Orqan köçürülməsi ilə bağlı qalmaqal yaradan qanun - təfərrüat

15-03-2019, 09:48           
Orqan köçürülməsi ilə bağlı qalmaqal yaradan qanun - təfərrüat
Deputat deyir ki, özəl klinika qanundan kənara çıxaraq hansısa kriminal qrupla əlaqəyə girəcəksə, bunun üçün dövlətin hüquq-mühafizə orqanları var
Yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində bir çox məsələlər öz əksini tapıb ki, onlardan biri də dövlət xəstəxanaları ilə yanaşı, özəl xəstəxanaların da orqan transplantasiyasını həyata keçirməsidir. Bundan başqa, Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı dəqiqləşdirilib.

Qanun layihəsinin 6-cı “Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı” maddəsinə əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Bu qanunla Azərbaycanda ksenotransplantasiya, yəni insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsi, elmi-tədqiqat işləri istisna olmaqla, qadağandır.

Qanunun hazırlanması ümumilikdə müsbət bir hal olsa da, ictimaiyyət özəl klinikalara orqan transplantasiyası ilə bağlı lisenziyanın verilməsi məsələsindən narahatdır. Belə ki, zaman-zaman Azərbaycanda özəl klinikalarla orqan mafiyasının əlbir olması ilə bağlı məlumatlar mətbuatda yayılırdı. Yeni qanundan doğan lisenziya hüququ orqan mafiyası ilə əlaqəsi olan özəl klinikaların kriminal əməllərini yenidən fəallaşdıra bilərmi? Qanunda başqa hansı yeniliklər nəzərdə tutulur?

İctimaiyyəti narahat edən bu sualları Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirdi ki, qanun heç bir xəstəxanaya orqan transplantasiyası ilə məşğul olmağı qadağan etməyəcək: “İstər özəl, istərsə də dövlət klinikası müvafiq icazəni aldıqdan sonra bu işi görəcək. Lisenziya mütləq olmalıdır, hər ikisi lisenziyasız çalışa bilməz. Özəl klinika əgər qanundan kənara çıxaraq hansısa kriminal qrupla əlaqəyə girəcəksə, bunun üçün dövlətin hüquq-mühafizə orqanları var. Onlar qarşısını alacaqlar. Eyni işi dövlət xəstəxanalarında çalışanlar da edə bilərlər, yəni bu məsələdə dövlət, özəl fərqi yoxdur. Qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsində də bu barədə dəyişiklik olacaq, yeni maddə qəbul olunacaq və orqan transplantasiyası işinə nəzarət olacaq. Qanunda da göstərilir ki, Azərbaycanda donor orqanlarının alqışı, satqısı, hətta reklamı belə qadağandır. Cinayət Məcəlləsində də bu qanunun pozulması ilə bağlı yeni maddə olacaq. Bütün dünyada özəl klinikalarda, hətta dövlət klinikalarında da orqan transplantasiyası həyata keçirilir”.

Məsələnin kriminal tərəfinə gəlincə, M. Quliyev bildirdi ki, bu artıq hüquq-mühafizə orqanlarının işidir: “Kriminal hallar varsa, bu, dövlət xəstəxanasında da ola bilər, özəldə də. Özəl olması o demək deyil ki, hamısı kriminal işlərlə məşğuldur”.

Qanunun pozitiv tərəflərinə toxunan deputat bildirdi ki, olduqca önəmli qanundur. Bu qanun meyitdən orqan götürülməsi üçün hüquqi baza yaradır: “Azərbaycanda meyitdən orqan götürülməsi həyata keçirilə bilmir. Bütün dünyada orqan köçürməsinin 85-90 faizi meyitdən alınan donor orqanların hesabına həyata keçirilir. Sağlam insanlardan orqan götürülməsi ancaq təcililik baxımından mümkündür. Əgər uyğun meyit donor tapılmazsa, şəxsin yaxın qohumlarından bəzi icazə verilən orqan transplantasiyaları həyata keçirilə bilər. Biz bu qanunda onu da nəzərdə tutmuşuq ki, qohum olmayan şəxslərdən də donor orqanı götürülə bilsin. Qanunun əsas mahiyyəti də ondan ibarətdir ki, meyitdən orqan götürülməsinin hüquqi əsası yaradılıb. Əgər şəxs sağlığında buna münasibətini bildiribsə, birbaşa götürülür, bildirməyibsə, yaxın qohumlarının qərarı əsasında orqan götürülür. Digər tərəfdən, qanun bu işin koordinasiya olunması üçün bir koordinasiya mərkəzinin yaradılmasının da hüquqi əsaslarını müəyyən edib. Bütün ölkələrdə orqan transplantasiyasının koordinasiya mərkəzi var. Bütün ölkə ərazisində reystrlər yaradılır, harada hansı orqan var, hansı şəhərdə hansı orqanı gözləyən xəstə varsa, onlar arasında əlaqə qurulur və bu iş həyata keçirilir. Qanun orqan transplantasiyası ilə məşğul olan mütəxəssislər transplantoloqlara olan tələbləri, onların vəzifələrini müəyyənləşdirir. Həmçinin orqan transplantasiyasını koordinasiya edən mütəxəssisin vəzifələrini müəyyən edir.

Qanunda bu məsələ ilə bağlı beynəlxalq əlaqələrin necə qurulması məsələsi də nəzərdə tutulub. Ola bilər ki, hansısa orqana təcili tələbat var, lakin o orqan yoxdur, xarici ölkədən alınıb gətirilməlidir. Azərbaycanda hansısa orqan varsa, istifadə olunmursa, onun xarici vətəndaşa verilməsinin hüquqi əsasları yaradılacaq.

Quliyev onu da vurğuladı ki, Azərbaycanda orqan alınıb-satılması bu qanunla yenə də qadağan olunacaq: “Bəzi ölkələrdə orqan bankından orqan almağa, satmağa icazə verilir. Mən isə hesab edirəm ki, qadağan olunması daha düzgündür. Çünki orqan mafiyası ilə bağlı məsələ, orqanın alınması və satılması çirkin bir işdir”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.