Dövlət nikahı, yoxsa kəbin? - "Telefon zəngi ilə də boşanırlar"

14-06-2024, 10:44           
Dövlət nikahı, yoxsa kəbin? -
“Rəsmi dövlət nikahı təsdiq edildikdən sonra din xadimləri də dini nikah adlandırılan kəbini icra edə bilərlər. Rəsmi dövlət nikahı olmadan din xadimlərinin icra etdiyi kəbin qanunsuzdur. Din də dövlətin qaydalarına riayət etməyi əmr edir. Din xadimlərinin dövlət nikahı olmadan elan etdiyi bəzi nikahlar sonradan problemlər yaradır”.

Bunu Bakupost.Az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

İlahiyyatçının sözlərinə görə, dövlət nikahı tam dolğunluğu ilə dini nikahı əvəz edir:

“Belə ki, din xadimi əlində imkan olmadığına görə evlənən şəxslərin tam durumunu öyrənə bilmir. Dövlət isə rəsmi portallar, imkanlar vasitəsi ilə evlənənlər haqqında bütün məlumata malik olur. Yəni, din xadimi yalnız şəxslərin özlərinin sözünə əsasən, həm də bəzi hallarda şahidsiz kəbin kəsirlər. Əslində dövlət nikahı tam dolğunluğu ilə dini nikah adlanan kəbini də əvəz edir. Hər ikisində insanların evlənməsi elan edilir. Dövlət nikahı isə daha möhkəm olur. Çünki onu asanlıqla ləğv etmək, pozmaq, boşanmaq olmur. Miras məsələsində problem yaşanmır. Ancaq təkcə dini kəbin olanda telefon zəngi ilə də boşananlar olur. Din xadimi dua oxumaqla kəbini ləğv edib talaq verir, vəssalam. Bəs sonra? Miras, uşaqlar, bölgü, aliment necə olur? Yenə də dövlət, məhkəmə, qanun işə qarışır və problemləri o həll edir. Ona görə də problemi kim, hansı orqan həll edirsə, hansı qurumun hökmü keçirsə, kəbini də o elan etməlidir. Yetkinlik yaşına çatmayan, rəsmi nikahı olmayan, vətəndaşlıq problemi, başqa uyğunsuzluqları olan çox şəxslərlə bağlı din xadimləri bir çox hallarda kəbin kəsiblər. Bu, düzgün deyil. Din xadimi yalnız dövlət nikahından sonra kəbin oxuya, icra edə bilər. Bu dinimizə və dövlətin qanunlarına da uyğundur”.

Qeyd edək ki, bundan sonra yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni, 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir.

Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Vasif Əlihüseyn












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.