Elm və təhsil naziri Emin Əmurallayev:Universitetinin incəsənət və turizm ixtisasları Şuşada tədris olunacaq
6-05-2024, 18:25
Gələcəkdə Qarabağ Universitetinin incəsənət və turizm yönümlü ixtisasları Şuşada tədris olunacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, ilkin mərhələdə təxminən 1000 tələbənin qəbulu nəzərdə tutulub. Lakin burada kəmiyyətlə yanaşı keyfiyyət də önəmlidir.
"İstəyirik ki, gənclərimiz Qarabağ Universitetinin mənəvi elementini anlasınlar. Həmçinin keyfiyyətli təhsil üçün ən yüksək nəticə göstərən tələbələri qəbul edək. İlkin olaraq 6 fakültə üzrə qəbul aparılması planlaşdırılır. Bunlar pedaqogika, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, turizm və incəsənətdir".
Emin Əmrullayev onu da qeyd edib ki, bütün tələbələr üçün Qarabağ Universitetində təhsil ödənişsiz olacaq.
"Tələbələr üçün bir sıra güzəştlər də nəzərdə tutulub. Dövlət təqaüdü ilə yanaşı yüksək bal toplamış tələbələrə əlavə təqaüd də veriləcək. Növbəti illərdə hər il 1500-2000 tələbəni qəbul etməklə yaxın 3-4 il ərzində tələbə sayını 5000-ə qaldırmağı düşünürük. Bütün qüvvələrimizi səfərbər etməklə Qarabağ Universitetini qısa zaman ərzində Azərbaycan təhsilinin yeni bir səhifəsinə çevirmək niyyətindəyik". TEREF