163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
6-07-2024, 17:04
FED.az xəbər verir ki, dərman preparatlarının satın alınması ilə bağlı 2023-cü ilin əvvəlindən indiyə qədər Dövlət Satınalmaları portalı vasitəsilə 70 ədəd tender keçirilib. Tenderlərin ümumi həcmi nə az, nə çox 163 milyon 462 min AZN təşkil edib.
FED.az xəbər verir ki, say baxımından digər rəqiblərindən geridə qalsada maksimum məbləğdə sifariş alan "Avromed Company" QSC şirkəti 5 tenderi udaraq sayca tenderləri ən çox udan 5-ci şirkət olub. Adı çəkilən şirkətin udduğu tenderlərin dəyəri 51 164 388 AZN təşkil edir.
Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.
Dərman satışı tenderlərində ən çox sifariş alan ikinci şirkət "Zeytun Pharmaceuticals" MMC şirkəti olub. Şirkətin udduğu tenderlərin dəyəri 47 272 860 AZN təşkil edir və 9 tender udub.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.
Tenderləri sayca ən çox udan şirkət "Solamedical" MMC şirkəti olub. Adı çəkilən şirkət 16 627 822 AZN dəyərində 20 tenderin qalibi olub.
Qeyd edək ki, “Solamedıcal” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Səlimov Akif oğludur. Hüquqi ünvanı AZ1106, Bakı Şəhəri Nərimanov Rayonu, M. Araz, ev 18 ünvanında yerləşir.
"Rinara Pharma" MMC və "Farmqrup" MMC hər ikisi ayrı ayrılıqda 7 tenderin qalibi seçilib. Uyğun olaraq "Rinara Pharma" MMC 5 278 431 AZN dəyərində, "Farmqrup" MMC isə 3 806 382 AZN dəyərində tenderləri uda biliblər.