Tramp Bakını SEÇDİ! - İrəvan üçün OYUNUN SONU
Bu gün, 09:27
Prezident Ağ Evin yeni rəhbəri dönəmində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını istisna etməyib, Amerika kəşfiyyatına bağlı mərkəz də Vaşinqtonun Bakıya “stavka” edəcəyini proqnozlaşdırıb; Ermənistan sülh prosesində nala-mıxa vurmağı yığışdırmasa...
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin taleyinə böyük ehtimalla məhz bu il ərzində aydınlıq gəlməlidir. Daha doğrusu, hər şey Ermənistan tərəfinin məsələyə nə dərəcədə ciddi yanaşacağından asılı olacaq. Çünki Azərbaycanın bu xüsusda edəcəyi heç nə qalmayıb. Ortam tam bəlli və aydın. “Top” çoxdan Ermənistanın meydanında. Təəssüf ki, təzə ildə də İrəvan rəsmilərinin pozitiv yanaşmasını görmürük. Hələ də “göylərdə süzür”, söz oynatmaqla məşğuldurlar. “Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərbaycan tərəfinin müsbət cavabı olduğu təqdirdə müqaviləni imzalamağa hazırıq”.
Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsi ilə bağlı danışarkən belə deyib. Xatırladaq ki, ötən il dekabrın 18-də İlham Əliyev rusiyalı jurnalist D.Kiselyova müsahibəsində 17 maddədən ibarət sülh sənədinin yalnız iki bəndinin razılaşdırılmadığını söyləmişdi.
Bunlar: 1. Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası. 2.Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa Birliyinin (AB) müşahidə missiyasının fəaliyyətinin dayandırılması.
Əlavə olaraq, Prezident Azərbaycanın 2 şərtini bəyan etmişdi: 1. Ermənistan konstitusiyası dəyişməlidir - torpaq iddiası. 2. İrəvan ATƏT-in Minsk Qrupunun (MQ) ləğvinə razılıq verməlidir. Söz düşmüşkən, yanvarın 9-da “facebook”-da etdiyi paylaşımda Paşinyan MQ-nin buraxılmasını yenə də mümkün sayıb, lakin sülh müqaviləsindən sonra. Niyə indi yox, sülh müqaviləsində sonra? Yada salaq ki, yanvarın 7-də verdiyi müsahibədə prezident Əliyev Paşinyanın özünü “sülh göyərçini” kimi apardığını bildirmiş, sülh sənədi ilə bağlı Azərbaycanın tələb-şərtlərinin dəyişməz qaldığına bir daha diqqət çəkmişdi. Həmçinin bildirmişdi ki, Ermənistana sülh müqaviləsi lazım deyilsə, Azərbaycana da gərək deyil.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Paşinyana cavabında deyib ki, Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir. Qeyd edib ki, Ermənistanın “sülhsevər narrativi” regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir: “Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın”. Yəni yenə söz oyunu...
Maraqlıdır ki, Paşinyanın açıqlaması ilə eyni gündə xarici işlər naziri Ararat Mirzoyan Bakının sülh sənədi ilə bağlı iki tələbdən birini rədd edən açıqlama verib. Bildirib ki, Avropa Birliyinin Ermənistandakı missiyası bitməyəcək. “Nə qədər ki, Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur, nə qədər ki, atəşkəs rejimi pozulur, Ermənistanda AB-nin mülki missiyasına ehtiyac qalacaq”, - Mirzoyan riyakarcasına vurğulayıb. Delimitasiya isə uzun prosesdir. Belə çıxır, o bitənədək sülh müqaviləsi olmayacaq? Axı Azərbaycanın Gürcüstanla sərhədi də tam delimitasiya edilməyib, amma iki ölkənin sərhədində heç bir xarici qüvvə yoxdur, olmayıb. Belə olan surətdə Paşinyan Bakıdan hansı cavabı gözləyir, əgər onun naziri razılaşdırılmamış iki bənddən birinə bu cür qeyri-ciddi yanaşırsa?
Hərgah nikbin fikirdə olanlar da var. Məsələn, ReAL Partiyasının sədri Natiq Cəfərli sülh müqaviləsinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəstəyi ilə, bu il imzalanacağını söyləyib: “Düşünürəm ki, sülh müqaviləsinin imzalanması çox yaxındır. Müqavilə və ya ən azı çərçivə sazişi Trampın dəstəyi və ya ABŞ-nin moderatorluğu ilə bu il imzalanacaq. Yəni Tramp israr etsə, ”yox" deyilməyəcək. Hətta çox güman ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına dair sənəd də eyni gündə imzalanacaq".
Yeri gəlmişkən, bu günlərdə ABŞ-ın “beyin mərkəzləri”ndən olan “Stratfor”un analitikləri 2025-ci il üçün hazırladıqları təhlildə Trampın Cənubi Qafqazda İrəvana deyil, Bakıya “stavka” edəcəyini qeyd ediblər. Məlum müsahibədə isə İlham Əliyev məhz Tramp dönəmində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını istisna etməyib. Sülh sənədi ilə bağlı 2025-dəki nikbin gözləntilər əsaslıdırmı? İkinci yandan, Paşinyan “razılaşdırılmamış iki maddə üzrə təkliflər vermişik və Bakıdan cavab gözləyirik” deyərkən nəyi nəzərdə tutur?
Deputat Ceyhun Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın ABŞ-la münasibətləri hər zaman yaxşı olub. “Cənab prezident bu münasibətlərin inkişafda odluğunu həmişə qeyd edib. Bizim NATO çərçivəsində ABŞ-la əməkdaşlığımız, təhlükəsizlik və enerji sahəsində əlaqələr, sülhməramlı kontigentdə iştirakımız, beynəlxalq terrorizmə qarşı birgə mübarizədə rolumuz olub. ABŞ bu amilləri hər zaman bəyan edib. Lakin Bayden prezident olduğu dövrdə qərəzli və ədalətsiz yanaşma ilə qarşılaşdıq, bu iqtidar Ermənistanın haqsız mövqeyini müdafiə etdi. Bununla belə, cənab prezident qeyd etdi ki, ABŞ-nin yeni rəhbərliyi ilə əməkdaşlığımız olacaq. Doğrusu, hazırda Ermənistan hökuməti də Tramp administrasiyası ilə əməkdaşlığa səy göstərir. Amma nəzərə alaq ki, Trampın ilk prezidentliyi dönəmində də Azərbaycanla yaxşı əlaqələr olub. Həmçinin, Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz”, - deyə deputat belə şərh edib.
C.Məmmədov hesab edir ki, bu məqamları nəzərə alsaq, sülh müqaviləsinin imzalanmasında Ağ Evin yeni rəhbərliyinin dəstəyi olacağı gözləntisi var: “Bayden hakimiyyəti sülh sənədinin imzalanması üçün dəstək olmadı, Ermənistanın tərəfini saxladı. O baxımdan, ABŞ-nin yeni administrasiyasından sülh prosesinə əhəmiyyətli töhfə gözləyirik. Bayden komandası çox çalışdı ki, Azərbaycan yarımçıq sülhə imza atsın, lakin onların istəyi alınmadı. Beləliklə, cənab prezidentin yerli mediaya müsahibəsində də səsləndirdiyi fikirlərə diqqət yetirsək, sülh prosesi ilə bağlı irəlidə böyük ümidlər olduğunu söyləyə bilərik”.
Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 bəndindən əlavə, şərtlər var: “Prezident İlham Əliyev yeni şərtlərlə çıxış etdi. Çünki Ermənistan silahlanır və konstitusiyasında dəyişiklik etmir. Zəngəzur dəhlizinin açılmasında da tərəddüd edir. Ermənistanda faşizm yoxdursa, silahlanma nəyə lazımdır!? Ermənistan deyir ki, iki təklif göndərmişik, Azərbaycan razılaşsa sülh bağlamağa hazır olduğunu elan edir. Ermənistanın bu kimi şərtləri rəsmi Bakının əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır. Bu il sülh müqaviləsinin bağlanması üzrə danışıqlar da irəliləyişlər mümkün görünmür. Ermənistan rəhbərliyi prosesi tormozlayır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”