ZELENSKİ BAYDENƏ SİYAHI TƏQDİM EDƏCƏK... - Ukraynaya bunun üçün icazə veriləcək?

31-08-2024, 11:34           
ZELENSKİ BAYDENƏ SİYAHI TƏQDİM EDƏCƏK... -
“Ukraynadakı müharibə Qərbin bitməsini istədiyi şəkildə bitəcək”. Bunu 2013-2015-ci illərdə NATO-nun Avropadakı qüvvələrinə rəhbərlik etmiş Filip Bridlou deyib. Bununla da sabiq NATO rəsmisi müharibənin həm gedişatı, həm güclər nisbəti, həm də bitmə tarixi baxımından Qərb tərəfindən idarə olunduğuna işarə vurub. Doğrudan da, müharibənin taleyi Rusiyanın mövqeyindən, səylərindən, itkilərindən və s. daha çox Qərbin Ukraynaya dəstək qərarlarından və bu dəstəyin ölçülərindən asılıdır...

Son zamanlar, xüsusilə də Ukraynanın uğurlu Kursk əməliyyatından sonra ABŞ-də Ukraynaya dəstəyin artırılması və xüsusilə də Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbə endirilməsinə icazə verilməsilə bağlı çağırışlar xeyli artıb. Özü də bu, həm demokratların, həm də respublikaçıların cəbhəsindən eşidilir. Həm demokrat, həm də respublikaçı konqresmenlər və senatorlar tərəfindən Bayden administrasiyasına təzyiqlər artır ki, prezident Ukraynaya qoyulan bütün məhdudiyyətləri aradan qaldırsın. Güclü ekspert birliyi də Baydendən bunu tələb edir. O isə ictimai rəyin, əhval-ruhiyyənin dəyişməsi kimi amili nəzərdən qaçıra bilməz...

Vaşinqtonda yerləşən nüfuzlu “Brookings” İnstitutunun məlumatına görə, hazırda Ukraynanı dəstəkləyən amerikalıların sayı xeyli artıb. Bu göstərici Ukrayna Silahlı Qüvvələri Kurskda əməliyyata başladıqdan və Ukraynanın apardığı səfərbərliyin müəyyən dərəcədə uğurlu alınmasından sonra artmağa başlayıb. Son sorğuya görə, ABŞ vətəndaşlarının 62 faizi, o cümlədən respublikaçıların 58 faizi Ukraynaya rəğbət bəsləyir və ona dəstəyin artırılmasının tərəfadrıdır. Bu, yayın əvvəlilə müqayisədə iki dəfə çoxdur.

Bu gün Ukraynanın Müdafiə naziri Rüstəm Ömərovun və Prezident Ofisinin rəhbəri Andrey Yermakın Vaşinqtona gedəcəyi gözlənilir. Onlar Amerika adminstrasiyası ilə ABŞ-nin Rusiya daxilindəki hədəflərə “ATACMS” zərbələrinə dair qadağalarını müzakirə edəcəklər. Kiyev uzun müddətdir ki, ABŞ-dən bu məhdudiyyətləri götürməsini tələb edir, bunsuz Ukraynanın müharibədə qalib gələ bilməyəcəyini deyir. Bu dəfə isə məsələ daha konkret şəkildə qoyulacaq. Hətta Ukrayna nümayəndələrinin ABŞ-yə Rusiya daxilində 200-ə yaxın hərbi hədəfin siyahısını təqdim edəcəyi bildirilir.

Ukrayna mediası artıq konqresmenlərin və senataorların səylərilə Co Bayden administrasiyasının mövqeyində dəyişikliyin nəzərə çarpdığını yazır. Maraqlıdır ki, bütün səy və çağırışlara baxmayaraq, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyir ki, ABŞ-nin məhdudiyyətlərlə bağlı siyasətində heç bir dəyişiklik yoxdur. Lakin eyni zamanda o, Vaşinqtonun bu mövzunu ukraynalılarla müzakirə etdiyini deyir. Bayden isə başqa şeydən danışır. Onun fikrincə, “ATACMS”-dan Rusiya ərazisində istifadə olunması Ukraynaya strateji üstünlük verməyəcək. Yəni, prinsipial olaraq, “olmaz” demir...

Bu arada Qərb mətbuatının yazdığına görə, Rusiya artıq öz hərbi aviasiyasının 90 faizini “ATACMS”-ların çata biləcəyi məsafədə yerləşən hərbi aerodromlardan çıxarıb. Bu, o deməkdir ki, Kreml ABŞ-nin Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə dair məhdudiyyətləri aradan qaldıracağını istisna etmir. Ancaq hərbi ekspertlər və Ukaryna tərəfi hesab edir ki, Rusiyanın “ATACMS”-ların çatdığı ərazilərdə kifayət qədər vacib hərbi infrastruktur obyektləri, anbarları, silahları və s. var. Ekspertlər hesab edir ki, onlar pis mühafizə olunur və Ukrayna Silahlı Qüvvələri üçün kifayət qədər asan hədəfə çevrilə bilərlər. Putin isə onları qorumaq üçün qoşunları başqa ərazilərdən çıxarmağa məcbur olacaq.

Bütün bunların fonunda Avropada da Ukraynaya qarşı Qərb silahlarına dair məhdudiyyətlərin götürülməsinə dair çağırışlar xeyli artıb. Avropa diploimatiyasının başçısı Cozef Borrel açıq şəkildə bütün məhdudiyyətlərin götürülməsini tələb edir. O, Avropa ölkələrini "bütün məhdudiyyətləri ləğv etməyə” çağırıb. Doğrudur, Avropa İttifaqı ölkələri XİN başçılarının Brüsseldəki son toplantısında bununla bağlı yekdil qərar qəbul olunmayıb. Lakin bu qərarın əvvəl-axır qəbul ediləcəyi ehtimalı xeyli artıb.

Borrel bununla bağlı deyib: "Nazirlər məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə ediblər. Əsas nəticə ondan ibarətdir ki, bu, hər bir üzv dövlətin müstəqil qərarı olaraq qalır...".

Yəni, hər bir Avropa ölkəsi məhdudiyyətlərlə bağlı müstəqil qərarlar verə bilər. Necə ki, məsələn, Hollandiya öz “F-16”-larından Rusiya ərazisini vurmaqda Ukraynaya tam sərbəstlik verib, eyni mövqedən Finlandiya və digər bir neçə ölkə çıxış edir. Əsasən Almaniya, Fransa və qismən də Böyük Britaniya hələ tərəddüd edir. Lakin əksər mütəxəssislərin də dediyi kimi, bu ölkələrin bir gözü Vaşinqtondadır və onlar ABŞ-nin qərarını gözləyirlər. Bu qərarın isə ABŞ-dəki seçkidən öncə verilməsi ehtimalı xeyli artıb. Çünki bu, demokratların da seçkiöncəsi maraqlarına uyğundur...

Bir sözlə, indiyə qədər və hazırda baş verənlər bir daha müharibənin Qərb tərəfindən idarə olunduğunu təsdiqləyir və yuxarıda adını çəkdiyimiz NATO rəsmisinin də dediyi kimi, müharibənin gediaştı, bitmə tarixi və nəticəsi böyük ölçüdə Qərbdən asılıdır...

Cəlal Məmmədov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.