“Azəryolservis” Ucar sakinin şikayətinə cavab verdi
2-06-2015, 16:48
Ucar rayonu Gəraybəyli kənd sakini Cəbrayılova Gültəkin İnşallah qızı tərəfindən sizin redaksiyanıza daxil olan və sizin tərəfinizdən qarşı tərəfin, yəni Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mövqeyi öyrənilmədən dərc olunan məqaləyə cavab olaraq nəzərinizə çatdırmaq istəyirik ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması layihəsi Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçirilir. Avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızına məxsus təmir sexi tikinti sahəsindən kənarda yerləşir. Bu səbəbdən həmin şəxsə kompensasiyanın ödənişi nəzərdə tutulmayıb. Lakin sözügedən təmir sexi tikinti sahəsindən kənarda yerləşməsinə baxmayaraq , Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə giriş-çıxış təmin olunacaq.
Vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızının Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşlarının ona və ailəsinə hücum etməsi barədə dedikləri həqiqəti əks etdirmir. Bir daha vurğulamaq istəyirik ki, onun obyekti tikinti sahəsindən kənarda yerləşir və aparılan işlərə təmir sexinin heç bir maneəçiliyi yoxdur. Belə olan halda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları niyə görə həmin ailəni narahat etməlidir ki?... Əksinə həmin xanım və onun ailə üzvləri hər dəfə ərazidə yolun tikilməsinə müxtəlif yollarla mane olmağa çalışırlar.
Qeyd etmək istəyirik ki, sözügedən təmir sexinə yol var, sadəcə olaraq ərazidə tikinti işləri aparıldığı üçün ideal vəziyyətdə deyil. Yəni ora nəqliyyat vasitələrinin giriş-çıxışı üçün heç bir problem yoxdur. Tikinti işləri başa çatdıqdan sonra da Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə ayrıca olaraq giriş-çıxış təmin olunacaq.
Buna baxmayaraq əgər həmin vətəndaşın hər-hansı bir narazılığı varsa bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bu onun bir vətəndaş olaraq haqqıdır.
Hörmətlə:
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin
Mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli