Fələstinlilər deyir ki, Fətah və HƏMAS müharibədən sonra Qəzzanın idarəsi ilə bağlı plan üzərində razılıq əldə etməyə yaxındır
Bu gün, 09:38
Fələstinli rəsmilər çərşənbə axşamı bildirib ki, Fətah və militant qrup HƏMAS müharibədən sonra Qəzzanın idarəsi ilə bağlı plan üzərində razılıq əldə etməyə yaxındır.
Plana əsasən, İsrailin işğalı altında olan İordan çayının qərb sahilinin bəzi hissəsini idarə edən Fətah və 2007-ci ildən bəri Qəzzaya nəzarət edən HƏMAS Qəzza zolağını idarə etmək üçün birlikdə 15-ə qədər siyasi müstəqil texnokratı təyin edəcək.
Rəsmilər deyib ki, plan İsraillə atəşkəsdən sonra qüvvəyə minəcək.
Birləşmiş Ştatlar, Misir və Qətərin aylardır Qəzzada döyüşlərə son qoymaq üçün vasitəçilik etdiyi danışıqlar hələ ki, İsraillə HƏMAS arasında razılığa gətirib çıxarmayıb.
ABŞ və başqa ölkələrin rəsmiləri son günlərdə İsraillə Livanda qərargahlanan Hizbullah militant qrupu arasında atəşkəs razılığının Qəzzada atəşkəs səylərinə yardım edə biləcəyinə dair ümidlərini ifadə edib.
İsrailin müdafiə naziri İsrail Katz çərşənbə axşamı bildirib ki, əgər atəşkəs pozularsa İsrail ordusu Livanda əməliyyatlarını genişləndirəcək.
“Əgər indiyə qədər Livan və Hizbullah arasında fərq qoyurduqsa, bu, artıq belə olmayacaq,” Katz İsrailin şimal sərhədinə səfəri zamanı deyib.
Atəşkəs razılaşmasına əsasən, İsrailin qüvvələri Livandan geri çəkilməli, Hizbullah isə döyüşçülərini sərhəddən uzaqlaşdırmalıdır. Livan ordusu və BMT sülhməramlıları iki tərəf arasındakı bufer zonasında patrul xidmətinə hazırlaşır.
Livanda Hizbullah militantlarının yeni raket hücumları və İsrailin cavab zərbələri dalğası atəşkəs razılaşmas üzərindəki təzyiqi artırır.
İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi axşam saatlarında Livana bir sıra zərbələr endirərək, İranın dəstəklədiyi Hizbullahı İsraili raketlərlə hədəf almaqla razılaşmanı pozmaqda ittiham edib.
“Hizbullahın bu gecə raket atəşi İsrail və Livan arasında atəşkəs razılaşmasının pozulmasıdır,” - İsrail Müdafiə Nazirliyinin Telegram kanalında verdiyi açıqlamada deyilir. “İsrail dövləti Livandakı müvafiq tərəflərdən öz öhdəliklərini yerinə yetirmələrini və Livan ərazisindən Hizbullahın düşmənçilik fəaliyyətinin qarşısını almalarını tələb edir.”
İsrail bildirib ki, Hizbullahın onlarla reaktiv yaylım atəşi sistemi, terrorçu döyüşçüləri və digər Hizbullah infrastrukturunu hədəf alıb.
Livanın Səhiyyə Nazirliyi bazar ertəsi axşam saatlarında bildirib ki, İsrailin Haris və Talousa şəhərlərinə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 3 nəfər yaralanıb.
Nazirlik daha əvvəl bildirib ki, İsrailin Livanın cənubuna endirdiyi zərbələr daha iki nəfərin ölümünə səbəb olub.
Zorakılıqların artmasına və həm İsrail, həm də Hizbullah rəsmilərinin sərt danışıqlarına baxmayaraq, ABŞ rəsmiləri bazar ertəsi müvəqqəti sülh razılığının davam edəcəyinə ümid etdiyini bildiriblər.
ABŞ və Fransadan olan vasitəçilər bu atəşkəs razılaşmasını İsrail və Livan arasında hərbi əməliyyatların daimi dayandırılması və Hizbullahın müttəfiqi HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailə hücumundan sonra başlayan döyüşlərə son qoymaq üçün bir fürsət kimi dəyərləndirirlər.
HƏMAS hücumu zamanı 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. Təxminən 100 girov hələ də Qəzzada saxlanılır, onların üçdə birininin öldüyü güman edilir.
İsrailin Qəzzada əks-hücumu nəticəsində 44 min fələstinlilinin ölümünə səbəb olub. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, onların yarısından çoxu qadın və uşaqlardır.
HƏMAS və Hizbullah, Birləşmiş Ştatlar, Birləşmiş Kralııq və başqa Qərb ölkələri tərəfindən terror təşkilatları kimi tanınıb.