Bakıdan möhtəşəm həmlə: Bu xətti aldı

8-08-2020, 00:08           
Bakıdan möhtəşəm həmlə: Bu xətti aldı
Azərbaycan Qara dənizin dibiylə Gürcüstandan gələn fiber optik xəttə nəzarət edən şirkətin – “Kavkaz Onlayn”ın səhmlərinin 49%-ni alıb.

Gürcüstan mətbuatı səhmlərin azərbaycanlı biznesmen, “Neqsol” şirkətinin sahibi Nəsib Həsənov tərəfindən alındığını iddia edib. Mətbuat, həmçinin biznesmenin bunun üçün 61 milyon dollar ödədiyini bildirib.

Bu faktı keçən ay yerli mətbuata şirkətin müşahidə şurasının üzvü Metyu Brayza (ABŞ-ın Azərbaycandakı keçmiş səfiri) da təsdiq edib.

Azərbaycanın bu səhmləri “Kavkaz Onlayn”ın Müşahidə Şurasına daxil olan 5 üzvdən biri olan Xviça Makaçariyadan aldığı müəyyən edilib.

Bu sövdələşmədən az sonra mətbuatda maraqlı məqamlar qeyd olunmağa başlanıb. Belə ki, “Kavkaz Onlayn”ın satışı həyata keçirərkən Gürcüstanın Kommunikasiya üzrə Milli Komissiyasını xəbərdar etmədiyi haqqında informasiyalar yayılıb. Xüsusi olaraq “Elektron kommunikasiyalar haqqında” qanuna istinad edilərək, şirkətlərin öz səhmlərinin beş faizdən çox hissəsini satışa çıxararkən tənzimləyicini xəbərdar etməsi gərəkdiyi vurğulanıb.

Ən maraqlı məqam isə 17 iyulda yaşanıb. Belə ki, Gürcüstan parlamentinin təcili iclası çağırılıb. İclas təşəbbüsü ilə Gürcüstan hökuməti və Gürcüstanın Kommunikasiya üzrə Milli Komissiyası çıxış edib. Nəticədə parlament təcili olaraq hakim Gürcü Arzusu Partiyasının sayəsində “Elektron Kommunikasiyalar haqqında” qanuna dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, tənzimləyici komissiya bundan sonra onun tələblərini icra etməyən şirkətlərə xüsusi idarəçi təyin etmək haqqına sahib olacaq.

Müxalifət hökumətin bu qərarına qəti etiraz edib. “Kavkaz Onlayn” şirkətinə gəlincə isə onun mövqeyini şirkətin baş direktoru Revaz Kopaladze dilə gətirib. O, bu düzəliş sayəsində şirkətə xüsusi idarəçi yox, az qala mülkiyyət sahibinin göndəriləcəyini və onun indiyə qədər heç bir baş direktorda olmayan səlahiyyətlərə sahib olacağını deyib.

Məsələyə “Neqsol Holdinq” də reaksiyasını gecikdirməyib. İyulun 20-də Gürcüstana mətbuatına açıqlama verən holdinqin energetika üzrə müşahidə şurasının üzvü Metyu Brayza bu razılaşmanın pozulması üçün hansısa qanuni düzəlişlərin edilməsinin ciddi suallar yaratdığını söyləyib. O, parlamentin qəbul etdiyi bu tip qərarların Gürcüstanın investisiya cəlbediciliyinə güclü təsir göstərəcəyini qeyd edib.

Azərbaycanın fiber optik xətlə bağlı atdığı addım Ermənistanda da ciddi reaksiya yaradıb. Belə ki, Bakının bu addım sayəsində bütün mühüm dəhlizlərə nəzarəti ələ keçirəcəyi bildirilib. Erməni ekspertlər, xüsusilə, bu həmlə nəticəsində Azərbaycanın TASİM layihəsi üzrə (Qərbi Avropadan Şərqi Asiyaya qədər telekommunikasiya tranziti) işləri sürətləndirəcəyini, beləliklə də Ermənistanın öz tranzit funksiyasını gücləndirməsi planlarına mane olacağını bildiriblər.

Qeyd edək ki, “Kavkaz Onlayn” şirkəti 2015-ci ildə satışa çıxarılıb. Şirkətin satışa çıxarılmasından sonra iki kompaniya ona nəzarət uğrunda mübarizə aparıb. Bunlardan biri Rusiyanın “Bilayn” şirkətinə məxsus “Vimpelkom”, digəri isə Gürcüstanla ABŞ-ın ortaq yaratdığı “Maqtikom” şirkətidir. Azərbaycan “Kavkaz Onlayn”ı almağa 2018-ci ildən cəhd etməyə başlayıb.

“Kavkaz Onlayn” ümumilikdə Avropadan (Varna şəhəri, Bolqarıstan – red.) Gürcüstana (Potiyə – red.) Qara dənizin dibiylə gələn 1200 kilometrlik fiber optik xəttə nəzarət edir. Bunun vasitəsilə Gürcüstan Avropadan gələn interneti Azərbaycan və Ermənistana verir. “Kavkaz Onlayn” Gürcüstanın internet tranzitinin 61%-ni, Ermənistanın 85%-ni, Azərbaycanın isə 50%-ni internetlə təmin edir.

“Neqsol Holdinq” 1990-cı illərin əvvəllərində yaradılıb. Holdinqin təsisçisi Nəsib Həsənovdur. Holdinqin tərkibinə “Nobel Oil Services Limited”, “Nobel Oil E&P Limited”, “Vodafon Ukrayna”, “Bakcell LLC” və “Norm OJSC” şirkətləri daxildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.