''Baxdım, fikirləşdim, zərbə vurdum və əla alındı'' – Filip Ozobiç

5-08-2016, 07:18           
''Baxdım, fikirləşdim, zərbə vurdum və əla alındı'' – Filip Ozobiç
UEFA Avropa Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə (1:1, 1:0) Fransanın “Lill” komandasını keçərək pley-offa yüksələn “Qəbələ”nin evdəki yeganə qolunun müəllifi, xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiç matç başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- İlk olaraq oyun haqqında fikirlərinizi bölüşün...

- Nə deyə bilərəm ki? Düşünürəm ki, çox yaxşı oynadıq. Bu əsas hədəf, əsas uğur deyil. Pley-offu da keçib qrup mərhələsində çıxış etməliyik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Hesab edirəm ki, bu qələbədən sonra qruplara qalmaq şansımız bir az da artdı.

- “Lill” kimi bir klubu geridə qoymaq “Qəbələ” üçün sensasiya hesab oluna bilərmi?

- Əlbəttə, püşk atılanda biz cütün favoriti deyildik. Ancaq göstərdik ki, istənilən rəqibə qarşı yaxşı oynamaq, yaxşı nəticə əldə etmək olar.

- Qol anında zərbədən sonra nə düşündünüz?

- Zərbəni vuran kimi gördüm ki, top qapıya tərəf gedir. Başladım qolu qeyd etməyə.

- Qol olacağına inamın var idi?

- Əlbəttə. Gözləyirdim. Baxdım, fikirləşdim, zərbə vurdum və əla alındı.

- Bəs pley-offda “Qəbələ”dən nə gözləmək olar?

- Gözləyək, görək orda rəqib kimi olacaq. İndidən nəsə demək düzgün olmaz. Ancaq biz yaxşı oynayırıqsa, kimlə oynamağımızdan asılı olmayaraq heç kimdən qorxmağa, çəkinməyə gərək yoxdu.

- Zədələnib oyunu tərk etdiniz. Xəsarət ciddidir?

- Yox, o qədər də ciddi deyil. Zərbə aldım ayağıma, ağrılarım var idi, əvəzlənməyi istədim. Gələn oyunda oynaya biləcəyimi düşünürəm (Apasport.az).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.