Pensiya siyasəti dəyişməlidir: Azərbaycanda insanlar pensiyaya çıxmadan ölür - ÇAĞIRIŞ

10-01-2022, 19:14           
 Pensiya siyasəti dəyişməlidir: Azərbaycanda insanlar pensiyaya çıxmadan ölür - ÇAĞIRIŞ
Ölkədə pensiya yaşı barədə mövcud vəziyyətlə bağlı vətəndaşlar dəfələrlə öz etirazlarını bildirsələr də, hələki bu istiqamətdə heç bir dəyişiklik müşahidə edilmir.

Belə ki, rəsmi rəqəmlərdən fərqli olaraq son illər ölkədə orta ömür yaşının azaldığı və nəticədə vətəndaşların pensiya yaşına çatmadan vəfat etdiyi deyilir. 2020-ci ildə Azərbaycanda kişilərin 52,3 faizi, qadınların 32 faizi pensiya yaşına çatmamış vəfat edib. 2019-da müvafiq göstəricilər 41 faiz və 30 faiz olub. Pensiya yaşının artırılmasını isə müvafiq qurumlar hər zaman beynəlxalq təcrübə ilə müqayisə edirlər.

Vətəndaşlar pensiya yaşına çatmadan vəfat edirsə, pensiya yaşını azaltmağın vaxtı deyilmi? TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, pensiya ilə bağlı yaş həddi mütləq aşağı salınmalıdır:

“Hökumətin mesajlarından isə görünən odur ki, yaş həddini aşağı salmaq istəmir. Ancaq real vəziyyətin təhlili və beynəlxalq təcrübə ilə müqayisə göstərir ki, bu istiqamətdə ədalətsizlik var. Azərbaycanda orta ömür 71 ildir. Hansı ki, gözlənilən orta ömürlə pensiya yaşı arasında ciddi asılılıq olmalıdır. Bu, dünya təcrübəsində tətbiq olunur. Belə ki, dünyada orta göstərici 14 ildir. Yəni insan pensiyaya çıxandan sonra 14 il pensiya ala bilməlidir. İnkişaf etmiş ölkələrdə bu rəqəm, məsələn, Almaniya 21 il, Yaponiya və Kanadada 22 ildir. İnsan pensiyaya çıxandan sonra 22 il yaşayır və bu pensiyanı alır. Baxmayaraq ki, bəzi ölkələrdə pensiya yaşı bizdən üstündür. Hökumət hər zaman deyir ki, Almaniya, Yaponiya, Kanada, Norveçdə pensiya yaşı bizdən üstündür. Ancaq heç vaxt demir ki, Yaponiyada orta ömür 89 ildir. İnformasiyanın digər tərəfini demir. Bu aspektdən baxanda, Azərbaycanda gözlənilən pensiya dövrü 6 ildir. Bu gün pensiyaya çıxanlar 1950-cı illərdə doğulmuş şəxslərdir. 1997-ci ilə qədər Azərbaycanda doğulan insanlara gözlənilən orta ömür müddəti 71 ildir. Hətta 1981-ci ildə doğulan kişilər üçün gözlənilən orta ömür müddəti 65 ildir. Bu, o deməkdir ki, 1981-ci ildə doğulan vətəndaşlara pensiya hüququ yaranmayacaq. Hökumət pensiya sistemini mütləq yenidən dizayn etməlidir”.

Ekspert deyib ki, pensiya sistemi təşviqedici olmalıdır: “Bu, əmək bazarının leqallaşmasının dəstəklənməsində çox vacib faktordur. Pensiya sistemi güvənverici olmalıdır. İnsanlar 30-40 il çalışıb ahıllıq dövrü üçün bir planlama aparırlar. Bu sistem o qədər güvənverici olmalıdır ki, insanlar burada iştirak etməkdə maraqlı olsunlar. Dolayısıya əməyini leqallaşdırsınlar. Nəticədə Azərbaycanda pensiya mexanizminin gəlir dayanıqlığı təmin olunsun. Ölkədə bir pensiyaçıya xidmət edən işçi 1,2 nəfərdir. Dünya təcrübəsində orta hesabla 3 nəfərdir. Bu rəqəm 3 nəfər olduqda uğurlu hesab olunur. Çünki bizdə əmək bazarı leqal deyil. Çalışanların hər 3 nəfərdən ikisi qeyri-rəsmi əmək bazarının iştirakçısıdır. Buna görə də yaş da daxil olmaqla hökumət məsələyə yenidən baxmalıdır. Bu məsələ MDB ölkələrinin heç birində Azərbaycanda olduğu qədər acınacaqlı deyil. Gözlənilən pensiya dövrü müddəti adlı bir indiqator var. Bu, pensiyanın hesablanması zamanı tətbiq edilir. Hökumət bunu 12 il, 144 ay tətbiq edir. Hökumət bunu 2006-cı ildə təsdiq edib. Həmin ildə Azərbaycanda pensiya yaşı kişilər üçün 58, qadınlar üçün 54 idi. Ondan sonrakı dövrdə pensiya yaşını 15 faizə yaxın artırıb. Ancaq hökumət gözlənilən pensiya dövrü indiqatorunu dəyişməyib, əslində onu 144 aya deyil, indiki şərtlər daxilində 72 aya salmalıdır. Yəni 144 ay saxlamaqla hesablanmalı olan pensiyanı 2 dəfə az verir. Beləliklə, bu sahədə bir çox problemlər var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.