“Hər laçınlı ailəsindən orduya bir zabit” devizinin reallaşması ordu-xalq birliyinin təzahürüdür - tədbir

26-06-2015, 10:58           
“Hər laçınlı ailəsindən orduya bir zabit” devizinin reallaşması ordu-xalq birliyinin təzahürüdür - tədbir
Ərazisi işğal altında olan Laçın rayonda ən çox diqqət yönəldilən məsələlərdən biri də yeniyetmə və gənclərimizin ali hərbi məktəblərə istiqamətləndirilməsidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 4 mart tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Qarabağ müharibəsinin fəal iştirakçısı Akif Səlimov vəzifəsinin icrasına başladığı ilk günlərdən etibarən yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların ali hərbi məktəblərə istiqamətləndirilməsi sahəsində davamlı təbliğat işlərinin aparılmasına ciddi ehtiyac olduğunu bildirmiş və “Hər laçınlı ailəsindən orduya bir zabit” təşəbbüsü ilə çıxış etmişdir. Ürəkləri Vətən, torpaq, yurd eşqi ilə döyünən laçınlılar bu təşəbbüsü hamılıqla bəyənmiş, torpaqlarımızın azad edilməsinin və ərazi bütövlüyümüzün qorunmasının yeganə yolunun hərb sənətinin sirlərinə dərindən yiyələnməkdə gördüklərini bəyan etmişlər.

DİA.AZ xəbər verir ki, bu təşəbbüs artıq ilk bəhrəsini vermiş, laçınlı gənclərdən 2013-cü ildə yeddi, 2014-cü ildə 12 nəfər hərbi məktəblərə daxil olmuşdur. Cari dərs ilində bu istiqamətdə məqsədyönlü tədbirlər davam etdirilmiş, 2015-ci il 1 iyun vəziyyətinə olan məlumata əsasən Laçın rayonunun ümumtəhsil məktəbləri üzrə hərbi məktəblərə sənəd vermək arzusunda olan 42 nəfərdən 28 nəfəri tibbi komissiyadan keçmiş, hazırda onlar qəbul imtahanlarına ciddi hazırlaşırlar. Ümumiyyətlə, laçınlı yeniyetmə və gənclər arasında bu sahəyə maraq daha da artmış, bütün bunlar tarixi və əzəli torpaqlarımızın düşməndən azad edilməsinə hesablanmışdır.
Laçınlılar, 26 iyun - Silahlı Qüvvələr Günü bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edirlər ki, hamı bir nəfər kimi torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün istənilən vaxtda veriləcək döyüş əmrini ləyaqətlə yerinə yetirməyə tam hazır olmaqla tarixi qələbənin təmin olunması üçün istənilən fədakarlığı həyat amalı olaraq qəbul edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.