Müsavat Partiyasında nələr baş verir: QƏRAR LƏĞV EDİLDİ
19-05-2015, 23:11
Bu gün Müsavat Partiyası Binəqədi rayon təşkilatının iclası keçirilib. Əsas müzakirə olunan məsələ iki həftə öncə təşkilatın özəyinin qərarı ilə partiyadan çıxarılan Vurğun Əyyubla bağlı olub.
Şura qərara alıb ki, verilən qərar qanunsuz olub. Özəyin protokolu ləğv edilib, seçki orqanları buraxılıb. Özək sədri Sabit Hacıyeva töhmət verilib.
O, özək sədrliyindən azad olunub. Bu barədə sosial şəbəkədə Şura üzvü Şamil Beydulla status paylaşıb.
Məsələ ilə bağlı Müsavat rəhbərliyinin münasibətini soruşan müxbirimizə deyilib ki, bu məsələ araşdırılır.
Müsavat başqanının müavini Elman Fəttah isə musavat.com-a deyib ki, bu məlumata şübhə ilə yanaşır: “ Partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz. Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün şura iclası çağırılmayıb.
Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir” .