İsa Qəmbərə sədrlik şansı?

13-08-2015, 11:08           
İsa Qəmbərə sədrlik şansı?
ADR-dən İsa Qəmbərə maraqlı təklif verilib. Moderator.az xəbər verir ki, təklif keçmiş müsavatçı Rüfət Əliyev tərəfindən səslənib.
Məşvərət Məclisinin son toplantısın da qəribə bir hadisə baş verib. Strateq.az-a sızdırılan məlumata görə, toplantını aparan İsa Qəmbər sözü Elman Fəttaha verərkən, “çaşıb” funksioneri Müsavat başqanı kimi təqdim edib. Bu tənqimatdan əsl başqan Arif Hacılının xeyli mütəəssir olduğunu hiss edən İsa bəy “səhvi”ni düzəldib: “Əslində Elman Fəttah da başqan ola bilərdi. Başqan seçilmək hər müsavatçının ən təbii haqqıdır. Bu gün isə başqan Arif Hacılıdır. Kim bilir, bəlkə də bir gün Elman Fəttah həmin kresloda oturacaq”.

İsa Qəmbəri yaxından tanıyan keçmiş əqidədaşı Rüfət Əliyev saytımıza açıqlamasında bu xəbəri özünün də eşitdiyini təsdiqləyib və başqanın bəzən bilərək belə “yanlışlara” yol verdiyini, bununla “səhvən” ilişdiyi ünvana hansısa mesajlar çatdırdığını bildirib. Rüfət bəyin ehtimalına görə, bu dəfə İsa bəy, yəqin ki, Arif Hacılıya “ilişmək” istəyib. Ona özünün sayəsində başqanlığa yüksəldiyini, istəsəydi, hətta Elman Fəttahın bu gün başqan kimi təqdim oluna biləcəyini xatırladıb.

Köhnə müsavatçı köhnə başqanın bu şüurlu “səhvi”nin mümkün səbəblərinə də aydınlıq gətirib. Onun təxminlərinə görə, böyük ehtimalla, İsa bəy Müsavatın hazırkı idarəçiliyindən narazıdır və təzə başqanın öz məhvərindən çıxdığına, müstəqil qərarlar qəbul etdiyinə bu cür etirazını bildirib. Rüfət Əliyev fikrini əsalandırmaq üçün yaxın tarixə ekskurs edərək deyib:

“Partiya nizamnaməsinə görə, İsa Qəmbər növbəti dəfə başqan seçilə bilməzdi. Onun ən güclü alternativi Qubad İbadoğluya da öz postunu təhvil vermək istəmirdi. Çünki Qubad bəy partiyanın idarəçiliyində hansısa güclü iradəni yox, nizamnaməni əsas götürəcək, qərarları da buna əsasən qəbul edəcəkdi. Nə əldən qoyan, nə yardan doyan İsa bəy isə partiyanın ən başarısız başqanı kimi tarixə çevrilmək istəmir, təşkilatın ipini öz əlində saxlamağa çalışırdı. Onun bu məqsədinə ən uyğun gələn kadr isə Arif Hacılı idi. Təbii ki, o dövrdəki duruma görə belə idi. İsa Qəmbər hesablaya bilməmişdi ki, qurultaya qədər onun gözündən kənara ayrılmayan Arif Hacılı başqan seçildikdən sonra tamamilə fərqli adam çevriləcək, köhnə başqanla hesablaşmayacaq. Bu gün Arif Hacılının özünü partiyada yeganə iradə sahibi kimi aparması İsa bəyi qəzəbləndirir. O da təzə başqana yerini göstərməyə çalışır. Deyir ki, öz məhvərinə geri dönməsən, sənin yerinə çox namizədlər var. Elman Fəttah belə səni əvəz edə bilər”.

İsa bəyin xüsusilə Elman Fəttahı nişan göstərməsi də, Rüfət bəyin fikrincə, səbəbsiz deyil: “Bilirik ki, Elman Fəttahın nə zamansa başqan olmaq şansı sıfıra yaxındır. Üstəlik, bu adam heç zaman öz fikriylə hərəkət etmir, mütləq bir “başbilən”ə ehtiyac duyur. Görünür, İsa bəy Arif Hacılını Elman Fəttah kimi olmağa dəvət edib. Əks halda onu ən uğurlu kadrla əvəz edə biləcəyini xatırladıb”.

Vaxtilə partiyanın Zəngilan təşkilatının sədri olmuş müsahibimiz İsa Qəmbərin bu mesajlarının arxasında ciddi bir əsasın dayanmadığına inanır: “Bir zamanlar partiyada İsa Qəmbər üçün canını verəcək, təşkilatçılıq qabiliyyətinə malik bütün üzvlərimiz indi Müsavat sıralarında deyillər. Onların bəziləri qurultayda oynanan məkrli oyunlara, saxtakarlıqlara, ədalətsiz seçkilərə etiraz edərək partiya sıralarını tərk edib. Bəzilərini isə etirazlarını əsas gətirib Arif Hacılı uzaqlaşdırıb. İndi Müsavat tamamilə təzə başqanın iradəsi altındadır. İsa Qəmbər istəsə belə, orda hansısa dəyişikliyə nail ola bilməz. Bunu Arif Hacılı da, köhnə başqan da bilir. Məncə, İsa bəyin ən doğru seçimi özünün ordan ayrılıb, əsl isaçıların yanına-ADP-ə qayıtması olardı. Biz öz qucağımızı əski başqanımıza aça bilərik”.

Əməkdaşımızın “bəs, İsa bəy ADR gələrsə, onu təşkilatın sədri seçərdinizmi?” sualına keçmiş müsavatçının cavabı da maraqlı oldu: “Təşkilatımızın hər bir üzvünün sədr seçilmək hüququ var. İsa bəy də bu hüquqdan istifadə edə bilər. Seçilərmi, seçilməzmi, deyə bilmərəm. Çünki başqan son qurultay zamanı keçmiş tərəfdarlarının ona bəslədikləri güvən hissini ciddi şəkildə zədələyib. İsa bəyə indi əksər tərəfdarları “etibarsız”, lazım bildiyi anda istənilən saxtakarlığa gedən adam kimi baxırlar. Köhnə başqan ilk öncə bu mənfi imicini təmizləməlidir. Bununla belə, biz yenə onu siyasi tariximizdə müstəsna yeri olan şəxsiyyət kimi hörmət və izzətlə təşkilat sıralarına almağa hazırıq. Bizdə elmanfəttahlar, arifhacılılar yoxdur. Narahat olmasın, atacağı addımı mütləq nəzərə alacağıq. Ən azından ona Qubad İbadoğlunun müavini vəzifəsini verərik. Sədrlik uğrunda isə özü sivil mübarizə aparıb bu ünvanı da qazana bilər. Hər halda bu ehtimalı da istisna etmək olmaz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.