa daxil olmayan işğal olunmuş beş rayondan - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxarılmalı, ərazi silahsızlaşdırılmalı, məcburi köçkünlər geri qayıtmalı və bütün dəmir yolu, digər nəqliyyat və rabitə xətləri bərpa olunmalıdır. İkinci mərhələdə, işğalçı qoşunlar iki işğal olunmuş Laçın və Kəlbəcər rayonlarından çıxmalı və torpaqlarından qovulmuş bütün azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmalarına icazə verilməlidir. Hadisələrin belə bir ardıcıllıqla inkişafı Dağlıq Qarabağ regionuna Azərbaycanın daxilində aralıq statusu verəcək".

A.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq tanınmış əraziləri hüdudlarında aralıq statusu regionun həm azərbaycanlı, həm də erməni icmalarına lazımi təklükəsizlik zəmanəti və onlara həyat şəraitlərini normallaşdırmaq üçün fürsətlər verəcək: "Üçüncü mərhələdə, Ermənistan və Azərbaycan münasibətləri bərpa olunur və Dağlıq Qarabağın sonuncu statusu Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış əraziləri çərçivəsində müəyyənləşir. Münaqişənin bütün bu həll mərhələləri beynəlxalq ictimaiyyətin dəstəyi ilə Minsk Qrupu formatında həyata keçirilməlidir. Beynəlxalq ictimaiyyətin bu dəstəyinə ATƏT-in çoxmillətli sülhməramlı kontingentinin regiona yerləşdirilməsi də daxildir. Sülhməramlılar polis və mülki müşahidəçi komponentləri qismində, qərəzsizlik və obyektivlik prinsipləri əsasında fəaliyyət gözstərməlidir. Mahiyyətcə, münaqişənin mərhələli həlli və ATƏT-in sülhməramlı kontingentinin bütün elementləri 1994-cü ildə ATƏT-in Budapeşt Sammitində təsdiq olunmuşdur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.