Rusiyada yaşayan erməni ailəsinin Bakıda ev davası - Belə də olurmuş...
27-04-2016, 10:15
Hüquqlarını müdafiə etdiyim Rafiq Bəbir oğlu Əhmədov qardaşı Ramiz Əhmədovla o vaxt birlikdə yaşadıqları Ermənistan SSR-nin Amasiya rayonu, Güllübulaq kəndindəki 36 kv.m sahəsi olan ata yurdunu ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsi ərəfəsində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 16, mən.,40-da (32 kv.m sahəsi olan mənzil) yaşayan Qazarova Vera adlı şəxslə razılıq əsasında dəyişmişdir. Bu mənzilin kirayəçisi 24.08.1989-cü il tarixli, 105424 saylı dəyişmə orderinə əsasən Əhmədov Ramiz Bəbir oğlunun adına rəsmiləşmişdir. Həmin orderdə digər şəxs kimi qardaş olaraq Rafiqin adı da qeyd edilmişdir (Evin dəyişilməsi üçün Amasiya rayonun, Güllübulaq qəsəbə sovet sədri tərəfindən təsdiq edilmiş 24 iyul 1989-cu il tarixli arayışlarında da Rafiq və qardaşı Ramizin ata mülkünün sahibləri kimi adları qeyd edilmişdir). Lakin 1989-cu ildən indiyədək həmin mənzildə faktiki olaraq Rafiq ailəsilə birlikdə yaşamışdır. Onun Naxçivan şəhərində yaşayan qardaşı Ramiz 16.12.1992-ci ildə vəfat etmişdir (AZ-I seriyalı, 4336658 nömrəli “Ölüm haqqında şəhadətnamə”).
Bu arada, 2002-ci ildə necə olursa özünü rəhmətlik Ramizin qızı adlandıran Əhmədova Rəqsanə Ramizovna Rusiya Federasiyasının Ulyanovsk şəhərindən Bakıya gəlir. Araşdırdıq ki, Ramizin övladı olmasında şübhəli bildiyimiz bu şəxs 1986-cı ildə Özbəkistan Respublikasında Şaqinyan Qalina adlı, milliyəti dəqiq bilinməyən, lakin əvvəlki rəsmi nikahı erməni Şaqinyanla olan bir xanımla nikahdan kənar dünyaya gəlmişdir.
Rəqsanənin dediyinə görə o, 1989-cu ildə siyasi hadisələrə görə (Azərbaycan-Ermənistan münaqişəsinin başlanması dövrü) anası Qalina Qriqoryevna ilə birlikdə daimi yaşamaq üçün Rusiya Federasiyasının Ulyanovsk vilayətinə qohumlarının (anasının əvvəllər rəsmi nikahda olduğu əri Şaqinyanın və ondan olmuş birinci oğul övladının -13 il həbsxanada cəza çəkmiş Artur Şaqinyanın) evində 2002-ci ilədək yaşamağa başlamışdır. 2002-ci ildə Rəqsanənin Bakıdakı yaxın “qohumları”na dediyinə görə onun ogey qardaşı Artur Şaqinyan həbsxanadan çıxıb ata evinə döndükdən sonra onlar ailədə yola getmirmişlər. Ona görə də Qalinanın anası Bakıya zəng edərək əmisi olmuş Rəfaildən xahiş etmişdir ki, Rəqsanənin Bakıda təhsilini başa vurmasına yardımçı olsun. Rəqsanə 2002-ci ildən əmisi Rəfailin Nərimanov rayonunda yerləşən evində 3 il yaşamışdır. Sonradan əmisindən öyrənmişdir ki, atası Ramizin Bakı şəhəri, R.Məmmədov küçəsi, ev 16, mənzil 40-da ikiotaqlı mənzili olubmuş.
