Trampın xüsusi nümayəndəsi: “Sumiyə zərbə bütün ədəb sərhədlərini aşır”
Dünən, 09:38
“Keçmiş hərbi komandir kimi hədəf zərbələrinin nə olduğunu başa düşürəm və onlar səhv edirlər"
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Rusiyanın Sumidə mülki əhaliyə raket zərbəsi endirməsinə reaksiya verib.
AYNA.AZ xəbər verir ki, Kelloq “X” sosial şəbəkə hesabında yazıb: "Rusiya qoşunlarının Sumidə mülki hədəflərə hücumu bütün ədəb sərhədlərini aşır. Onlarla dinc sakin həlak olub və yaralanıb. Keçmiş hərbi komandir kimi hədəf zərbələrinin nə olduğunu başa düşürəm və onlar səhv edirlər".
Kelloq həmçinin bildirib ki, buna görə də Tramp bu müharibəni bitirmək üçün hər cür səy göstərir.
Sumiyə edilən hücuma artıq Fransa Prezidenti Emmanuel Makron, Latviya Prezidenti Edqars Rinkeviçs, Finlandiyanın xarici işlər naziri Elina Valtonen, Moldova Prezidenti Maya Sandu, Avropa Şurasının sədri Antonio Kosta və digər Avropa liderləri reaksiya verib, hücumu pisləyiblər.
Qeyd edək ki, dünən Rusiya Ukraynanın Sumi şəhərinə raket zərbəsi endirib. Aralarında uşaqlar da olan 30-dan çox insan həlak olub.