20 saylı poliklinika sakinlərin yolunu "özəlləşdirib"... - Şikayət, FOTOLAR
3-05-2016, 11:05
Seyid Cəfər Pişəvəri 100 küçəsində yerləşən 20 saylı şəhər poliklinikasının ətrafında yaşayan bir qrup sakin həmin tibb ocağının rəhbərliyinin əməlindən Azinforum.az İnformasiya Portalına şikayət ünvanlayıb.
Qeyd edək ki, metronun Memar Əcəmi stansiyasına yaxın ərazidə yerləşən poliklinika yaşayış binaları ilə əhatə olunur. Vətəndaşların şikayətinin məğzi bununla bağlıdır ki, poliklinikanın rəhbərliyi onsuz da darısqal olan həyətə gedən yolu iki tərəfdən də zəbt edib:
“Təsəvvür edin ki, bir tərəfdən yola dəmirlər vurublar. Poliklinikaya heç bir aidiyyəti olmayan üzbə-üz ərazinin isə zəncirlə hasara alıb orda özləri üçün dayanacaq düzəldiblər. Həmin zəbt olunmuş yerdə poliklinikanın rəhbərliyi öz şəxsi avtomaşınlarını saxlayır. Vəziyyət o həddə çatıb ki, öz evimizə çətinliklə gedə bilirik. Dəfələrlə aidiyyəti qurumlara şikayət etsək də, problem öz həllini tapmayıb. Sizdən xahiş edirik ki, bu məsələni ictimailəşdirəsiniz”.
Azinforum.az-ın reportyorları həmin yerdə olanda sakinlərin şikayətinin əsaslı olduğunu görüblər. Bu, təqdim edəcəyimiz fotolardan da aydın sezilir. Qeyd edək ki, qarşı tərəf kimi, məsələyə 20 saylı poliklinikanın rəhbərliyinin münasibətini öyrənməyə çalışsaq da, cəhdimiz alınmadı.
Poliklinikanın baş həkiminin əlaqə nömrəsi kimi qeyd edilən (012) 530-12-42 nömrəli telefona rus dilində danışan bir xanım cavab verdi. Sualı ona ünvanlasaq da, o, tibb bacısı olduğunu əsas gətirərək, cavab vermək səlahiyyətinin olmadığını bildirdi. Təəssüflər olsun ki, həmin poliklinikadan heç bir rəhbər vəzifəli şəxs bizim sualımızı cavablandırmaq istəmədi.
Azinforum.az çəkilən fotoları təqdim edir.