“Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..." - Ekspertdən ETİRAZ

6-05-2024, 13:11           
“Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..." - Ekspertdən ETİRAZ
Rəqs incəsənətin ən gözəl növlərindən biri olsa da, buna kobud elementlər gətirənlər də az deyil. Sosial şəbəkələrdə bu faktın tez-tez şahidi oluruq. Uşaqların, yeniyetmələrin əcaib, əndrabadi rəqs videolarını görmək mümkündür. Özlərinə rəqs müəllimi adı verib, rəqsdən anlayışları belə olmayan o şəxslər həqiqətən də uşaqların gələcəyi ilə oynayırlar. Bəlkə də bir çoxlarının heç bu sahədə diplomu belə yoxdur. Sırf instaqram və yutub reklamı üzərindən öz “akademiya”-larına uşaq qəbul edirlər. Həmin “müəllim”-lərin yetişdirdiyi uşaqları toylarda da görürük. Kaş görməz olardıq. Artıq qlobal mövzuya çevrilən rəqs mövzusunu da görməzlikdən gəlmək olmazdı. Peşəkar rəqqaslar bu məsələdə əsas günahı rəqs müəllimlərində görür.

Moderator.az-a açıqlama verən rəqqas Tahir Eynullayev bildirib ki, bu artıq ciddi məsələyə çevrilib.
“İndi hər tin başı özünə rəqqas deyən insanlar məktəb açır. Özü də rəqs məktəbi akademiyası. Təəssüflər olsun ki, bu çox yayılıb. Həmin müəllimlər sosial şəbəkələrdə də reklam xarakterli videolar çəkirlər. Etdikləri hərəkətdən, tutduqları işdən sanki fərəhlənirlər. Mən onlara müəllim, rəqqas deyə bilmərəm, çünki bunlar qeyri peşəkardırlar. Biz gərək düzgün təbliğat aparaq. Valideynlər mütləq uşağı harasa aparanda müəllimin diplomunu soruşmalıdırlar, peşəkardır yoxsa yox?! Onlar heç rəqqas vücudunda da deyillər. Bizdə olmayıb ki, otura-otura, bəzi yerlərini göstərə göstərə rəqs oynayasan. Bilmirsən xanım rəqs edir, yoxsa kişi?! Bizim xanımların xanım-xatun kimi rəqsləri olub. Qəmər Almaszadə, Əminə Dilbazi, Xumar Zülfüqarova və s. insanlar bu cür rəqslər oynamayıblar. Bu insanlar heç bilmir ki, Qəmər Almaszadə, Əminə Dilbazi kimdir?! Kişi kimi hərəkətləri qızlara, azyaşlı uşaqlara öyrədəndə nə qazanırlar? Valideynlər nə fikirləşir? Qızlar sabah nə tərbiyə alacaqlar?” deyə o bildirib.
Tahir Eynullayev bildirib ki, rəqs məktəblərinin fəaliyyətinə mütləq nəzarət edilməlidir.
“Hansısa qurum olmalıdır ki, bu hallara stop desin. O müəllimlər yaxşı pul qazanırlar, amma 3-4 hərəkətdən savayı heç nə bilmirlər. Sonra nə olacaq? O hərəkətlərlə nə qədər rəqs edəcəklər? Bu mənə görə böyük bir fəlakətdir. Ümumiyyətlə Bakıda kimsə qeyri-peşəkar müsabiqələr keçirirsə, Mədəniyyət Nazirliyinə tabe olan incəsənət məktəbləri o müsabiqələrdə iştiraka qadağa qoyur. Bu düzgün qadağadadır. Belə də olmalıdır. Rəqs mədəniyyətimizin və ruhumuzun bir parçasıdır. Əcaib elementlər bu sənətə kölgə salır” deyə rəqqas bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.