Rusiya “öz ayağına atəş açır”... - Kaxovkanın partladılması işğalçı ordunu da çətin duruma salır

7-06-2023, 00:06           
Rusiya “öz ayağına atəş açır”... -
Kaxovka SES-in partladılmasının nəticələri təkcə Ukrayna deyil, Dneprin sol sahilindəki Rusiya işğalçı ordusu üçün də ciddi problemlər yaradacaq.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın Nikolayev vilayətinin başçısı Vitali Kim bəndi partladan rusiyalıların məqsədinin Dneprin deltasındakı adalarda yerləşən ukraynalı hərbçiləri məhv etmək olduğunu bildirib: “Lakin bu, texnogen fəlakətə səbəb oldu və Rusiya ordusunun özü üçün xoşagəlməz nəticələr verdi”.

Donbas separatçılarının sabiq “lideri” və “dnr”-in sabiq “müdafiə naziri” İqor Strelkov(Qirkin) isə öz “telegram” kanalında partlayışın Ukrayna tərəfindən törədildiyinə əmin olduğunu bildirib və bunun Rusiya ordusu üçün ağır nəticələr verəcəyini qeyd edib: “Partlayış əvvəldən hazırlanmış məqsədli xarakter daşıyır və düşmənin əks-hücum planında xüsusi yer tutur. Məqsəd bizim sol sahildəki qoşunlarımızı “axıtmaqdır””.

O, iddia edib ki, Rusiya suya qərq olan ərazidəki bütün hərbi texnikasını çıxara bilməyəcək, sialh-sursat anbarları, müdafiə istehkamları və mina sahələri isə suyun altında qaldığından heç bir əhəmiyyət daşımayacaq.

Strelkov yazıb ki, nəticədə Ukrayna Kinburn yarımadasını ələ keçirmək imkanı qazanacaq. Eyni zamanda, Dnepr çayı Nova Kaxovkanın üst hissəsində xeyli daralacaq və Ukrayna ordusu bu ərazilərdə çayın sol sahilinə daha asan keçmək imkanı qazanacaq. O, həmçinin əlavə edib ki, Rusiya sözügedən ərazilərdə yaşayan və ona nifrət edən 30-50 min yeni qaçqına sığınacaq vermək məcburiyyətində qalacaq.

Ukraynalı hərbi ekspert Sergey Qrabski isə Nova Kaxovkanı partladan Rusiyanın “öz ayağına güllə vurduğunu” bildirib. Çünki bununla da Ukraynanın əks-hücumunun qarşısını almaq istəyən Rusiya Dneprin sol sahilindəki qruplaşmasını müdafiə istehkamlarından məhrum etmiş, bloklamış olub: “Bizim qüvvələr Azov sahillərinə çıxa bilsələr, həmin ərazi faktiki olaraq bloklanacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.