"Şərurlu İsfəndiyar"ın günahı “150 kiloluq qadın”da gördüyü hadisəyə kim cavabdehdir? - ARAŞDIRMA
15-06-2024, 00:05
Məlum olduğu kimi, ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb.
Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. “Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov hadisənin baş verməsinin səbəbini açıqlayıb:
“Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib.
Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”.
“Şərurlu İsfəndiyar” məlum hadisədən sonra sosial şəbəkələrdə “Şərur MTK”nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib: “Kim nə yazır özü bilər. Sağ olsunlar”.
Qeyd edək ki, indiyədək də “Şərur MTK”nın tikdiyi binalarla bağlı yaranmış müxtəlif problemlər sakinlər tərəfindən narazılıqla qarşılanıb. Həmin problemlər yarandığı dövrdə də MTK rəhbərliyi tərəfindən etinasız yanaşılıb. Baş verən hadisə ilə bağlı da MTK rəhbərinin fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Yaranmış vəziyyətlə bağlı sakinlərə ən azından MTK rəhbərinin mənəvi dəstəyi mühüm şərt hesab edildiyi halda, xəsarət alan sakinlər barədə işlətdiyi ifadələrin qeyri-etikliyi diqqəti cəlb edib.
Ümumiyyətlə, bu, Bakıdakı binalarda liftlərlə bağlı yaranan ilk problem deyil.
İndiki halda liftdə problemin yaranmasına cavabdeh qurum hansıdır?
Məsələ ilə bağlı Bakı İcra Hakimiyyətindən “Cebhe.info”-ya verilən məlumata görə həmin lift “Şərur MTK”-ya aiddir:
“Ümumilikdə Bakıdakı binalara qoyulan liftlərlə bağlı 3 variant var. Belə ki, 5500-ə yaxın lift Bakı Lİft Təmir İstehsalat Birliyi İdarəsinin xidmətindədir. Kommunal Departamentin balansında olan liftlərə Bakı Lift Təmir İstehsalat Birliyi xidmət göstərir. Bundan başqa, minə yaxın yeni tikilən binada liftə MTK-lar özləri nəzarət edir. Eləcə də sovet dövründən qalmış 9-10 mərtəbəli kooperativ binalar var ki, onlar öz liftlərinə özləri xidmət göstərirlər.
İdarə, təşkilat, müəssisələrə aid binalardakı liftlərə ayrı qurumlar tərəfindən xidmət göstərilir. Biz ancaq departamentin balansında olan binaların liftlərinə xidmət göstəririk”.
Hüquqşünas Əsabəli Mustafayev isə hadisədəki digər məqamlara toxunub:
“Onun ("Şərurlu isfəndiyar"-red.) rəhbəri olduğu tikintilərlə bağlı əvvəllər də müəyyən şikayətlər eşitmişdik. Ancaq burada məsələ bir qədər fərqlidir. Hər bir avadanlığın özünün yükgötürmə qabiliyyəti var. Məsələn, bu avtomobil, yaxud digər avadanlıq olsun. MTK rəhbərinin şəxsiyyətini kənara qoyuram, danışıq tərzinə görə yaxşı deməyib. Çünki hadisə baş verib, insanlıq onu tələb edirdi ki, o insanların düşdüyü vəziyyəti nəzərə almaq, canıyananlıqla yanaşsın. Bizim bəzi sahibkarlarda mərhəmət hissi çatışmır. Vətəndaşların özündə də məsuliyyət olmalıdır. Əgər məsuliyyət yoxdursa, bizi hər an təhlükə gözləyə bilər. Yəqin ki, araşdırma gedəcək. Əgər məlum olsa ki, liftin çölündə yükgötürmə qabiliyyətinin 4 nəfər və neçə kiloqram olmasına dair elan var, bunun hüququ çəkisi həmin vətəndaşların öz üzərinə düşür.
Bu halda başqa təqsirkar axtarmağa dəyməz. Məsələn, hardasa elektrik transformatoru var və üzərinə yazılıb ki, “əl vurma, öldürər!”, kimsə gedib əl vuranda onu öldürürsə, burada kimisə günahlandırmaq olmaz. Yaxud vətəndaş piyada keçidindən deyil, avtomobil yolundan keçirsə, yaşıl işığı gözləməyib qırmızı işıqda keçərək xəsarət alırsa, əlbəttə, bu, vətəndaşın öz günahıdır. Hər bir vətəndaş məsuliyyətli olmalıdır. Xüsusilə də xəbərdarlıq olan bölgələrdə belə davranmaq tələb olunur.
Əgər həmin liftdə məlumatlandırma lövhəsi yoxdursa, o zaman istismarına cavabdeh olan MTK, ya da istimarı həyata keçirən servis xidməti günahkardır. Həmin xəsarət alanlara dəstək olmaq, müalicəsini həyata keçirmək artıq xeyriyyəçilikdir. Əgər MTK rəhbəri xeyriyyəçilik etmək istəsə, bunu reallaşdıra bilər. Ancaq məcbur etmək hüquqdankənar bir məsələ olacaq”.