MHP-ni hakimiyyətdən kənarda qoyan SƏBƏBLƏR
16-07-2018, 00:39
Prezident üsul-idarəsinə keçən Türkiyə yeni hökumətini artıq qurub.
Rəcəb Tayyib Ərdoğan yeni sistemdə Türkiyənin ilk prezidenti kimi fəalliyyət başlayıb. Sistemin mahiyyətinə uyğun olaraq Baş nazirlik institutu ləğv edildi. Nəticədə Binəli Yıldırım Türkiyə tarixinin son baş naziri oldu. Qeyd edək ki, Binəli Yıldırım ötən gün keçirən seçkilərdə Türkiyə Böyük Millət Məclisinin sədri seçildi.
Türkiyədə növbədənkar prezident və parlament seçkilərinin keçirilməsini təklif edən və bu prosesdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) birbaşa dəstək verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) və onun lideri Dövlət Baxçalının yeni qurulacaq hökumətdə yer alacağı deyilirdi. Lakin Türkiyədə yeni hökumət formalaşsa da, gözləntilər doğrulmadı, MHP-dən heç kim hakimiyyətdə təmsil olunmadı. Türkiyə Böyük Millət Məclisinə keçirilən sədr seçkilərində də MHP namizəd irəli sürmədi və AKP-nin namizədi olan Binəli Yıldırımı dəstəklədi.
Maraqlıdır, MHP niyə hakimiyyətdə təmsil olunmadı? Hansı faktorlar MHP-ni hakimiyyət bölgüsündən kənarda saxladı?
Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, MHP-nin missiyası hakimiyyətdə təmsil olunmaq deyil: “Türkiyənin bu çətin dönəmində dövlətçi partiya olaraq MHP AKP-nin və prezident Ərdoğanın yanında durmalı idi və durdu da, durmaqda da davam edir. Çünki görüləsi işlər çoxdur. Ərdoğan-Baxçalı birliyi böyük hədəflərə yönələn ittifaqdır. MHP-nin Nazirlər Kabinetində iştirakı önəmli deyil. Önəmli olan MHP-nin AKP-nin yanında, arxasında olmasıdır”.
Politoloq Məhəmməd Əsədullzadə isə hesab edir dövlət idarəçiliyində MHP ilə AKP arasında fikir ayrılığı mövcuddur. Ona görə də MHP hakimiyyətdə yer almaqda maraqlı olmayıb:
“Türkiyədə keçirilən prezident və parlament seçkilərində Ərdoğanın qalib gəlməsində MHP və onun sədri Dövlər Baxçalının rolu əhəmiyyətli şəkildədir. Seçkidə güclü, birləşmiş müxalifətlə üz-üzə qalan AKP və partiyanın sədri Ərdoğanın CHP-nin prezidentlyə namizədi Məhərrəm İncə ilə ikinci tura gedəcəyi istisna deyildi. MHP-nin AKP tarixi dəstəyi olmasa idi, bu gün AKP seçkini uduzub, müxalifətə keçəcəkdi. Qeyd edim ki, Türkiyə əleyhinə həm daxildə, həmdə xaricdə kampaniyalar aparılırdı. Ölkə terrorizmə qarşı əməliyyatlar aparır.
Xarici təhdidlər Türkiyənin təhlükəsizliyinə qarşı olduğu üçün MHP AKP-yə öz dəstəyini ifadə etdi. Hesab edirəm ki, AKP növbəti dönəmdə hakimiyyətdə qaldığı üçün MHP-yə minnətdar olmalıdır. Çünki CHP və İyi Partiyanın əsas məqsədi hakimiyyətə gəldikdə AKP-ni siyasi səhnədən silmək idi. AKP üçün çətin sınaqlar gözlənilirdi. Artıq bunlar arxada qalıb. Qeyd edilirdi ki, MHP növbəti hakimiyyətdə yer alacaq. Ancaq, Dövlət Baxçalı verdiyi müsahibədə hakimiyyətdə yer almayacaqlarını qeyd etmişdi. Onun davası millət və dövlət davası olduğu üçün bu hakimiyyətdə yer almadı. Amma yeni hakimiyyətdə ən yüksək vəzifə almağa təbii haqqı var idi. Həmçinin partiyasından yeni nazirlərin seçilməsi reallaşa bilərdi.
Görünür, müəyyən məsələlərdə AKP ilə MHP arasında fikir ayrılıqları var. Həmçinin AKP-nin dini baxışlı kəsiminin millətçilərlə eyni kursu aparmağı çətin olardı. Bu problemləri yaşamamaq üçün hər halda MHP hakimiyyətdə təmsil olunmayıb. Həmçinin prezident Ərdoğanın tək hakimiyyət üsul-idarəsini yaratması, fərqli fikirləri qəbul etməməsi onun MHP ilə hakmiyyəti bölüşməməsinin də əsas səbəbi kimi dəyərləndirirəm. Əgər parlamentar sistem saxlanılsaydı, koalisiya hökumətində MHP yer ala bilərdi”.