Musavat partiyası bu zərbələrdən özünə gələ biləcək - Daha 55 nəfər istefa verdi
15-05-2015, 21:46
Müsavat Partiyasında baş verən olaylar artıq proqnozlaşdırılandan da yüksək səviyyədə gedir. Qısa müddət ərzində partiyadan yüzdən çox adamın istefa verməsi indiyədək müşahidə olunmayıb.
İki gün öncə 22 nəfər bəyanat verərək partiyadan çıxdılar. Amma ertəsi daha bir şok yaşandı və 55 nəfər bəyanat verərək istefa ərizəsi yazdılar. Belə demək mümkündürsə, bununla da Müsavatın bir partiya olara siyasi səhnədən silinməsinin son akkordlarının vurulduğunun şahidi olduq.
Dünən Müsavat Partiyası Xətai rayon təşkilatının bir bir qrup üzvü bəyanat yayıb. «Unikal”a daxil olan bəyantda deyilir: "Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaqdır. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.
Partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk.
Bəyanatı ümumilikdə 55 nəfər imzalayıb. Lakin onlardan 15-i adının açıqlanmasını istəməyib.Bəyanatı imzalayan 40 nəfərin siyahısı mətbuata təqdim olunub.
«Unikal”ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı istefalarla bağlı fikirlərini bildirib. O deyib ki, qurultaydan sonra 9 nəfər xaric edilib: «Bu dövrdə çıxan adamların sayı 100 nəfərdən azdır, “APA” saytı yayıb ki 40 nəfər partiyadan çıxıb. Mən rayon təşkilatlarının rəhbərliyi ilə söhbətləşmişəm ki, bu siyahıda olan adamların əksəriyyəti üzv deyillər. Bunların içində olan yeddi nəfərdən yalnız biri Şura üzvüdür.Burada bir nəfərin bütün ailəsinin adı siyahıya alınıb.Bu da tamamilə həqiqəti əks etdirməyən məlumatdır”. Müsavat başqanı qeyd edib ki, bütün bu proseslərə normal yanaşmaq lazımdır: “Müəyyən müddət xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm.Amma indiki siyasi situasiyada fəaliyyət göstərə bilmirlərsə, kimsə gedənləri qınamamalıdır.İndiki halda bu, böyük fədakarlıq tələb edir. Bir neçə adamın partiyanı tərk etməsi ilə bağlı təəssüfləndiyimi bildirirəm.Amma bu proses şişirdilir.Partiyadan istefa verən və ya xaric edilən adamların içərisində hakimiyyətlə əlaqələri olan adamlar ola bilər.Amma hesab etmirəm ki, hakimiyyət tam şəkildə bu prosesi idarə edir. Ən azı nəzarətində olan media vasitəsilə bu prosesə dəstək verir".
Bu, artıq Müsavat Partiyasının başqanı Arif Hacılının son bəhanəsidir.Artıq vəziyyət o həddə çatıb ki, istefaları gizlədə də bilmirlər. Yəni, bu proses qarşısıalınmaz həddə çatıb. Bu sürətlə getsə, Müsavat adlı partiya qısa müddətdə siyasi səhnədən tamamilə silinəcək.