Davosda əldə edilən real nəticələr... - İqtisadçı

25-01-2020, 08:16           
Davosda əldə edilən real nəticələr... - İqtisadçı
Düşünürəm ki, builki forum ölkəmiz üçün olduqca məhsuldar keçdi.

Bu sözləri iqtisadçı Pərviz Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin Davosa səfərinin nəticələri barədə Axar.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün Davos Forumu böyük fürsətlər və imkanlarla zəngindir:

“Davos Forumu dünyanın bir çox inkişaf etmiş ölkələri, onların transmilli şirkətləri, müxtəlif biznesmenlər və investorların bir araya gəldiyi yerdir. Əslində, ölkə başçısının bu forumda iştirakının ən böyük səbəblərindən biri də məhz forumda iştirak edən neft və qeyri-neft şirkətləri, müxtəlif biznesmenlər və investorlarla görüşüb onları ölkəmizə cəlb etməkdir. Prezidentin forumda Azərbaycanın mövcud potensialını, davamlı iqtisadiyyatını iştirakçıların diqqətinə çatdırması vacib bir addımdır. Ölkə başçısının bu addımını xarici şirkət rəhbərlərinə, investorlara və biznesmenlərə ünvanlanmış mesaj kimi xarakterizə etmək olar”.

İqtisadçı Davos Forumunun Azərbaycan üçün uğurlu keçməsindən danışıb:

“Builki forumun ötən illərə nəzərən bizim üçün daha uğurlu keçməsinin ən önəmli səbəbi son zamanlar ölkədə aparılan əsaslı və genişmiqyaslı islahatlardan irəli gəlir. Təbii ki, bu islahatlar da öz növbəsində bir çox dövlətlərin, transmilli şirkətlərin diqqət mərkəzindədir. Məhz Azərbaycandakı davamlı inkişaf və sabitlik dünyanın aparıcı ölkələrinin tanınmış şirkətlərini ölkəmizə yönəldir. Düşünürəm ki, builki forumda “Procter and Gamble Europe” şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsi, Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “Lukoil” şirkəti ilə birgə işləməsi barədə qərar qəbul olunması, “Sighify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunması, “Carlsberg Group” şirkətinin Azərbaycana investisiyalarını artırmaq niyyətində olması, Azərbaycanda sığorta bazarının inkişafı üçün “Sviss Re” şirkəti ilə əməkdaşlıq məsələlərinin müzakirə olunması və başqa razılaşmaların əldə edilməsinin nəticələrini önümüzdəki günlərdə görə biləcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.