Qurban ərəfəsi: Qiymətlər həm cəlb edir, həm də itələyir

11-08-2019, 01:57           
Qurban ərəfəsi: Qiymətlər həm cəlb edir, həm də itələyir
Nazirlik: "Bayram yarmarkasında qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib"
12-13 avqust tarixlərində ölkəmizdə müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı qeyd ediləcək. Həzrət İbrahim əleyhissəlamın yadigarı olan Qurban bayramı İslam dünyasının ən müqəddəs və şərəfli günlərindəndir.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır.

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.

Sputnik Azərbaycan-ın əməkdaşı Yasamal rayonunda qurbanlıq heyvanların satıldığı bir neçə yerə baş çəkib.

Dabışdığımız satıcılardan biri deyir ki, qurbanlıq heyvanları Beyləqandan gətiriblər: "Qoyunların qiyməti onların çəkisinə uyğun müəyyən olunub. Kiloqramını 12-13 manata satırıq. Qiymətlər 160 manatdan başlayır. 200 manata olan heyvanlar da var".

Digər qurbanlıq satılan yerdə satıcı deyir ki, qoyunun kiloqramını 12 manat 50 qəpikdən satır: "Kiçik heyvanları daha aşağı qiymətə sata bilərik. Qurbanlıq heyvanı alıb aparan da var, burda kəsdirən də var. Heyvanları Beyləqandan gətirmişik".

Başqa bir qurbanlıq heyvanlar satılan yerdə qoyunun kiloqramı 14 manata satılırdı. Alıcılardan qurbanlıq heyvanları alıb aparanlar da, satış yerlərində kəsdirənlər də var idi. Bəzi alıcılar isə 14 manata satılan heyvanların qiymətinin baha olduğunu deyirdilər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan "Kənddən Şəhərə" yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. "Kənddən Şəhərə" satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.