Niyə ermənilər məhz Azərbaycana can atırlar?! – Müraciətlərin PƏRDƏARXASI

10-08-2022, 19:01           
Niyə ermənilər məhz Azərbaycana can atırlar?! –
Azərbaycan Ordusu tərəfindən keçirilən “Qisas” antiterror əməliyyatından sonra ermənilərin təşvişi aydın şəkildə duyulur. Belə ki, onlar ardıcıl olaraq Prezident İlham Əliyevə müraciətlər ünvanlayırlar.
Ötən gün İslamı qəbul edən erməni qadın Aqunik Abovyan ölkə başçımıza müraciət edib və Bakıya gəlmək üçün ondan icazə istəyib. O, bu barədə müraciətini sosial şəbəkə hesabından paylaşıb.Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir.

“Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”, - deyə o sözlərini yekunlaşdırıb.
Digər tərəfdən Ermənistan vətəndaşı olan Vaqe Qambaryan da Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu ifadə edib. Qambaryan, həmçinin Xankəndində yaşamaq niyyətini də dilə gətirib. O, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl erməni fəal, bloqer İşxan Verdyan da eyni tipli müraciət hazırlayıb. Dia.az-ın məlumatına görə, yuxarıda qeyd olunan müraciətlərin məqsədləri haqqında “Sherg.az”a danışan politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu bildirib ki, buradakı niyyətlər fərqli ola bilər:

“Onlar bununla erməni cəmiyyətində qıcıq yaratmaq, ermənilərdə millətçiliyi qızışdırmaq kimi məqsədlər güdə bilərlər. Həmçinin kimlərsə sadəcə Ermənistan şəraitində yaşamaqdan bezib və köçmək istədiyinə görə müraciət ünvanlaya bilər. Burada sual yaradan məqam ermənilərin məhz Azərbaycana belə can atmasıdır. Niyə başqa ölkələr seçmirlər? Axı MDB məkanında bizdən başqa xeyli ölkə var. Bu çox maraqlıdır. Düşünürəm ki, bunun arxasında bizə hələ də tam aydın olmayan hansısa bir məkrli niyyət dayana bilər. Tam əminliklə demirəm, amma ola bilər. Bəlkə də, kimsə, fikirləşə bilər ki, Azərbaycan bir növ düşmən ölkə olduğu üçün bunu göstərməmək adına sığınacaq istəyən ermənilərə daha yaxşı şərait yarada bilər”.

Bu vəziyyətdə Azərbaycanın tutmalı olduğu mövqedən bəhs edən politoloq hesab edir ki, hər bir halda müraciətlərə fərdi qaydada yanaşılmaldır:

“Bunun ətrafında ucuz təbliğat qurulacaqsa, aşağı səviyyədə hay-küy qaldırılacaqsa, əlbəttə ki, bunun bizə yalnız ziyanı ola bilər. Ermənilərin siyasətini, güclü diaspor təşkilatlarını da unutmamalıyıq. Onlar bu müraciətlərdən fərqli formada - öz maraqlarına uyğun şəkildə istifadə edə bilərlər.

“Azərbaycan insanları pulla alır”, “özünə imic yartmaq istəyir” kimi fikirləri ortaya ata bilərlər. Ona görə bütün bu hallara ehtiyatla yanaşmaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.