Qareginin üsyan çağırışı -
26-04-2024, 10:51
Erməni kilsəsi Paşinyan hakimiyyətinin verdiyi istənilən qərarın əleyhinə çıxır
Bütün ermənilərin katolikosu II Qaregin xalqı hakimiyyətə qarşı birləşməyə çağırıb. II Qaregin erməniləri inam və ümidlərini itirməməyə, çətinliklər qarşısında təslim olmamağa, hakimiyyətə qarşı birləşməyə çağırıb.
Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görürük ki, erməni kilsəsi Ermənistanın qonşuları ilə sülh sazişi imzalanmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilsəsinin mövqeyi daima dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görürük ki, erməni kilsəsi Ermənistanın qonşuları ilə sülh sazişi imzalamasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır.
“Son zamanlar erməni katolikos II Qareginin xalqına etdiyi çağırışlar bir daha göstərdi ki, din xadimi olaraq o, insanları sülhə, barışa deyil, bir daha müharibəyə çağırır. Əslində erməni kilsəsi tarix boyu ermənilərin törətdikləri terror əməllərinə dəstək olub, dini yardım adı ilə ianələr toplayıb terrorçuları maliyyələşdirib”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirib.
Deputat diqqətə çatdırıb ki, belə təhlükəli ideyaların ermənilərin şüurunda kök salmasında diaspordan da çox kilsənin xüsusi rolu var: “Bilirik ki, erməni cəmiyyətinə təsirini məhdudlaşdırmaq niyyəti ilə erməni kilsəsi uzun müddət Paşinyan və onun komandasına müxalifətdə olub. O, Paşinyan hakimiyyəti ilə qətiyyən barışmır və hazırkı Ermənistan hakimiyyətinin verdiyi istənilən qərarın kəskin şəkildə əleyhinə çıxış edir. Hətta əvvəlki hakimiyyətlərdən hansı olmasından asılı olmayaraq, onlara qarşı meylli olduğunu, Qarabağ klanını belə hazırkı hakimiyyətdən üstün tutduğunu da açıqca nümayiş etdirir”.
K.Bayramov vurğulayıb ki, erməni keşişi və onun havadarları xalqını Azərbaycana qarşı müharibəyə çağırmaqla yeni-yeni fəlakətlərə və faciələrə yol açırlar: “Hesab edirəm ki, II Qareginin pozucu fəaliyyəti dünyadakı bütün dini mərkəzlər və din xadimləri tərəfindən qətiyyətlə tənqid olunmalıdır. Çünki erməni din xadimi xalqı sülhə çağırmaqdansa, əksinə, qonşu dövlətlərə qarşı düşmənçiliyə, ədavətə sürükləyir. Baş verə biləcək hər hansı bir münaqişə və faciədə isə ilk növbədə xalq əziyyət çəkəcək. Absurd xəyallarla yaşayan II Qaregin fikirləşməlidir ki, din xadiminin öz xalqını ölümə, fəlakətə səsləməsi heç bir dinə və onun qaydalarına sığmır. Bugünkü ən böyük reallıq ondan ibarətdir ki, Azərbaycan 44 günlük müharibədə qazandığı mükəmməl qələbəsi, bir-birinin ardınca diplomatik qələbələrə imza atması ilə onsuz da həmin o qondarma "miatsum" ideyasını yerlə-yeksan edib. Hayların torpaq iddiaları da, bir vaxtlar işğalda saxladıqları və arzusunda olduqları yeni-yeni ərazilər barədə niyyətləri də birdəfəlik puç oldu. Bu gün erməni kilsəsinin dini liderləri çox yaxşı anlayırlar ki, illərdir əllərində bayraq etdikləri o erməni ideyası artıq yoxdur. Ancaq mənfur xislətindən əl çəkməyərək yenə də xaos, qarışıqlıq, qarşıdurma yaratmaq üçün cəhdlər edir, bir qrup erməni vətəndaşını etiraz aksiyasına cəlb etməklə nəyəsə nail olmağa çalışırlar".