Qalina Qriqoryevna nikahdankənar dünyaya gətirdiyi Rəqsanə Ramizovnanın gələcəkdə Bakıda yaşaması üçün əvvəlcədən onun sənədlərini qaydaya salmışdır. Belə ki, Rəqsanənin doğum haqqında şəhadətnaməsində özünün Şaqinyan soyadını əvvəlki qızlıq soyadı- İrekina ilə əvəz etmiş, atası qrafasında isə Ramiz Əhmədov yazdıraraq təkrar olaraq Özbəkistana gedərək bu sənədi 1999-cu ildə düzəliş etdirməklə əldə etmişdir (məhkəmə qətnaməsi əlavə olunur). Əvvəlki doğum haqqında şəhadətnamə ilə isə Rəqsanə Rusiya vətəndaşlığı almışdır. Lakin anası öz Şaqinyan soyadını dəyişmək zorunda qalmışdır ki, bunsuz qızını Bakıya göndərmək mümkün olmayacaqdı. Rəqsanə Ramizovna Bakı şəhərində şəxsiyyət vəsiqəsi əldə edərək daimi məskunlaşması üçün 2004-cü ilin aprelində bir neçə dəfə Xətai rayonun 82 saylı MKİS-nə gedib-gəlməklə özünü atasının vaxtilə yaşadığı mənzilə varis olaraq pasport qeydiyyatına saldırmaq istəyir. Bunun yeganə yolunun vaxtilə Ramiz Əhmədovun adına açılmış «Forma-A» arayışının 11-ci (uşaqları) qrafasına guya 1989-cu ildən atasının övladı kimi öz adını, soyadını yazdırmaqla, R.Məmmədov küçəsi, ev 16, mənzil-40 ünvanına pasport qeydiyyatına düşməsinin mümkün ola biləcəyini ona başa salmışlar. Təbii ki, Rəqsanə Ramizovna 82 saylı MKİS-in kargüzarları ilə “dil” taparaq (sövdələşərək) pasport qeydiyyatına düşməsi üçün «Forma A» arayışında onun adının yazılmasını xahiş etmişdir. Verdiyi rüşvət müqabilində R.Ramizovna Ramiz Əhmədova məxsus olmuş Forma A arayışının ləğv edilmiş 11-ci qrafasında öz dəst-xəttilə «Axmedova Raksana Ramiz -1989 q.» sözlərini rus dilində yazmaqla sənədi 20 aprel 2004-cü il tarixində şəxsən saxtalaşdırmışdır. Yəni, sənədə öz ad, soyadını arxa tarixlə (1989-cu il) yazmaqla (guya 1989-cu ildən o atası ilə bu mənzildə yaşayırmış) atasının vaxtilə yaşadığı ünvana pasport qeydiyyatına düşmüşdür. Və bu saxtakarlıqdan sonra o, 08 may 2004-cü il tarixində şəxsiyyət vəsiqəsi əldə edərək asanlıqla Azərbaycan vətəndaşı olmuşdur.
QEYD: 28.02.2014-cü il tarixli Xətai Rayon Məhkəməsi müəyyən etmişdir: «Özbəkistan Respublikasının Fərqanə şəhəri, Kirqulisk rayonu, VVAQ şöbəsinin verdiyi 10.04.1999-cu il tarixli, II-FR 01 22 982 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Əhmədova R.R 08.05.1986-cı ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14.05.1986-cı ildə 366 nömrəsilə qeyd edilmiş, atası Əhmədov Ramiz Bəbir oğlu, anası İreykina Qalina Qriqoriyevnadır.” Müəyyən edilmiş bu fakt təsdiq edir ki, Rəqsanə Ramizovna 1989-cu ilədək Özbəkistan Respublikasının vətəndaşı olmuş, 1989-cu ildən hal-hazıradək Rusiya Federasiyasının vətəndaşıdır. Lakin o qeyri-qanuni yollardan istifadə etməklə - yəni faktiki olaraq heç kimin razılığı olmadan, ya “əmi”si Rəfail Əhmədovun, ya da o vaxt saxtakarlıqla pasport qeydiyyatına düşmüş R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanında faktiki yaşayan Rafiq Əhmədovun ailə üzvlərindən (həyat yoldaşı və qızı) heç birinin razılığı olmadan, gizli sövdələşmə nəticəsində Forma A arayışını saxtalaşdırmaqla özünü əsassız olaraq həmin mənzilə qeydiyyata saldırmışdır. Hətta bu saxta qeydiyyat məsələsindən yerli 82 saylı MKİS 2013-cü ilin may ayında rəsmən xəbər tutmuşdur.
Saxtakarlıqla mübahisəli mənzilə pasport qeydiyyatına düşən Rəqsanə Ramizovna onu Bakıda idarə edən “gizli qüvvələr”in göstərişilə vaxtilə “atası”nın 1992-ci ilədək yaşadığı həmin mənzili ələ keçirmək məqsədilə məhkəmə iddiası qaldıraraq əmisi Rəfailin mənzilə kirayə müqaviləsinin bağlanması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin başçısının imzaladığı 27.07.2012-ci il tarixli, 188 saylı sərəncamının ləğv edilməsini tələb etmişdir.
