Bayden Ukraynaya dəstək və ABŞ-ın silah ehtiyatlarını artırmaq üçün əlavə 24 milyard dolların ayrılmasını istəyir

Dünən, 16:18           
Bayden Ukraynaya dəstək və ABŞ-ın silah ehtiyatlarını artırmaq üçün əlavə 24 milyard dolların ayrılmasını istəyir
İki ABŞ rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, prezident Co Bayden Ukraynaya dəstək olmaq və ABŞ-ın silah ehtiyatlarını artırmaq üçün Konqresdən əlavə 24 milyard dollar istəyib. Hazırkı ABŞ administrasiyası 20 yanvarda Ağ Evi tərk etməsindən öncə Konqres tərəfindən təsdiq edilən vəsaitlər çərçivəsində Ukyanaya yeni yardım paketlərinin göndərilməsinə çalışır.

Administrasiyanın müraciətini görən və anonimlik şərtilə təfərrüatları müzakirə etməyə razılıq verən rəsmilər Amerikanın Səsinə bildiriblər ki, yeni dəstəyə ABŞ-ın silah ehtiyatlarının artırılması üçün 16 milyard dollar və Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarının qarşılanması üçün 8 milyard dollar daxildir.

Baydenin Konqresə göndərdiyi bu müraciət haqda ilk olaraq Politico nəşri yayıb.

Bəzi respublikaçılar artıq bu təşəbbüsə qarşı çıxırlar.

Qanun layihəsinin Ağ Ev tərəfindən təklif olunan formada səsverməyə çıxarılıb-çıxılmadığını müəyyən edəcək Nümayəndələr Palatasının spikeri Mayk Conson X-də yazıb ki, maliyyələşdirmə haqda qərarlar vəzifəsini tərk edən prezident yox, yeni gələcək administrasiya tərəfindən verilməlidir.

Yardım müraciəti Bayden administrasiyasının rəsmilərinin 2025-ci il üçün Konqresdən əlavə yardım təsdiqini istəmək vədlərindən sonra gəlir. Keçən həftə Bayden administrasiyası həmçinin Konqresə Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək niyyəti barədə məlumat verib.

Bazar ertəsi ABŞ Ukraynaya 725 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərdiyini bildirib. Bu, 2021-ci ilin avqust ayından etibarən Kyiv üçün Müdafiə Departamentinin inventarlarından ayrılan 71-ci tranşdır. Bu yardıma hava müdafiəsi imkanları, raket sistemləri üçün sursat və və tank əleyhinə silahlar daxildir.

Bu paket Kyivə bir neçə aylıq gecikmələrdən sonra apreldə Konqres tərəfindən təsdiq edilmiş 61 milyard dollarlıq yardım qanun layihəsi çərçivəsində yardımın sonuncu mərhələsidir. Bayden administrasiyasının Ukraynaya vermək üçün əvvəlki yardım paketlərindən hələ də 8 milyard dollardan çox maliyyə vəsaiti var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.