İrəvanın Qarabağ narahatlığı artıb, çünki... - Trofimçuk
18-11-2017, 11:57
Məncə, Sergey Lavrovun Azərbaycan və Ermənistana səfərinin əsas məqsədi rəsmi şəkildə bəyan olunduğu kimi ölkələr arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə bağlıdır.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.
“Lavrovun səfəri zamanı bölgədəki situasiyanı dəyişdirəcək heç bir layihə olmayacaq. Əgər belə olsaydı, bu layihə çoxdan bəyan edilmişdi. Qarabağ konfliktinin həll planı və ya “Lavrov planı” barədə danışıqlarda vacib olan bir məqam var. Rusiya danışıqları gizli aparmağa və ya 2014-cü ilə qədər edə bildiklərini açıq şəkildə etməyə cəhd edirsə, o zaman Ermənistanda ciddi daxili siyasi hadisələr baş verə bilər. Bu isə ümumilikdə Cənubi Qafqaz regionunun xəritəsini dəyişər. Biz təkcə Qarabağ problemini yox, həm də regional siyasətin hansı səviyyədə olmasını, Avrasiya siyasətini və Ermənistanın Avrasiya İttifaqının üzvü olmaqla bərabər Avropa Birliyi ilə tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi üzərində iş aparması şəraitini də diqqətdə saxlamalıyıq. Məncə, təkcə Ermənistanda yox, həm də ondan kənarda müəyyən qüvvələr tapılacaq ki, yaranmış situasiyadan istifadə edərək, Ermənistandakı vəziyyəti destabilizasiya etsinlər. Mən yenə də təkrar edirəm, 2014-cü ilə və ya 2016-cı ilin aprelinə qədər olan zaman çərçivəsində Rusiya Azərbaycan və Ermənistanla razılaşıb, belə bir layihə gerçəkləşdirə bilərdi, amma indi situasiya dəyişib. İstənilən Ermənistan hökuməti Qarabağın həlli ilə bağlı “Lavrov planı”nı təhdidin artması və Ermənistana hücum kimi dəyərləndirəcək. Əminəm ki, bir sıra müşahidəçilər Qarabağ konfliktini Madrid prinsiplərinə əsaslanan bu tip ideyalarla həll etmək istəyirlər. Lakin əsas məsələ bunun reallıqda nə nəticə verəcəyidir. Ermənistanın Qarabağla bağlı narahatlığı aprel savaşından sonra artıb. Ona görə ki, onun təhlükəsizliyi üçün heç bir zəmanət yoxdur”, – deyə o bildirib.