İran parçalanır: İsrail və ABŞ “Böyük oyun”da

25-09-2022, 00:10           
İran parçalanır:
İrandakı etiraz aksiyaları davam edir.

Son olaraq Məşhəd şəhərində ali dini lider Xameneinin heykəli yandırılıb. İndiyə kimi baş verən etiraz və iğtişaşlarda isə 17 nəfər ölüb, 95 nəfər yaralanıb.

Xatırladaq ki, İranda əxlaq polisi tərəfindən hicabı düz taxmadığı üçün saxlanılan 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölməsindən sonra ölkə miqyasında etiraz aksiyaları başlayıb. Hətta polislə etirazçılar arasında şiddətli qarşıdurmalar yaşanır.

Maraqlıdır, bütün bunların fonunda İranda vəziyyət nəzarətdən çıxa və hətta Suriya ssenarisi təkrarlana bilər?

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya bildirib ki, İran və Suriya bir-birindən çox fərqlənir:


"Hər halda İran Suriya deyil və bir az daha böyük, qədim köklərə malik olan bir dövlətdir. İranda sistem qabıq dəyişdirə bilər. Yəni molla sistemi aradan götürülər və başqa bir sistem formalaşdırılar. Hətta İran parçalana və Cənubi Azərbaycan oradan ayrıla bilər. Amma orada Suriyada olduğu kimi vətəndaş müharibəsinin baş verməsi inandırıcı deyil. İranda 1979-cu il inqilabından indiyə qədər dəfələrlə belə hallar olub. Hətta 500-ə qədər insanın öldüyü etiraz aksiyaları da keçirilib. Lakin bu və ya digər formada hökumət onun üzərini basdırıb və prosesləri nəzarətə ala bilib".

Politoloq qeyd edib ki, hazırda İranda keçirilən aksiyalar ölkə miqyasında olduğu üçün əvvəlkilərdən bir az fərqlənir:

"Yəni hökumət də tam olaraq nəzarət edə və etirazların qarşısını ala bilmir. Bu aksiyaların əvvəlkilərdən fərqi odur ki, əvvəllər daha çox sosial narazılıq olurdu və ya cənubi azərbaycanlılar ayrılmaq istəyirdi. İndi isə fars əsilli xanımın öldürülməsindən sonra bu proseslər baş verir. Görünür dini dövlətdən dünyəvi dövlətə keçirmək cəhdləri var. Həmçinin, kənar qüvvələrin də proseslərə təsirinin olduğunu düşünürəm. Xüsusilə, İsrail, ABŞ və digər Avropa ölkələrinin bu işlərdə müəyyən mənada əlləri var. Buna baxmayaraq, İranda hadisələrin tamamilə nazərətdən çıxacağı və ya Suriyadakı kimi vətəndaş müharibəsinin başlayacağı gözlənilmir. Orada sadəcə olaraq, sistem dəyişikliyi yaşana bilər".

Elmir
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru