Təbrizdə qadınlara stadiona giriş hüququnun verilməməsinin əsas səbəbi nə ola bilər?
26-04-2024, 12:04
Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoyulmasının əsas səbəbi ilə bağlı müzakirələr davam edir.
İranın rəsmi mediası və hakimiyyət orqanları qadınların Təbrizdəki Səhənd stadionuna yenidən daxil olmasını texniki səbəblərlə izah edirlər. Avtonəqliyyat vasitələrinin təchizatındakı nöqsanlar, qadınlar üçün ayrıca bilet satışı sistemi, marşrutlarda təhlükəsizlik və stadionda tamaşaçıların əmanətlərinin düzgün saxlanılmamsı mediada və rəsmilər tərəfindən bu qərarın qəbul edilməsinə səbəb kimi göstərilir.
Ancaq bunun qadınların stadiona girişinə yenidən qadağa qoyulması ilə əlaqədar başqa səbəblər də irəli sürülür. Bəzi sosial media kanallarında dərc olunan şərhlərlərə görə, Bəsic qüvvələrinin mədrəsə tələblərinin qadınların stadiona buraxılmasına etiraz olaraq, yaydıqları bəyanatı Təbrizdə qadınlara bu haqqın yenidən qadağan olmasında əhəmiyyətli rol oynayan amillərdən biri kimi dəyərləndirilir.
“Mahde-Tamadon” qəzeti çərşənbə gününün sayındakı yaydığı qeyddə bu məsələyə toxunub və bunu vilayətdəki İbrahim Rəisi hökumətinə yaxın olan siyasi qüvvələrin fikir ayrılığı ilə əlaqəli olduğu kimi dəyərləndirib.
Bu qeydə görə, qadınların stadiona daxil olmasına icazənin verilməsi Şərqi Azərbaycan valisi Malik Rəhmətinin səyləri ilə bağlı olub və bu icazənin ləğvini Bəsic qüvvələrinin mədrəsə tələblərinin yaydığı bəyanat və Təbrizin cümə imamının valiyə dəstək verməməsinin və bu məsələdə sakit qalması nəticəsində həyata keçirildiyini hesab edib.
Təbrizdə Bəsic üzvü olan mədrəsə tələbələrinin yaydığı bəyanatın bir hissəsində qeyd olunub ki, “Mərceyi-təqlidlərin qadınların idman stadionlarına daxil olmasına qarşı çıxmasına və bir tərəfdən stadionda lazımi infrastrukturun olmamasına baxmayaraq, Şərqi Azərbaycan valisi qadınların futbol stadionuna daxil olmasına icazə verib”.
Həmin bəyanatda Səhənd stadionunun “bir sıra hicabsız və normaları pozan qadınların parad meydanına çevrildiyi” qeyd olunub və valinin addımı sərt tənqid edilib.
Hazırda Tehran, Ərak, Qəzvin, Ənzəli və İsfahan kimi şəhərlərdə qadınların futbol stadionlarına daxil olmaq haqqı var. Təbrizdə qadınlara bu hüququn digər şəhərlərə nisbətən çox gec verilməsi, rəsmilər tərəfindən infrastrukturun yaradılması və davam edən tikinti işləri olaraq bəyan edilirdi.
Şərqi Azərbaycan İdman və Gənclər İdarəsinin Texniki Direktoru Əta Şərəfşahi yarı-rəsmi İSNA xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, stadion ötən yay əsaslı təmir olunub. Beləliklə, bəzi nöqsanlar olsa da, stadionda ciddi şəkildə infrastruktur çatışmazlığı yoxdur.
O deyib ki, Təbrizdə qadınların yenidən stadiona girişinə qadağa qoyulmasının əsas səbəbi infrastrukturun olmaması deyil, sistemdəki bəzi ifrat qüvvələrin qadınların azadlığı və hüquqlarına qarşı çıxdığı anlaşılır.