İddiaçı olmuş Əhmədova Rəqsanə Ramizovna cavabdeh Xətai rayon İH-nin 188 saylı, 27.07.2012-ci il tarixli sərəncamının və mənzilə kirayə müqaviləsinin etibarsızlığı ilə bağlı tələbini formal olaraq belə əsaslandırmışdır ki, guya o, 1989-cu ildə mübahisəli mənzilə qeydiyyata alınmışdır, onun həmin mənzilə olan hüquqları qüvvədən düşmüş 1982-ci ilin redaksiyasının AR Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən olunmalıdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
Bu baxımdan iddiaçı hesab etmişdir ki, onun mübahisəli mənzilə kirayəçilə eyni olan hüquqları vardır. Və iddiaçı bir müddət həmin mənzildə yaşamasa da onun bu hüquqları mübahisələndirilməmiş və o həmin hüquqlarını itirməmişdir. Buna görə iddiaçı hesab edir ki, bu hal nəzərə alınaraq onun iddianı qaldırmaq üçün subyektiv hüququ olmuşdur.
Lakin bu iş üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair Rafiq Əhmədovun iddiası iş N 2(103)-399/2016 saylı, 01 mart 2016-cı il tarixində Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim Abiddin Hüseynov tərəfindən baxılaraq iddia qismən təmin edilmişdir. Belə ki, məhkəmə kollegiyası belə nəticəyə gəlmişlər ki, baxılan iş üzrə iddiaçı cavabdeh Rəqsanə Ramizovnanın mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Halbuki məhkəmə baxışı nəticəsində ümumiyyətlə cavabdehin belə bir hüququnun yaranmadığı müəyyən edilmişdir. Bu baxımdan yaranmamış və mövcud olmayan hüquqa xitam verilə bilməz. Belə ki, məhkəmənin gəldiyi nəticə düzgündür və bu baxımdan o nəticəyə gəlirik ki, qanuna görə iddiaçı Rəqsanə Ramizovnanın belə bir iddia ilə çıxış etməsi üçün subyektiv hüququnun olmaması anlamına gəlinir.
Çox təəssüflər olsun ki, iddiaçı Rəqsanə Ramizovnanın iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasında sədrlik edən hakim Valeh Ağayevin icraatında 2-1(103)-1057/2015 saylı işə aprelin 1-də yenidən baxılmış və R.Ramizovnanı Bakıda idarə edən gizli qüvvələrin sifarişi yerinə yetirilərək sənəd saxtakarının iddiası qismən təmin edilmişdir. Bununla da hələlik bizə məlum olmayan qüvvələrin köməyinə arxalanan R.Ramizovnanın məqsədi - əsassız iddiasını təmin etdirməklə, gələcəkdə onun Forma A arayışını şəxsən saxtalaşdıraraq qeydiyyata düşdüyü mənzili ələ keçirməkdir ki, hazırda Rusiyada yaşayan Şaqinyanlar ailəsinə lazım olan informasiyaları Bakıda rahat şəraitdə oturub ötürə bilsin.
Çox maraqlıdır ki, Bakıda yaşadığı 2004-2016-cı illər ərzində bu adam cəmi 1-2 il hansısa özəl bankda çalışmışdır. Necə olur ki, konkret işi, şəxsi evi, dolanacağı, “qohumların” köməyi olmadan Bakı şəhərində gizlin və qaranlıq fəaliyyət göstərməklə məşğuldur? Hazırda da bu şəxsin hansı ünvanda faktiki yaşamasını, hətta məhkəmə və polis orqanları belə müəyyənləşdirə bilməmişlər.
Hesab edirəm ki, onun bu gündə kimlər tərəfindən maliyyələşməsi, Azərbaycan haqqında Şaqinyanlar ailəsinə hansı informasiyaları ötürməsi aidiyyatı təşkilatlar tərəfindən araşdırılmalıdır. Yalnız onu bilirik ki, onu təmənnasız müdafiə edən vəkil Polad Arif oğlu Cabbarlı etiraf etmişdir ki, Rəqsanəni müdafiə etmək hansısa “gizli”qüvvələr tərəfindən ondan xahiş edilmişdir. Mən PA-nın şöbə müdiri cənab Fuad Ələsgərovdan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevdən, Baş prokuror cənab Zakir Qaralovdan xahiş edirəm, Rusiya Federasiyasının vətəndaşı olmuş Rəqsanə Ramizovnanın hüquqi sənədləri saxtalaşdıraraq 2004-cü ildən Azərbaycan vətəndaşı olmaqla Bakıdakı gizlin fəaliyyətinin araşdırılmasına göstəriş verilsin.
Məmməd Həmidov (Rafiq Əhmədovun hüquqi nümayəndəsi)
Redaksiyadan: şikayət ərizəsini və digər materialları aidiyyəti dövlət qurumlarına araşdırılması üçün göndərdik… Qarşı tərəfi də dinləməyə hazırıq.
«Təzadlar»