Qismən səfərbərlik: Putin təhlükəli oyunda "əlini möhkəmləndirir"

25-09-2022, 00:02           
Qismən səfərbərlik:
Bir neçə ay əvvəl Kreml Ukraynanı hərbi müdaxilə etmək planlarının olduğunu təkzib etmişdi. Bu yaxınlarda Kreml səfərbərlik planlarının olduğunu təkzib etdi. Bundan sonra isə Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbi qulluqçuların "qismən səfərbərliyini" elan edib. Burada bir qanunauyğunluq görürsünüzmü?

Seçim qarşısında qalanda Vladimir Putin həmişə eskalasiyanı seçir. Sonuncu dəfə Rusiya lideri ilə bağlı "deeskalasiya" sözünü bir neçə ay əvvəl eşitmişdim.

Onun xalqa son müraciətində nə Kiyevə "zeytun budağı", nə də ABŞ və ya NATO-ya ünvanlanan barışdırıcı sözlər olub. O, anti-Qərb, anti-Ukrayna ritorikası və təhdidləri ilə dolu idi.

Bu, Putinin hərbi müdaxiləsidir. Bu, onun Qərblə müharibəsidir. O, indi müharibəyə olduqca dərindən qarışıb. Ancaq görünür, buradan bir qalibiyyət çıxarmağa qərarlıdır. Həm Ukraynaya, həm də ümumilikdə Qərbə qarşı.

Bu bir az nüvə silahı təhdidləri və yüz minlərlə ehtiyatda olan rus əsgərini xidmətə çağırmaq tələb etsə belə.

Vladimir Putinin siyasi poker oyunçusu olduğunu tez-tez deyirlər. Keçdiyimiz günlərdə o, verdiyi səfərbərlik qərarı ilə bu təhlükəli oyunda "əlini möhkəmləndirir". Lakin bu bir qumardır. Qismən də olsa səfərbərlik, Putinin indiyə qədər çəkindiyi bir addım idi.

Bəlkə də, bunun səbəbi rusların döyüşməyə çox da həvəsli olmaması ilə bağlı ehtiyat hissi idi.

Axı, əvvəlcə bunun "xüsusi hərbi əməliyyat"dan başqa bir şey olmayacağı deyilirdi (ən azından, Putinin özü bu barədə söz vermişdi).

Rusiya dövlət mediasında "müharibə" sözü hələ də qadağandır. Və əgər bu müharibə deyilsə, niyə səfərbərlik elan edilir?

Putinin problemi Ukraynanın işğalının əvvəlcədən planlaşdırdığı kimi getməməsidir.

Qərbin silahları ilə dəstəklənən Ukrayna ordusu Kremlin gözlədiyindən daha güclü müqavimət göstərdi. Rus ordusu çətin vəziyyətə düşdü və son dövrlərdə ələ keçirdiyi bütün torpaqları itirdi.

Kreml cəbhədə daha çox əsgərə ehtiyac duyulduğuna qərar verdi və bunun nəticəsində qismən səfərbərlik elan edildi.

Bəs ruslar bu məsələyə necə reaksiya verdilər?

Sergey adlı bir gənc deyir: "Qorxuram ki, bu hələ başlanğıcdır. Bunun ardından tam səfərbərliyin gələcəyindən narahatam."

Marqarita isə belə düşünür: "Əgər liderlərimiz bunu istəyirlərsə, itaət etmək vəzifəmizdir. Putinə çox güvənirəm. Biz böyük bir gücük."

İndi iki çətin məqam var. Biri Putin, digəri də Qərb üçün.

Vladimir Putinin problemi Qərbin Rusiyaya qarşı müharibə aparmağı planlaşdırdığına (halbuki bu belə deyil) və Rusiyanı məhv etmək niyyətində olduğuna (belə deyil) xalqı inandırmaqdır. Putin bunu bacara bilməsə, səfərbərliyin vacibliyi məsələsində xalqı razı salmaqda çətinlik çəkəcək.

Məğlub olmamaq üçün nüvə silahından istifadə edə biləcəyini açıq şəkildə bildirən Rusiya lideri ilə necə rəftar etmək problemi Qərbin qarşısında duran əsas sualdır.
Steve Rosenberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru