BİR MƏNZİL, BİR NEÇƏ SAHİB... - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?

Dünən, 11:08           
BİR MƏNZİL, BİR NEÇƏ SAHİB... -
Bakıda mənzil alıb öz evində yaşamaq arzusu ilə yola çıxan bir çox insan aldadıcı satışların qurbanına çevrilir. Problemdən ən çox əziyyət çəkənlər sırasında isə gənc ailələr, təqaüdçülər və xaricdə işləyib Azərbaycanda ev almaq istəyən miqrantlar yer alır. Onlar üçün mənzil sahibi olmaq uzun illərin zəhmətinin bəhrəsi hesab olunur, lakin bu arzu tez-tez kabusa çevrilir.

Son günlərdə mətbuatda eyni mənzilin bir neçə nəfərə satılması ilə bağlı xəbərlərin artdığı müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, bu hallar tək-tək deyil, sistemli şəkildə həyata keçirilən bir problemdir. Məlumata görə, təkcə son üç ildə Bakıda mənzil alaraq aldadıldığını bildirən şəxslərin sayı 1000-dən çoxdur.

Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, ölkədə 5000-dən çox şəxs eyni mənzilin bir neçə nəfərə satılması dələduzluğunun qurbanı olub. Məsələn, yerli KİV-də yayılan xəbərlərə əsasən, Bakıda bir evin hətta 70 nəfərə satılması kimi hallar da mövcuddur.

Söhbət “Star-M” MTK-nın rəhbəri Məhərrəm Məhərrəmovdan gedir. Onun eyni mənzili 70-dən çox vətəndaşa satdığı bildirilir. Mətbuatda yer alan digər bir məlumata görə, Yeni Yasamal ərazisində bir mənzil 37 nəfərə satılıb. Bu kimi onlarla, yüzlərlə fakt mövcuddur. Onların bir qismi artıq illərlə məhkəmə çəkişməsi yaşayır, digərləri isə nə pullarını, nə də mənzillərini geri ala biliblər.

Aparılan müşahidələrə əsasən, bu hallar bir neçə səbəbdən baş verir:

Qanunsuz müqavilələr – Mənzillər bəzən sadəcə MTK səviyyəsində hazırlanmış, heç bir hüquqi qüvvəyə malik olmayan sənədlərlə satılır və vətəndaş bundan xəbərsiz olur.
Notariat və reyestr yoxluğu – Qanunla tələb olunduğu halda alqı-satqı müqavilələrinin notariatda təsdiqlənməməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması problemin digər bir səbəbidir.
Alıcıların hüquqi savadsızlığı – Vətəndaşlar çox zaman sənədin hüquqi qüvvəyə malik olub-olmadığını bilmədən, sadəcə şirkətə güvənərək alqı-satqı prosesinə daxil olurlar ki, bu da sonradan məyusluqla nəticələnir.
MTK-ların qeyri-rəsmi fəaliyyəti – Bəzi tikinti şirkətləri qeydiyyatsız fəaliyyət göstərir və bir neçə mənzili bir neçə alıcıya satmaqla qısa müddətli qazanc əldə etməyə çalışırlar.
Bəs bu kimi halların baş verməməsi üçün hansı addımlar atılmalıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "AzPolitika"-ya şərhində bildirib ki, son 30 ildə qanunvericilikdə dəyişikliklər olsa da, yeni tikili binaların alqı-satqı prosesində ciddi yeniliklər müşahidə olunmur:“Artıq 30 ilə yaxındır ki, yeni çoxmənzilli binalar inşa olunur. Bu işlər əsasən özəl sektor tərəfindən həyata keçirilir. Tikinti işlərinin artması ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda vətəndaşların mənzil problemlərini aradan qaldırır. Lakin görürük ki, yeni tikililərdə mənzil satışında hələ də köklü dəyişiklik baş verməyib. Əgər həmin binalardakı mənzillərin çıxarış sənədi yoxdursa, onların alqı-satqısı tikinti şirkəti tərəfindən aparılır. Şirkətlə vətəndaş arasında müqavilə bağlanır və vətəndaş pulu tam ödəyibsə, ona sadəcə maliyyə arayışı təqdim olunur”.

Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün yeni tikililərdə müqaviləli mənzillərin satışı tikinti şirkətləri tərəfindən deyil, dövlət qurumları vasitəsilə aparılmalıdır: “Məsələn, bu işlə "ASAN xidmət" və ya notariuslar məşğul ola bilər. Bu zaman problemin qarşısı effektiv şəkildə alına bilər. Nə qədər ki, alqı-satqılar sadəcə tikinti şirkətinin verdiyi maliyyə arayışı ilə həyata keçiriləcək, bu cür halların qarşısını almaq çətin olacaq. Çünki hüquqi baza zəifdir və reyestr aparılmır. Lakin onu da qeyd etməliyik ki, son illərdə ölkədə tikinti şirkətlərinin sayı azalıb. Hazırda bazarda yalnız sınaqdan çıxmış, etibarlı brendini qoruyan şirkətlər fəaliyyət göstərir. Onlar daha çox bina inşa edib, nüfuzlarını qorumağa çalışırlar”.

Qeyd edək ki, vətəndaşlar aldadılma hallarının qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirməlidirlər:

Alqı-satqı müqaviləsini yalnız notarius vasitəsilə bağlamaq;
Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda olub-olmadığını yoxlamaq;
MTK-nın dövlət qeydiyyatını, əvvəlki layihələrini və fəaliyyət icazəsini araşdırmaq;
Mütəxəssis və ya hüquqi məsləhət almaq.
Göründüyü kimi, Bakıda eyni mənzilin bir neçə nəfərə satılması problemi ciddi sosial və hüquqi məsələlər doğurur. Bu problemin həlli üçün həm dövlət orqanlarının nəzarəti gücləndirilməli, həm də vətəndaşların hüquqi maarifləndirilməsi təmin edilməlidir. Yalnız bu yolla vətəndaşların hüquqları qorunaraq, dələduzluq hallarının qarşısı alınması mümkündür.

E. Bəyməmmədli
"AzPolitika.info"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.