Azərbaycanda 5 ci kolonun yaratdığı rusyonümlü təşkilatdan Rusianın xəbəri yoxdur
30-07-2015, 22:42
Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün Azərbaycanda yaradılmış hərəkatın bizə heç bir dəxli yoxdur. Bunun ANS PRESS-in əməkdaşı ilə söhbətində Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətinin rəis müavini Oleq Yevgenyeviç Qorbatov bildirib.
O, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) generalı Nəriman İmranovun və Rusiyanın ədliyyə generalı İlqar Qasımovun Azərbaycanda yaratmaq istədiyi Avrasiya hərakatına rəy bildirərkən belə söyləyib:
“Biz dörd dövlət - Rusiya, Qazaxıstan, Belarus və Ermənistanı təmsil edən rəsmi qurumuq. Onlarla heç bir əlaqəmiz yoxdur. Yəqin ki, onlar öz tərəfindən xalq hərəkatı yaratmaq niyyətindədirlər”.
Hərəkatın yaradılması ideyasının yetərincə müəmmalı şəxslər - Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımov tərəfindən ortaya atılması xüsusilə diqqəti çəkir. 1990-cı illərin əvvələrində Rusiya KQB-sində yüksək vəzifələr tutmuş Nəriman İmranov 1993-cü ildə Azərbaycan milli təhlükəsizlik naziri işləyən zaman buraxdığı səhvlərə görə mühakimə edilərək ölüm cəzasına məhkum edilmişdi. 2002-ci ildə əfv edilmiş general İmranov siyasi dairələrdə Rusiya təhlükəsizlik xidmətinin adamı kimi tanınır.
1996-cı ildən Rusiya ədliyyə sistemində işləyən İlqar Qasımov da Azərbaycanı yenidən Kremlin təsir dairəsinə qaytarmağa çalışan siyasətçilərdən biri sayılır. Göründüyü kimi, hər iki general yenə öz amplualarına sadiq qalıblar və 25 illik müstəqil siyasət dönəmindən sonra Azərbaycanı yenidən Rusiyanın yedəyinə bağlamaq istəyirlər.
Politoloq Qabil Hüseynli düşünür ki, indiki şəraitdə generallar Nəriman İmranov və İlqar Qasımovun öz istəklərinə çatması çətin görünür: “Azərbaycan xalqı hazırda Avrasiya İttifaqına girməyin tərəfdarı deyil. Bəlkə, gələcəkdə Rusiya Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etməyə dəstək verdikdən sonra bu, baş tuta bilər. Onda da bununla bağlı qərarı hansısa Rusiya generalları deyil, Azərbaycan xalqı verməlidir. Xalqı isə Rusiyanın ədalətli olmağına məhz siyasi liderlər inandıra bilər”,- deyə politoloq ANS PRESS-ə bildirib.
Q.Hüseynlinin fikrincə, Nəriman İmranov və İlqar Qasımovun bu açıqlaması sadəcə Rusiyada özləri üçün dividend qazanmaqdan başqa bir şey deyil: “Bir ara milyarderlər də belə bir açıqlama verdilər və özləri üçün dividendlər qazandılar. İndi də arxa plana keçmiş bu generallar irəli çıxmaq istəyir. Çətin ki, Rusiya siyasətini onların üstündə qursun”.
Bu fikir Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətinin rəis müavini Oleq Qorbatovun ANS PRESS əməkdaşı ilə söhbətində də vurğulanıb: "Biz burada Avrasiya İqtisadi Birliyi ölkələrinin ciddi iqtisadi problemlərinin həlli ilə məşğuluq. Bizim hansısa bir ölkədə hərəkat yaratmağa heç bir marağımız yoxdur”.