“Qozbeli qəbir düzəldər” – Stalin sevimli generalını belə “məzəmmət” edib

25-10-2020, 16:02           
“Qozbeli qəbir düzəldər” –
Müharibələr bir çox hadisələrlə yadda qalır, qələbələr, məğlubiyyətlər, uğurlu və uğursuz hərbi əməliyyatlar, itkilər və s. Müharibə tarixlərində həmçinin sərkərdələr də silinməz izlər qoyurlar. Tarixə nəzər salsaq ayrı-ayrı müharibələrdə yüksək çinli hərbçilərin fərqli xarakterlərinin şahidi olarıq.

Belə hərbçilərdən biri də İkinci dünya müharibəsində, sovet-alman savaşı zamanı öz qeyri-adi xarakteri ilə fərqlənən ordu generalı Aleksandr Qorbatov olub.

Bu həmin generaldır ki, İosif Stalin onun haqqında soyadına uyğun bir ifadə də səsləndirib:

“Qozbeli qəbir düzəldər” (Qorbatova moqila ispravit). Stalin bu ifadəni işlətsə də onun generala münasibəti heç də qəzəbli olmayıb. Əksinə, bu çılğın general onun ən sevimli generallarından biri sayılıb. Hətta bəzən Qorbatovun özündən rütbə və vəzifəcə üstün olanların əmrinə tabe olmamasına haqq qazandırıb. 1941-ci ilin dekabr ayında cənub-qərb cəbhəsində diviziya komandiri Qorbatov cəbhə komandanı Moskalenkonun əmrinə tabe olmayaraq, hərbi əməliyyatda iştirakdan imtina edib. Bununla da o, bütövlükdə tabeliyində olan diviziyanın şəxsi heyətini mühasirəyə düşərək həlak olmaqdan xilas edib. Moskalenko bu haqda birbaşa İosif Stalinə müraciət edib. Stalin həyata keçiriləcək əməliyyat planını nəzərdən keçirib, peşəkarlarla təhlil edib və Qorbatovun əməliyyatdan imtina etməsinə haqq qazandırıb.
Aleksandr Qorbatov 1891-ci ildə Vladimirdə anadan olub. Uşaqlıqdan təhsilə marağı ilə seçilib. Xüsusilə, riyaziyyat fənni üzrə özündən böyüklərdən fərqlənib, istənilən məsələ və misalın həllində hamını qabaqlayıb.



Gələcəyin generalı 1912-ci ildə rus ordusuna hərbi xidmətə çağırılıb. Bununla da o, öz taleyini hərbə bağlayıb. 1919-cu ildə Qızıl orduda xidmətə başlayıb, Vətəndaş müharibəsində iştirak edib. Hərbi təkmilləşdirmə kurslarında və Moskvada Ali Komandirlər Məktəbində təhsil alıb. Peşəkar hərbçi kimi Qorbatov əvvəlcə Türkmənistanda, daha sonra isə Kiyev Hərbi Dairəsində xidmət edib.

1937-ci ildə SSRİ-ni bürüyən repressiya dalğaları Qorbatovdan da yan keçməyib. Generalın adı repressiya siyahısına düşərək həbs edilib. O, antisovet fəaliyyətdə ittiham olunub. Bir il davam edən sorğu-sualdan sonra Qorbatov sərbəst buraxılıb. Amma heç bir il keçməmiş, 1939-cu ildə qara buludlar generalın başının üzərində yenidən görünüb.

Qeyd edək ki, general Qorbatov müharibə illərindən sonra yazdığı “Müharibə və illər” kitabı ilə ilk müəllif olub ki, öz kitabında repressiya hadisələrinə geniş yer ayırıb, o cümlədən, ona qarşı olunan haqsızlıqlar haqqında da ətraflı açıqlamalar verib:

“Birinci dəfə həbs olunduqdan sonra istintaq orqanları mənə qarşı qaldırılan ittihamların heç birini sübuta yetirə bilmədilər. İkinci dəfə yenidən əks-inqilabı fəaliyyətdə və antisovet əməllərdə ittiham olunaraq həbs olundum. Təxminən iki ilə yaxın həbsdə saxlanıldım. Bu müddət ərzində mənə verilən işgəncələri sözlə ifadə etmək mümkün deyil. 3-4 gün dalbadal müstəntiqlər bir-birlərini dəyişərək, məni fasiləsiz olaraq sorğu-suala tuturdular. İşgəncələr o dərəcədə ağır olurdu ki, məni istintaq otağından kameraya xərəklə, yaxud da sürüyərək aparırdılar. Həmin iki il ərzində fəaliyyətimlə bağlı nəinki antisovet əməl, hətta heç bir nöqsan aşkarlanmadı”.

1941-ci ildə Qorbatov yenidən ordu sıralarına bərpa olunub. Müharibə dövründə ayrı-ayrı cəbhə komandanlıqlarında diviziya komandiri kimi xidmətini davam etdirib. Dörd il ərzində o, Stalinin imzası ilə 16 dəfə təşəkkür alıb.


1945-ci ilin iyun ayında Qorbatov Berlinin komendantı təyin edilib. Bir il bu vəzifədə işlədikdən sonra o, Hava Desant Qoşunlarının, Baltikyanı Hərbi Dairəsinin, 3-cü ordunun komandanı vəzifəsində çalışıb.

SSRİ-nin hərbi elitası Aleksandr Qorbatovun xidmətlərini yüksək qiymətləndirib.

Marşal Jukov öz xatirələrində ordu generalı haqqında fikirlərini belə bölüşüb:

“General Qorbatovun özünəməxsus hərbi taktikası olub. Hərbi vəziyyəti düzgün qiymətləndirməyi bacaran general döyüş əməliyyatlarından ən az itki ilə çıxıb. Təsadüfi deyil ki, Qorbatovun komandir olduğu diviziyadan 80 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb...”

Marşal Rokossovski Qorbatovun şəxsi heyətə olan münasibəti haqqında aşağıdakıları qeyd edib:

“Qorbatov general rütbəsi daşısa da, o, özünü həmişə sıravi əsgər sayıb. İstər arxa cəbhədə, istərsə də döyüş əməliyyatı gedən ərazilərdə o, həmişə əsgərlərinin yanında olub, əsgərləri ilə birlikdə nahar edib, eyni kazarmada yatıb, döyüş zamanı eyni səngərdə dayanıb...”

Marşal Vasilevski Qorbatovun xarakteri haqqında maraqlı faktlar açıqlayıb:
“Qorbatov sözünün sahibi idi. Hələ 16 yaşı olanda həmyaşıdlarına söz verib ki, bir daha siqaret çəkməyəcək və bir qədəh də olsa içki içməyəcək. Biz qələbə günü ilə bağlı ziyafətdə onun şərəfinə badə qaldıranda da o, öz sözünün üstündə durdu, içkidən imtina etdi...”
Ömrünün son illərində Aleksandr Qorbatov ciddi yaradıcılıqla məşğul olub, memuarlarını yazıb. Senzura generalın bəzi yazılarına qadağa qoysa da, həmin memuarlar Qorbatovun yazdığı və istədiyi kimi kitab şəklində çap olunub.



Ordu generalı Aleksandr Qorbatov 1973-cü ildə vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.comшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.