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli vurğuladı ki, son 300 il ərzində ermənilərin Anadoludan Cənubi Qafqaza, indiki İran (Güney Azərbaycan) ərazisindən Orta Asiyayadək həyata keçirdikləri dəhşətli soyqırımı cinayətlərinin, vandalizm aktlarının arxasında, təkcə xristianlığın deyil, bütün dünyəvi dinlərin üz qarası olan erməni kilsəsi dayanır: “Təsadüfi deyil ki, Daşnaksütyun, Qnçaq kimi faşist ideologiyalı təsisatlar, ASALA kimi terror təşkilatları pavlikianlıqdan qriqoryanlığa transformasiya olunmuş erməni kilsəsi tərəfindən verilib. Bütün dinlər irqi ayrı-seçkiliyi inkar etdikləri halda, erməni kilsəsi irqçiliyi ideologiyasının əsas elementinə çevirib. Əslində erməni faşizmi satanizmin kilsə daxilində gizlədilmiş və xristianlığın aşıladığı humanizm dəyərlərinə meydan oxuyan təzahürüdür. "İrqçi inanclılığın" təməlində bütün digər millətlərə qarşı nifrət aşılandığı üçün, bu qanlı ideologiya ən yaxşı halda satanizmlə müqayisə oluna bilər. Qeyd edim ki, tarix boyu xristianlıq ermənilər üçün ultramillətçilik ideyalarının pərdələnməsi üçün vasitə olub və qondarma, mövcud olmayan tarix üzərində tərbiyə olunan radikal erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıblar. Bunu xristianlığa qarşı ən kəskin və hətta düşmən mövqedə dayanan pavlikian təriqətinin məhz ermənilərlə bağlığı da sübuta yetirir. Tarixi faktlar sözügedən təriqətin üzvlərinin təkcə ermənilərin yaşadığı ərazilərdə xristianlığın təbliğ etdiyi dəyərlərə və humanizm prinsiplərinə qarşı savaş açmadıqlarını, xristianlıq əleyhinə çıxış edən bu erməni təriqətinin daha geniş əraziləri öz ağuşuna aldığını sübuta yetirir. Xristianlığa mahiyyət etibarilə heç bir aidiyyəti olmayan bu erməni təriqətin üzvləri Bizans imperatorları tərəfindən “dindənkənar” elan edildikdən sonra Qərbə doğru hərəkət ediblər. Orta əsr Avropasını araşdıran tədqiqatçılar pavlikianlığı Bizansdan Avropaya daşıyan erməni tacirlərinin apardıqları təbliğat nəticəsində bu antixristian təriqətinin təsiri altında boqomil, katar, albiqoy təriqətlərinin yarandığını qeyd edir, bu təriqətlərin çoxsaylı insan ölümünə bais olduğunu bildirirlər. Və eyni zamanda vurğulayırlar ki, XI-XII əsrlərdə albiqoy müharibələri Fransanın cənubunun tamamilə boşalmasına səbəb olub. Kəsəsi, pavlikianlıq da, satanizm də mahiyyət etibarilə Tanrıya asilik, inanclı insanlara nifrət üzərində qurulan cərəyanlardır və ermənilərin antixrist təfəkkürü, özünü vaxtilə işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri cinayətlərdə də büruzə verir. Bu baxımdan ermənilərin katalikosu II Qareginin sülhə qarşı çıxış etməsindən, təfriqəçi çağırışlarından təəccüblənmək lazım deyil. Paşinyanın referendum yolu ilə kilsə və diasporla bağlı konstitusiyadan çıxarmaq istəyinin əsas səbəbləri də hər iki mexanizmin ermənilərin başqa xalqlarla birlikdə sivil bir şəkildə yaşamalarına, bəşəri dəyərlərə, humanizm prinsiplərinə sahiblənmələrinə maneə yaratmalarıdır. Ermənilərin ən böyük düşməni, irçi, ultramillətçi virus mənbəyi də məhz onlardır".