““Taliban” Zəvahiriyə sığınacaq verməklə Doha razılaşmasını kobud şəkildə pozdu” - Blinken

4-08-2022, 07:57           
““Taliban” Zəvahiriyə sığınacaq verməklə Doha razılaşmasını kobud şəkildə pozdu” - Blinken
ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, “Taliban” Əl-Qaidə lideri Ayman əl-Zəvahirini qəbul edərək ona sığınacaq verməklə Doha razılaşmasını kobud şəkildə pozub. Həmçinin, terrorçuların Əfqanıstan ərazisindən digər ölkələrin təhlükəsizliyini təhdid etmək üçün istifadə etməsinə icazə verməyəcəkləri ilə bağlı dünya qarşısında dəfələrlə verdikləri sözə əməl etməyiblər.

ABŞ və “Taliban” sülh sazişini 2020-ci ilin fevralında keçmiş ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə imzalayıb. Razılaşmada deyilirdi ki, ABŞ qoşunlarının Əfqanıstan torpaqlarından çıxarılması ilə “Taliban” zorakılığa son qoyacaq və onun ərazisi terrorçular üçün təhlükəsiz sığınacaq halına gəlməyəcək.

Blinken açıqlamasında deyib ki, “Taliban” həm də Əfqanıstan xalqına və beynəlxalq ictimaiyyət tərəfindən tanınması və münasibətlərin normallaşması istəyinə də xəyanət edib: ““Taliban”ın öz öhdəliklərinə əməl etmək istəməməsi və ya bacarmaması qarşısında biz əfqan xalqını böyük humanitar yardımla dəstəkləməyə və onların, xüsusən də qadın və qızların insan hüquqlarının müdafiəsini müdafiə etməyə davam edəcəyik”.

Əl-Zəvahiri dünyanın ən çox axtarılan terrorçularından biri idi və 2001-ci il 11 sentyabr hücumlarının təşkilatçısı olub.

Misirli cərrah Zəvahiri həm də Usəma Bin Ladenin şəxsi həkimi idi.

2006-cı ilin yanvarında ABŞ Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında Zəvahirini raket zərbəsi ilə öldürməyə cəhd edib. Hücum nəticəsində dörd Əl-Qaidə üzvü öldürülsə də, Zəvahiri sağ qalıb. İki həftə sonra video görünütü paylaşaraq, ABŞ Prezidenti Corc Buşa nə onun, nə də yer üzündəki bütün güclərin onun ölümünü bir saniyə yaxınlaşdıra bilməyəcəyi barədə xəbərdarlıq edib.

Üsəma bin Laden 2011-ci ilin mayında ABŞ qüvvələri tərəfindən öldürüldükdən sonra Zəvahiri Əl-Qaidənin lideri olub. O, qrupun beynəlxalq simvolu və başına 25 milyon ABŞ dolları mükafat qoyulan qlobal terrorçuya çevrilmişdi.

“Əl-Qaidə” terror təşkilatının başçısı, 71 yaşlı Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.