Bu bəyanatı xalqa və şəxsən özümə qarşı təhqir hesab edirəm. Aslan İsmayılov
19-05-2015, 22:51
Bu gün Azadlıq prospektində, ən azı 16 nəfərin ölümü, 60-dan çox insanın xəsarət alması ilə nəticələnən yanğına səbəb kimi Azərbaycan Respublikası Baş Prokuroru bildirib ki, "ilkin ehtimallara görə yanğının baş verməsinə binaya çəkilmiş üzlük materialının keyfiyyətsiz olması səbəb olub".
Bu bəyanatı xalqa və şəxsən özümə qarşı təhqir hesab edirəm. Ən azından mənim kimiləri ağılsız yerinə qoymaq lazım deyil! İnsanlar hər şeyi bilir! Bu barədə isə şəxsən mən Zakir Qaralova müraciət etmişdim.
Bu il aprel ayının 10-da baş vermiş yanğınla bağlı 4 gün sonra aprelin 14-də yazdığım məqalədə qeyd etmişdim ki, "200 manat rüşvət alan, 10 min manat mənimsəyən iş icraçısı haqqında dərhal cinayət işi qaldırıb, xüsusi bəyanatla çıxış edən Zakir Qaralovun başçılıq etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğunun aprelin 10-da Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı susduğundan, bəzi məqamları yadlarına salmaq istəyirəm".
Ardınca, heç bir vəzifəsi olmayan sıradan bir vəkil olaraq yazımda qeyd etmişdim ki, "şükürlər olsun bu dəfə də insan tələfatı olmadı". Təsəvvür edin ki, insanlar əşyalarını mənzillərindən çıxararkən pilləkənlərdə qarışıqlıq, panika yaransaydı diri-diri yanıb külə dönən insanların sayı onlarla olardı.
Havaya sovrulan milyonları, insanlara dəymiş maddi, psixoloji ziyanları sadaladıqdan sonra isə qeyd etmişdim ki, "ən acınacaqlısı da odur ki, əsas təhlükə bu binaların yanacağında deyil, həmin gah alkapon, gah penoplast, gah penapoliuretan, gah prefabrik fasad, gah penopolistirol və başqa cür adlanan material polistirol tərkiblidir. Tikintidə istifadə olunan istənilən material eyni zamanda beş prisipial tələbə - kimyavi, fiziki, bioloji, yanğın, mexaniki təhlükəziliyə cavab verməlidir. Bu material isə sadalanan tələblərin heç birinə cavab vermir. Ən dəhşətlisi isə onun ekoloji göstəriciləridir. Onun tərkibi polistiroldan ibarətdir. Polistirol termodinamik cəhətdən möhkəm olmayan polimerdir və o hər dəqiqə stirol-monomer buraxır. Stirol-monomer isə insan həyatı üçün ölümcül təhlükəlidir və insanlarda sürətlə xərçəngi inkişaf etdirir. 2001-ci ildən artıq bütün dünya bunu etiraf edib. Bu isə artıq öz millətinə qarşı yönəlmiş soyqırımdır! Hazırda bu cür yanmağa növbədə olar yüzlərlə bina vardır. Deməli minlərlə inasanın həyatı hər dəqiqə təhlükədədir. Havalar istiləşdikcə yanğın təhlükələri daha da artacaq. Çünki həmin qaplama materialları tez bir zamanda, heç bir kənar müdaxilə olmadan belə həddindən artıq isti hava şəraitində də alışıb yana bilər. Yəni bizi qarşıda yüz milyon manatlarla ölçüləcək maddi ziyan və Allah eləməsin çoxsaylı insan itkisi gözləyə bilər.
Həmin yazını (facebook.com/Aslan.Z.Ismayilov/posts/963749200310236) facebook səhifəmdə paylaşandan sonra jurnalistlərin bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyimlə bağlı çoxsaylı suallarına "elə həmin yazını Baş Prokurora müraciət kimi hesab edin" demişdim. Həmin yazı da bir neçə KİV-də Baş Prokurora müraciət kimi dərc edildi.
İndi deyin, cənab Zakir Qaralov, heç olmasa Baş Prokuror kimi bu insan faciəsində öz günahınızı görürsünüzmü?!
Vəkil Aslan İsmayılov