Düşmənin də sarsağı yox, ağıllısı yaxşıdır.

4-09-2023, 09:34           
Düşmənin də sarsağı yox, ağıllısı yaxşıdır.
1988-1991-ci illərdə Azərbaycan Qarabağ məsələsi ilə ayağa qalxdı, mitinqlərdə “Qarabağ-Qarabağ” bağırdıq, müstəqilliyimizi qazandıq, amma Qarabağı və 7 rayonumuzu itirdik. Ermənilər müvəqqəti torpaq qazansalar da müstəqilliklərini itirdilər, təhlükəsizliklərindən tutun da iqtisadiyyatlarına qədər hər şeyi müvəqqəti hərbi qələbə müqabilində Rusiyaya təslim etdilər.
Azərbaycan torpaqlarını itirsə də iqtisadi və siyasi müstəqilliyini qazanıb möhkəmləndirdi. 2020-ci ildə “bütün ulduzlar” bizim üçün məqbul və uğurlu qaydada “düzüldü” və torpaqlarımızn böyük bir hissəsini işğaldan azad etdik, təhlükəsizlik konsepsiyamızı de-jure müttəfiqimiz olan Türkiyə, de-facto müttəfiqlərimiz olan digər Qərb ölkələri və İsrail ilə möhkəmləndirdik.
2020-ci ilin noyabrından bəri Ermənistanda zaman-zaman meydana yığışıb “arsax- arsax” qışqırırlar, amma təhlükəsizlikləri 99%, iqtisadiyyatları 72%, siyasi oyunçularının böyük bir dəstəsi Rusiyadan asılıb-sallanır. Dünən yenə 1,5 milyon əhalisi olan İrəvanda Kremldən sallananlar cəmi 10 min nəfərlik mitinq edib “arsax-arsax” bağırırdılar, müsbət məqam budur ki, əhalinin böyük bir hissəsi o bağıranlara qoşulmadı, amma bu çığırıb-bağıranlar öz ölkələri üçün növbəti təhlükə yaradırlar, de-facto itirdikləri müstəqilliklərini de-jure də itirə bilərlər. Dünən mitinqdə bağıranlar “arsaxın” heç vaxt Azərbaycanın tərkibində olmayacağını hayqırırdılar, sülh müqaviləsinə qarşı çıxıb Kremlin gündəliyi ilə davranırdılar, bu biçarələr anlamırlar ki, Ermənistanın gələcək mövcudiyyətinin zəmanətini nə Rusiya, nə başqa bir ölkə verə bilməz – onların təminatı, zəmanəti Türkiyə və Azərbaycandan asılıdır. Nə zaman ki, bunu anlayacaqlar, bölgəmizdə sülh, rifah üçün şans yaranacaq. 1988-də məhz ermənilərin mənasız, qanlı, xəstə separatizm mərəzi Cənubi Qafqazın normallaşması, obrazlı desək, “Baltikyani yolla” getməməsi üçün Kremlə şərait yaratdı – nə qazandılar?! Heç nə...
Bu gün AB ölkələrinin sıralarının genişlənməsi üçün yeni konsepsiya qəbul edilib, 2030-cu ilə, ən azı, 10 yeni üzv qəbuluna hazırlıq gedir, Ermənistan anlasa ki, növbəti ciddi şans yaranıb və Cənubi Qafqaz AB üzvlüyünə doğru gedə bilər, bu zaman çox şey dəyişəcək. Avropa Birliyinə üzvlük bütün məsələləri həll edə, sərhədləri formal hala gətirə, ümumi iqtisadi və təhlükəsizlik konsepsiyasının yaranmasına səbəb ola bilər.
150-200 ildir Moskvanın ətəyindən yapışıb qucağından düşməyən erməni siyasi kimliyi bu yolun fiaskoya uğradığını anlamalıdır, Kreml istədiyi an onları oynadıb sonra öz maraqlarına dəyişib – Osmanlı olayları bunun kuliminasiya nöqtəsi idi, nə qədər sarsaq olmalısan ki, belə sadə həqiqətləri anlamayasan...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.