Heç kəs əleyhimə ifadə verməsə də hakim ittiham aktını hökmə köçürüb - Ziya Kazımov üsyan etdi
26-04-2024, 11:47
“Tərtər İşi” çərçivəsində Beyləqanda hərbçilərə işgəncə verməkdə günahlandırılaraq 9 il 6 ay azadlıqdan məhrum edirlən Azərbaycan ordusunun zabiti Ziya Kazımovun apellyasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Ziya Kazımov özünü təqsirli bilmədiyini deyib.
Onun sözlərinə görə, Bakı Hərbi Məhkəməsində araşdırmalar gedəndə verilən ifadələr bir kənarda qalıb: “Baxıram ki, hakim ittiham aktını hökmə köçürüb. Dindirilən zərərçəkmişlər məni işgəncə verilən hərbi hissədə görmədiklərini bildiriblər. Hökmdə məhkəmədə deyilənlərdən əsər-əlamət yoxdur. Zərərçəkənlərin, şahidlərin məhkəmədə mənimlə bağlı dedikləri təhrif olunub”.
Heç kimə işgəncə vermədiyini vurğulayan Z.Kazımov leytenant Adil Sabirlinin ölümündən də danışıb. Deyib ki, həmin vaxt evdə idi, telefon zəngi ilə belə bir hadisənin baş verməsindən xəbər tutub.
“Evdə idim. Zəng elədilər ki, belə bir hadisə var. Durub hərbi hissəyə getdim. Gəlib çatandan sonra general Bəkir Orucova zəng elədim. Süni nəfəs verdim, ürək masajı elədim. Gördüm ki, artıq ölüb”.
Qeyd edək ki, Ziya Kazımov 44 Günlük Vətən Müharibəsinin əsas qəhrəmanlarından biridir.
Dövlət başçısı tərəfindən çoxsaylı orden-medallarla tətltif olunan komandir Hadruta ilk daxil olan zabit kimi yadda qalıb.
Bundan başqa o, Xocalının, Xankəndinin azad olunması üçün keçirilən anti-terror əməliyyatında da iştirak edib.
Xatırladaq ki, 2017-ci ilin mayında Beyləqanda 60-dan çox əsgər və zabit işgəncəyə məruz qalıb. Nəticədə mayın 7-nə keçən gecə leytenant Adil Sabirli həyatını itirib.
Bakı Hərbi Məhkəməsində bu işə baxılarkən, general Orucov çıxışında müdafiə naziri Zakir Həsənovu, ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovu, korpus komandiri Mais Bərxudarovu suçlayıb. Deyib ki, Beyləqandakı hadisələr bu şəxslərin nəzarəti və göstərişi ilə baş verib.