"1 milyon 150 minlik ordu haradadır?!" - Solovyov Kremli tənqid etdi

28-09-2022, 20:11           
"1 milyon 150 minlik ordu haradadır?!" -
Kremlin baş təbliğatçısı hesab edilən məşhur rusiyalı jurnalist Vladimir Solovyov Rusiya hakimiyyətini və ona yaxın oliqarxları Ukraynada müharibənin aparılması nöqteyi-nəzərindən sərt tənqid edib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə o, "V.Solovyovla tam təmas" verilişinin efirində danışıb.

O, tamaşaçılara sual edib: "Bir milylon 150 minlik ordu haradadır?".

"Bağışlayın, indi qismən səfərbər edilən 300 min adam üçün zirehli gödəkçələr və kaskalar varmı, yoxsa Çindən almaq lazım gələcək?", - Solovyov qəzəblə soruşub.

O, səfərbərlik prosesinə diqqətlə münasibət göstərməyə, "ağına-bozuna baxmadan hamını tutmamağa" çağırış edib.

Solovyov güc strukturlarının döyüşçüləri kimi səfərbərlik ehtiyatına diqqət etməyi tövsiyə edib.

Qeyd edək ki, indiyədək Rusiya təbliğatçılarının dilindən hərbi əməliyyatların idarə edilməsi baxımından bu qədər sərt tənqid səslənməyib.

Bundan öncə Rusiyada qismən səfərbərlik haqqında elan ediləndən sonra müdafiə nazirliyinin səsləndirdiyi meyarlara uyğun olmayan vətəndaşların orduya çağırılması barədə məlumatlar daxil olmağa başlanılıb.

Solovyovun çıxışından bəzi məqamları oxucuların diqqətinə çatdırmaq istərdik.

"İndi sərhədlərdə böyük sayda insanlar toplaşıb, Qazaxstan və s.qonşu ölkələrlə sərhəddə, deyirlər, yeməyə heç nə yoxdu. Çox gülməlidir. Hamımız birlikdə gülə bilərik. Bunlar hamısı var.

Yaxşı, onlar neçə nəfərdir? 50 min, qoy lap olsun 100 min. Onlar kimdir? Bu insanlar nə istəyir? Biz anlayırıq ki onlar hiylə işlədəcəklər.

Nəyə görə biz özümüzü zərbə altına qoymalıyıq? Biz axı bilirik ki, kim, harada, nə vaxt qulluq edib. Səfərbərliyə cavabdeh olan hərbçilər nə ilə məşğul olur?

Elə etmək olmazmı ki, problem yaranmasın? Olar. Sadəcə, savadlı hərəkət etmək lazımdır. Bizim düşdüyümüz vəziyyətə uyğun hərəkət etməliyik.

Biz hansı vəziyyətə düşmüşük? 7 aydır xüsusi əməliyyat gedir. Bəlli olur ki, bizdə müxtəlif tip və sinifdən olan dronlar çatışmır. Sağ olsunlar, İrandan əldə edirik. Bəs bizim özümüzünkülər haradadır? Bəs bizim yığdığımız pullar hara gedib, onların hesabına neçə zavod tikmək olardı.

Bəli, kimsə, haradasa orduya kömək edir, amma bu, sistemli edilmir. Əgər bizim oliqarx yaxtaların tonnajını toplasaq, istənilən böyük ölkənin hərbi- dəniz donanması bizə qibtə edərdi.

Biz böyük kosmik dövlət olduğumuz halda, peyklərimiz çatışmır, biz bu sahədə yalnız NATO-dan geri qalırıq.

Heç demə, biz Ukraynanı da tam görmürük. Hələ NATO kommersiya peyklərindən də istifadə edir. Bəs bizdə niyə yoxdur? Hərbi peyklərimiz çatışmır. Onları 7 ayda istehsal etmək olmazdımı?

İradəmiz yoxdur. Biz faktiki olaraq NATO ilə döyüşürük. General Bulqakov başqa vəzifəyə keçirilib, bəlkə ona diqqət yetirək. Belə çıxır ki, mülki cəmiyyət alt paltari və corab almalıdır?

300 min adam nəyə lazımdır? Biz NATO ilə vuruşduğumuza görə? Yaxşı, qoy olsun. Biz könüllüləri cəlb edə bilərdik, o zaman cəmiyyətdə təlaş olmazdı, heç kim heç yerə qaçmazdı. Küçələrdə yoxlama olmamalıdır. Onları ağına-bozuna baxmadan tutmaq lazım deyil. Müəssisələrin işi iflic olmamalıdır.

Vətən dardadır. Bizə müharibə elan olunub. Bu müharibədə qalib gəlmək lazımdır. Biz NATO kimi çox bacarıqlı, məkrli, nəhəng hərbi-sənayə kompleksi olan düşmənlə üz-üzəyik. Amma mütləq qalib gəlmək lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru