“DEDİ Kİ,TƏHLÜKƏLİ HEÇ NƏ YOXDUR, İMZALA GETSİN” – Cahangir Hacıyevin məhkəməsi

19-02-2019, 09:47           
“DEDİ Kİ,TƏHLÜKƏLİ HEÇ NƏ YOXDUR, İMZALA GETSİN” – Cahangir Hacıyevin məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşmişdi.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı”ASC, Vergilər Nazirliyi və “Aqrokredit” bank tanınıb.

Zaqatalada, köhnə kərpic zavodunun yerində…

Prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən Nəvai Şirinov dindirilib. O, ifadəsində deyib ki, Dünyamin Xəlilovu 2005-ci ildən deputatlığa namizəd olan vaxtlardan tanıyırdı. Onunla Zaqatala şəhərində tanış olmuşdu.

Şirinovun dediyinə görə, 2007-ci ildə D.Xəlilov onu yanına çağıraraq “Alfa Construction” MMC təsis edildiyini, həmin cəmiyyətin sifarişi ilə Beynəlxalq Bankdan götürüləcək kredit vəsaiti hesabına Zaqatalada köhnə kərpic zavodunun yerində yeni yaşayış binaları tikiləcəyini bildirib, adıçəkilən şirkətə direktor təyin etmək istədiyini deyib.

“Bu vəzifəyə məni Dünyamin Xəlilov gətirib. Direktor işlədiyim dövrdə 300-600 manat əməkhaqqı almışam. Biz tikinti ilə məşğul olmuşuq. Sonradan mən “Kənan İnşaat” şirkəti ilə işləməyə başladım, Beynəlxalq Bankdan adıma kredit götürülüb.Bütün kredit müqavilələrinə Dünyamin Xəlilovun göstərişi ilə gedib imza atmışam”-təqsirləndirilən şəxs özünü belə müdafiə etməyə çalışıb.



Həmin layihəyə əsasən 2008-ci ilin yazından etibarən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 saylı ünvanda “Kənan İnşaat” MMC tikinti işlərinə başlayıb. Layihə üzrə həmin ərazidə 18 ədəd 7 mərtəbəli 216 mənzilli yaşayış kompleksinin tikilməsi nəzərdə tutulub.

“Adıma 23.5 milyon manat yazıblar, heç ödəmək fikrim də yoxdur…”

N.Şirinov deyib ki, 2010-cu ilə qədər Beynəlxalq Bankın Zaqatala filalından kredit götürüb: “Nə qədər kredit götürüldüyünü dəqiq xatırlamıram. Əvvəl 300 min, sonra 450-800 min manat kredit götürülüb. Kredit müqaviləsi hazır formada gəlirdi, mən də imzalayırdım. 2010-cu ildən sonra isə Bakıya gəldim”.

Tərəflərin suallarını cavablandıran N.Şirinov bildirib ki, onun əsas işi şirkətə aid olan bütün sənədlərə imza etməkdən, Zaqatala rayonunda tikinti ilə bağlı müəyyən işlərin həll edilməsindən və tikintiyə vaxmağa gəlməli olan şəxsləri qarşılayıb yola salmaqdan ibarət olub: “Beynəlxalq bankdan adıma 23 milyon 53 min manat kredit götürülüb. Məbləğlərin şişirdiləməsi ilə razı deyiləm. İtihamda qeyd edilib ki, 2 milyondan çox şişirdilmə olub, həmin pulları mənimsəmədə təqsirləndirilirəm. Hazırda pulları ödəmək barədə də fikrim yoxdur”.

Hakim təqsirləndiriləni danlayır

Hakimin “sənədlərə Bakıda gəlib qol çəkirdin” sualına N.Şirinov “yox, sənədləri avtobusla rayona göndərirdilər” cavabı verib.

Hakim:

-Bu boyda pul köçürmələridir. Bu, doğum haqqında şəhadətnamə deyil. Sənədlərdə sənin imzan var. Burada sadəlöhvcəsinə danışırsan. Böyük bir kompleks tikilib. , podaratçı sənsən. Sən isə deyirsən ki, sənədləri avtobusla göndəriblər.

N.Şirinov:

-Mən olmasam da başqası qol çəkəcəkdi. Bakıdan gəlib yoxlayırdılar, baxırdılar.

N.Şirinovun dediklərindən belə məlum olub ki, onu Vergilər Nazirliyinin istintaq idarəsinə çağırıblar: “Üç dəfə çağırdılar. Axırda aktı imzaladım”.

Hakimin “Beynəlxalq bankdan kredit götürmək təşəbbüsü kimin ideyası idi” sualına N.Şirinov bütün layihələrə Dünyamin Xəlilovun şəxsən özü rəhbərlik etdiyini, onun məlumatı olmadan heç bir iş görmədiyini, onun göstərişi ilə sənədlərə imza atdığını deyib.



“Cahangir Hacıyevə zəng vurub iş istədim…”

Prosesdə təqsirləndirilən Camal Həsənov də ifadə verib. O, ifadəsində Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və İqtisadiyyat Universitetini bitirdiyini, uzun müddət ərəb ölkələrində işlədiyini, xarici iqtisadi əlaqələrlə məşğul olduğunu göstərib. Həsənovun dediklərindən: “2004-cü ildə işsiz idim. Cahangir Hacıyevi 1990-cı illərdən tanıyıram. Zəng vurub iş istədim. Həmin vaxtlarda “General Construction” MMC-nin rəhbəri Dünyamin Xəlilov idi. O, millət vəkili seçildikdən sonra 2006-cı ilin mart ayında direktor təyin olunmuşam. Yerli və xarici firmalarla danışıqlarda iştirak edirdim. Əsas vəzifəm mal-materialların alınması, gömrük məsələləri, işçilərin fəaliyyətinə nəzarətdən ibarət olub. Maliyyə və kadr məsələlərinə qarışmamışam”.

8 milyondan artıq pulu mənimsəmədə ittiham olunan C.Həsənov özünü təqsirli bilməyib: “Pulların hansı istiqamətə xərclənməsini bulməmişəm, bütün bu məsələlərdən tamamən kənardayam. Özümü təqsirli bilmirəm. Mənim əlim pula dəyməyib, pul mənimsəməmişəm. Formal olaraq direktor olmuşam”.

Dünyamin Xəlilov deyib ki, təhlükəli heç nə yoxdur, imzala getsin

Daha sonra təqsirləndirilən Səlahəddin Qədirov dindirilib. İfadəsində ixtisaca mühəndis olduğunu, bir müddət Moskvada işlədiyini, 2003-cü ildə keçmiş iş yoldaşı Nazim İbrahimovun məsləhəti ilə “General Construction” MMC-yə işə düzəlmək üçün Dünyamin Xəlilovla görüşdüyünü bildirib: “Öz işimdən ayrılıb burada işləməyə başladım. Əvvəl məsləhətçi, sonra menecer, daha sonra isə tikinti departamentinin direktoru təyin olundum”.



2004-cü ilin may ayından etibarən D.Xəlilovun göstərişi ilə “Aygün İnşaat” MMC-nin direktoru təyin edilib. Adıçəkilən müəssisə ilə bağlı bir direktor kimi fəaliyyəti olmadığını, möhürün və ştampın onda olmadığını deyib: “Dünyamin Xəlilov məni yanına çağırıb dedi ki, dövlət sifarişi ilə başqa bir şirkətə müdir təyin edilirəm. Məmin xəbərim olmadan müqavilə təqdim etdilər. Həmin vaxt şirkətin hüquqşünası Əli Axundov da Dünyamin Xəlilovun yanında idi. Dedi ki, təhlükəli heç nə yoxdur. Sənədləri oxumadan imzalamışam”.

S.Qədirov deyir ki, 2005-ci ildə ingilis dilində imzaladığı sənəddən 2015-ci ildə istintaq zamanı xəbər tutub: “Müqavilə ingiliscə idi. Mən ingilis dilini bilmirəm. Amma qol çəkmişəm. Dünyamin Xəlilov o vaxt deyirdi ki, narahat olmayın. 2015-ci ildə vergi istintaqı zamanı Dünyamin Xəlilovun yanına gedib soruşanda yenə də arxayın saldı”.

27 milyon 800 min avro dəyərində pulun mənimsənilməsində ittiham olunan S.Qədirov 2007-ci ildə şirkətin işi ilə əlaqədar Zaqataladan qayıdarkən qəzaya uğradığını deyib. Bildirib ki, il yarım xəstə yatıb. O zamandan bəri hələ xəstədir.

“İki dəfə ürəyimdən əməliyyat olunmuşam. Ağır vəziyyətdə idim. Sənədləri evə gətirirdilər, qol çəkirdiçm. 2015-ci ildə o sənədləri əldə etdim. Dünyamin Xəlilov dedi ki, Dubay layihələrinə yönəlib, mənimsənilməyib. Mən ittihamla özümü təqsirli bilmirəm. Nə banka getmişəm, nə xaricdə olmuşam. Hazır sənədlərə qol çəkmişəm, şirkət mənə məxsus olmayıb. Vəsaitlərin hara xərcləndiyini bilmirəm”-Qədirov bildirib.

Bütün bu ifadələrdən, dindirmələrdən sonra iş gününün sonuna doğru prosesdə fasilə elan olunub.

Prosesdə fasilə elan olunub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə təqsirləndirilən Səlahəddin Qədirov dindirilib.

O, D.Xəlilovun “General Consalting” şirkətinin tikinti deportamentinin rəhbəri olduğunu bildirib: “Dünyamin müəllimin xahişi ilə kredit müqavilələrinə baxmamış qol çəkmişəm. Çünki ona çox inanırdım. Ona görə də heç bir sənədə baxmadım”.

S.Qədirov qeyd edib ki, şirkətdə çalışan zaman Zaqatala və Qusar Olimpiya Kompleksinin tikintisini həyata keçiriblər.

Məhkəmədə elan olunub ki, “Aygün inşşat”la “Olshin strin” şirkəti ilə mal-materialın alınması üçün müqavilə bağlanılıb. Beynəlxalq Bankdan da 27 milyon 800 min manat kredit ayrılıb. Həmin kredit müqavilələrinə də S.Qədirov imza atıb.

Təqsirləndirilən şəxs isə D.Xəlilova inandığını, yalnız onun dediklərinə əməl etdiyini söyləyib: “Mən heç banka da getməmişəm”.

Daha sonra digər təqsirləndirilən Ramin Əhmədov ifadə verib. O deyib ki, D.Cəlilovun şirkətində ölkənin regionlarında olan idman klublarına sponsurluq ediblər: “Zaqatalada “Simurq” futbol klubu, Şəkidə voleybol klublarına yardım edirdik”.

R.Əhmədov bildirib ki, D.Xəlilovun şirkətlərində çalışan zaman sabiq deputatın istəyi ilə bir neçə kredit müqavilələrinə imza atıb: “Mən şirkətin turizim, idman deportamentinin rəhbəri idim. Həm “General Consalting”, həm də “Pərvanə” MMC-nin rəhbər vəzifəsində çalışırdım. Sonra hərbi xidmətə yollandım”.

Məhkəmədə elan olunub ki, R.Əhmədov “Cargill” əməliyyatında iştirak edib. Həmin xarici şirkət “Pərvanə” MMC ilə 36 min soya paxla məhsulu və sosiskaların alınması üçün müqavilə bağlayıb. Bu sənədlərə də o, imza atıb.

İxtisasca hüquqşünas olduğunu söyləyən R.Əhmədov D.Xəlilovun göstərişi ilə müqavilələrə qol çəkdiyini deyib: “Mən bankdan kredit götürməyə belə getməmişəm. Sadəcə sənədləri imzalamışam”.

beynelxalq-bank-binaTəqsirləndirilən Mahir Qafarov ifadə verən zaman vurğulayıb ki, daha əvvəl Şəki şəhər Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. O, daha sonra sığorta şirkətində işlədiyini bildirib: “Cahangir Hacıyev və Dünyamin Xəlilovu yaxından tanıyıram. Hər ikisi Şəkiyə gələndə xəstəxanaya baş çəkirdilər. 2011-ci ildə sığorta şirkəti bağlandı, Cahangir Hacıyevə işlə bağlı müraciət etdim. Sonra Dünyamin Xəlilovla görüşdüm, məni işlə təmin etdi. 2012-ci ildə Şəkidə yerləşən “Greenhel hotel”in müdiri oldum”.

Göz həkimi olmuş M.Qafarov qeyd edib ki, adına Beynəlxalq Bankdan 1 milyon 400 min kredit xətti açılıb: “Bu barədə də 2015-ci ildə istintaq idarəsində bildim. Müavinim Raniz həmin kredit xəttindən 125 min manat bankdan götürüb. Otelin möhrü məndə olmayıb. Bankdan kredit götürüləndə də orada olmamışam. Sənədlərə müavinim imza atıb. Ümumiyyətlə bu kreditin götürülməsindən xəbərim olmayıb”.

Məhkəmədə elan olunub ki, M.Qafarovun müavini Bakıda işləyirmiş.

M.Qafarov bildirib ki, müvini D.Xəlilovun göstərişi ilə kredit sənədlərə imza atıb.

Prosesdə Fəxrəddin Heybətov da dindirilib. Təqsirləndirilən şəxsin sözlərinə görə, D.Xəlilov onu əvvəl “General Consalting”, daha sonra “Unior” şirkətində işlə təmin edib: “Şirkətdə satış meneceri və direktoru əvəzi kimi çalışmışam. 560 manat maaş alırdım. Şirkətin mühasibi Çingiz sənədlər təqdim edirdi, mən də qol çəkirdim. Soruşanda deyirdilər ki, hər şey qanun çərçivəsində həll olunur”.

Dövlət ittihamçısı F.Heybətova suallar verərkən xatırladıb ki, təqsirləndirilən şəxs 10 milyon manatdan çox kredit sənədlərə qol çəkib.

F.Heybətova dəymiş ziyanı ödəmək istədiyini, lakin imkanının olmadığını bildirib.

Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.