Azərbaycanın elm ictimaiyyətinə MÜRACİƏT

25-04-2019, 00:00           
Azərbaycanın elm ictimaiyyətinə MÜRACİƏT
Eldar SABİROĞLU

Bu gün Azərbaycanın elm xadimlərinin adına mükafatların təsis edilməsi haqda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə tanış oldum.

Elmimizin tərəqqisi işinə böyük töhfələr vermiş alimlərimizin əməyinin qiymətləndirilməsi ilə bağlı atılan bu addımı yüksək təqdirəlayiq münasibət kimi qarşılamaq və dəyərləndirmək hər birimizin vətəndaş olaraq mənəvi borcumuzdur. Ölkəmizə qürur gətirən korifey elm xadimlərini başımızın üzərində saxlamalı və onların qədir-qiymətini uca tutmalıyıq. Bu şəxsiyyətlər həm də xalqımızın gələcəyi deməkdir. Buna görə MEA-nın Rəyasət Heyətinin bütün üzvlərinə bir azərbaycanlı olaraq təşəkkürümü ifadə edirəm.

Ancaq ağrıverici bir məsələnin üzərindən sükutla keçə bilmədiyimə görə bu müraciəti yazmalı oldum.

Mümkündür ki, fikrimlə razılaşmayan olsun, hətta elmi sahənin adamı olmadığımı əsas tutub müdaxiləmi yersiz saysınlar. Eybi yox. Amma ölkədə heç bir sahə vətəndaşın üzünə qapadıla bilməz…

Yəqin elmi ictimaiyyət Fərəməz Maqsudovu xatırlamamış deyil. Demək olar ki, onun bütün həyatı Elmlər Akademiyası ilə bağlı olmuş, uzun illər bu elm məbədinə rəhbərlik etmişdir. Saysız-hesabsız yetirmələri olan akademik Maqsudov sanki unudulub, yaddan çıxıb.

Onun elmi sahədəki uğurlarını mütəxəssislər daha yaxşı bilər. Akademiya prezidenti kimi də yəqin xidmətləri az olmayıb. Lakin elə bil bu adlı elm adamı yoxdur. Nə yada salan, nə xatirəsini anmaq üçün kiçik də olsa bir tədbir keçirib ruhunu şad edən var. Ədalətli münasibət deyil. Nəzərə alınsa ki, ailəsi hansı faciəli hadisənin qurbanı olub, bu da indikilərin bir qədər mütəvazi münasibətini tələb edir. Hələ onu demirəm ki, vaxtı ilə Fərəməz Maqsudov bugünkü hakimiyyət üçün hansı fədakarlıqları göstərib. Halbuki, bəzi elm idarəçilərinin az olmayan bir qismi Heydər Əliyevlə düşməncəsinə davranırdı…

Dünya dağılmazdı ki, o mükafatlardan biri də akademik Fərəməz Maqsudovun adına təsis edilsəydi.
Aydındır ki, AMEA bu cür məsələləri razılaşdırmadan icra etmək cürətində deyil. Prezident Aparatında isə Maqsudova rəgbəti olmayanlar bu gün də söz sahibidirlər…шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.